Qobustan sakini: Zəlzələ evimi dağıdıb, tikən yoxdur

“Mehriban xanım dinlədi, yanındakı məmurlara tapşırıq verdi, bizə bir telefon nömrəsi verdilər ki, bunun vatsapına yazarsız, sizə köməklik olunacaq, heç o da olmadı”

Source: Foto: Meydan TV


64 yaşlı Adilə Əliyeva məmurlardan şikayətçidir

“Qəzalı evdə qorxa-qorxa yaşayıram. 1 ildir ki, dövlət qurumlarına müraciət edirik, bizə ev tikmirlər”.

Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan 64 yaşlı Adilə Əliyeva Meydan TV-yə danışır ki, ötən il fevralın 7-də baş vermiş zəlzələ nəticəsində yaşadığı ev qəzalı vəziyyətə düşüb, ancaq dövlət ona təzə ev tikməyib. 1 ildir müvafiq qurumlara üz tutsa da, şikayətinə baxan yoxdur.


“Bu ev indi uçar, bu saat uçar”

“Evimiz elə vəziyyətə düşüb ki, təmirlik də deyil. Bu divarı suvaqlayıb deşikləri bağlayırıq, o biri divar aralanır. Evin özülü dağılıb, özülün üstündə ev zorla dayanıb, “indi uçar, bu saat uçar” deyib, canımı dişimə tutub yaşayıram. Bu yaxınlarda gözümdən əməliyyat olunmuşam, özüm də pensiyaçıyam, imkanım yoxdur ki, özüm əl qatım, ev tikim…”

Adilə xanım deyir, zəlzələdən sonra Fövqəladə Hallar Komissiyasının üzvlərini gözləsə də, nə onun, nə də mərhum oğlunun ailəsi yaşayan və zəlzələdən qəzalı vəziyyətə düşmüş digər evə baxış keçirməyiblər. Nəhayət, özü aidiyyəti qurumlara müraciət edib.


“Dedilər, bu ev mütləq sökülməlidir”

“Özüm icra hakimiyyətinə getdim, səs-küy saldım, ondan sonra gəlib baxdılar, dedilər, bu ev mütləq sökülməlidir, təzəsi tikilməlidir, burda yaşamaq təhlükəlidir, dağılar, qalarsan daşların altında… Oğlum zəlzələdən bir az əvvəl dünyasını dəyişmişdi. Zəlzələ vaxtı ondan qalmış ev də dağıldı, özümüz sökdük ki, təzəsini tikək, imkansızlıqdan o da yarımçıq qaldı. Ailəsi hələ də qapılarda qalıb, nəvələrim hər dəfə deyir: “Nənə, evimiz üçün darıxırıq, evimizi istəyirik”. Onsuz da atasız böyüyürlər, bir tərəfdən də evsizlik… Mənim evimdə isə qızımla ikimiz yaşayırıq. Birotaqlı evdir, divarları adamın üstünə gəlir. Bu evi istəmirəm, elə oğlumun evi tikilsin, qızımla mən də onlarla birlikdə o evdə yaşayaq. Axı prezident bu işlərə tez-tez pul ayrıır, məmurlar bizi niyə incidirlər?” – şikayətçi danışır.

image_from_ios.png
“Evin özülü dağılıb, özülün üstündə ev zorla dayanıb”


“Şamaxıda Mehriban xanımla da görüşdük”

Adilə xanım deyir, bir neçə ay əvvəl Birinci vitse-prezident Şamaxıda olarkən onunla da görüşüblər:

“Mehriban xanım dinlədi, yanındakı məmurlara tapşırıq verdi, bizə bir telefon nömrəsi verdilər ki, bunun vatsapına yazarsız, sizə köməklik olunacaq, heç o da olmadı. Axırda da dedilər ki, ümumiyyətlə, Qobustanda zəlzələ olmayıb, öz evinizi özünüz tikin. Halbuki, Şamaxı ilə bizim aramız cəmi 19 kilometrdir, orda baş verən zəlzələnin təsiri bizim kənddəki evlərə də gəlib çatmışdı. Həmin vaxt kənd icra nümayəndəsi sinəsinə döydü ki, bu evi tikdirmək mənlikdir, sökün, hökumətdən tələb edəcəm, tikəcək. Biz də qardaşımın evini söküb qoyduq yerə, o gün – bu gün, düşdük icra nümayəndəsinin dalıyca, dedi, mənlik deyil, mən bacarmadım, gedin, özünüz tələb edin. Hələ yaxşı ki, onun sözünə inanıb öz qaldığımız evi sökmədik”.


Rəsmi qurum: “Qobustanda zəlzələ olmayıb”

Qobustan Rayon İcra Hakimiyyətindən Meydan TV yə bildirilib ki , Adilə Əliyeva quruma müraciət edəndən sonra rayonun fövqəladə hallar komissisiyasına müraciət olunub. Komissiyadan cavab verilib ki Adilə Əliyevanın iddia etdiyi mənzillərin heç biri zəlzələdən zərərçəkmiş tikili kimi qeydiyata alınmayıb. Bu barədə həm Fövqəladə Hallar Komissiyası, həm də icra hakimiyyəti Adilə Əliyevaya rəsmi şəkildə bildirib. Hər iki ev köhnə tikilidir və hələ zəlzələdən əvvəl qəzalı vəziyyətdə olub:

“Həmin ailə müxtəlif qurumlara, o cümlədən vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Hər dəfə araşdırma aparılıb və ailəyə eyni məzmunlu cavab verilib. Ümimiyyətlə 7 fevral zəlzələsi zamanı Qobustanda heç bir evə zərər dəyməyib. Fevralın 5-də Qobustanda yeraltı təkanlar olub, o da güclü olmadığından zərərsiz ötüşüb”.

image_from_ios (2).jpg
Adilə xanım deyir, bir neçə ay əvvəl Birinci vitse-prezident Şamaxıda olarkən onunla da görüşüblər
Ana səhifəBölgəQobustan sakini: Zəlzələ evimi dağıdıb, tikən yoxdur