“Qarabağın işğalı Şuşadan başlanmayıb ki, onun azadlığı ilə bitsin”

“Türkiyə başda olmaqla, müttəfiqlərimizlə iqtisadi, siyasi-diplomatik və hərbi-strateji əməkdaşlığı gücləndirilməliyik”

Source: Facebook


Milli Strateji Düşüncə Mərkəzi müraciət yayıb

“Gəlin razılaşaq ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan tarixi bir hərbi qələbə əldə etdi. 7 rayonumuzun, Şuşa başda olmaqla Qarabağın dağlıq ərazisinin müəyyən hissələrinin işğaldan azad edilməsi, Iranla sərhədlərimizin nəzarətə götürülməsi, Naxçıvan yolunun açılacağının bəyan edilməsi möhtəşəm uğurlardır”.

Bu fikirlər Milli Strateji Düşüncə Mərkəzi (MSDM) siyasi partiyalara, ictimai qurumlara, söz, fikir, əməl sahiblərinə müraciətində qeyd olunub.

Müraciətdə bildirilib ki, İkinci Qarabağ Müharibəsi Azərbaycanda 30 ilə yaxın sürmüş işğal dönəminin doğurduğu məğlubiyyət və aşağılıq duyğusunu qələbə, özünə inam, qürur duyğuları ilə əvəzləyib:

“Ermənistan 10 noyabrda üçlü bəyanatı imzalamaqla məğlubiyyətini etiraf etdi. Lakin bu kapitulyasiya sadəcə və yalnız Azərbaycan qarşısında deyil, Rusiya qarşısında etiraf edildiyi üçün Moskva öz ordusunu Azərbaycan ərazisinə yenidən daxil etməyə nail oldu. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və bəzi digər torpaqlarımız Rusiyanın birbaşa nəzarətinə keçdi. Nəticədə Azərbaycanımızın suverenliyinə ciddi təhdidlər yarandı”.

MSDŞ hesab edir ki, çox böyük uğurlar əldə edilsə də, Qarabağın işğaldan azad edilməsi bitməyib:

“Rusiya "sülhməramlıları"nın Qarabağın bir hissəsində əsas söz sahibi olması, digər tərəfdən, Ermənistan siyasi dairələrinin revanşist bəyanatları, "savaşı deyil, döyüşü" uduzduqlarını iddia etmələri nəzərdən qaçmamalıdır. Əslində, Qarabağın işğalı Şuşadan başlanmayıb ki, Şuşanın azadlığı ilə bitsin. Qarabağın işğalı Xankəndidən başlayıb və Xankəndinin azad edilməsi, bu şəhərimizdə Azərbaycan bayrağının yüksəldilməsi ilə bitəcək. Rusiya ordusu torpaqlarımıza Qarabağı nə Ermənistana vermək üçün, nə də Azərbaycana təqdim etmək üçün gəlib. Moskvanın məqsədi hər iki ölkəni daha çox asılı vəziyyətə salmaq, bölgəyə və dünyaya güc nümayiş etdirməkdir. Əvvəlki "təmas xətti" (Azərbaycan silahlı qüvvələri ilə Ermənistan silahlı qüvvələri arasında) aradan qaldırılsa da, yeni "təmas xətti" (Azərbaycan silahlı qüvvələri ilə Rusiya "sülhməramlılar" arasında) yaranıb. Nəticədə əvvəlki status-kvo aradan qalxsa da, yeni status-kvo formalaşıb. Əgər bu inkarolunmaz gerçəkləri qəbul ediriksə, "nə etməli" sualına da birlikdə cavab tapa bilərik”.

MSDM hesab edir ki, indiki mərhələdə Azərbaycanın əsas hədəfi bir-biri ilə sıx bağlı olan iki məsələni həll etmək-rus ordusunun torpaqlarımızdan çıxarılmasına və bütün ərazilərimiz üzərində dövlətimizin tam suverenliyinə nail olmaqdır:

“Bunun üçün arxayınlaşmamaq, rəqiblərin və onların havadarlarının revanş iddiasında olduqlarını unutmamaq, onların mümkün hərbi addımlarının qarşısını almağa hər an hazır olmaq, bunun üçün ordumuzun daha da güclənməsi, müasir silahlarla təchizatı və döyüş hazırlığının yüksəldilməsini təmin etməliyik. Rusiya “sülhməramlı” güclərinin gerçək işğalçı mahiyyətini xalqa açıqlamaq, onların Qarabağdakı erməni terrorçu qruplaşmalarını ərazimizdən çıxarmamasını, hətta Ermənistandan yeni hərbi qruplaşmaların Qarabağa gətirilməsinə göz yummasını üçtərəfli razılığa zidd olan və Azərbaycana qarşı gizli bir niyyət güdən qəsbkar bir davranış kimi ifşa etməliyik. Qələbəni rəsmiləşdirmək, rəqiblər və onların havadarları tərəfindən qəbul edilməsinə nail olmalıyıq. İşğaldan azad edilmiş torpaqlarımızın etibarlı müdafiəsi şərtilə rekonstruksiyası və məskunlaşmasını təmin etməliyik”.

Təşkilat hesab edir ki, Azərbaycanda vətəndaşın və xalqın azad və ləyaqətli həyatının təmin edilməsi, həmçinin ölkənin dünyada mövqeyinin gücləndirilməsi məqsədilə gerçək islahatlar aparmaq, iqtisadi və siyasi azadlıqları bərqərar etmək, güclü yerli bələdiyyə idarəetmə sistemi, müstəqil parlament və məhkəmə formalaşdırılmalıdır:

“Türkiyə başda olmaqla, müttəfiqlərimizlə iqtisadi, siyasi-diplomatik və hərbi-strateji əməkdaşlığı gücləndirilməliyik”.

Ana səhifəSiyasət“Qarabağın işğalı Şuşadan başlanmayıb ki, onun azadlığı ilə bitsin”