Seymur Həzi

Mənbə: Foto: Meydan TV

Başlıq: Seymur Həzi

Qarabağ yeni təhlükədə

Mərhələli təslimçilik planı işə düşəcək?

Azərbaycanda bir çox hadisə baş verir. Hakimiyyət cəmiyyətin bir hissəsini özünə müxalifət elan edir, o biri hissəsini düşmən adlandırır. Koronavirusla mübarizə çərçivəsində siyasi fəalları və jurnalistləri həbs edir. Ölkə gündəmini tutan bu hadisələrin fonunda səssizcə başqa bir olay cərəyan etməkdədir. Azərbaycanın ən taleyüklü problemi olan Qarabağ problemi ətrafında yeni “canlanma” əslində isə diplomatik intihar baş verməkdədir. Azərbaycan Xarici İşlər Nazirliyi cəmiyyətə heç bir açıqlama vermək məcburiyyəti və məsuliyyəti hiss etməsə də, durum olduqcə təhlükəlidir. Görün Rusiyanın baş diplomatı BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalını təsbit və Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələri haqqqında nələr deyir: “Qəbul edilmiş qətnamələr məlum sənədlərdir. Onlar hərbi əməliyyatların qızğın dövründə qəbul edilib və hər şeydən əvvəl hərbi əməliyyatların tamamilə dayandırılmasını və danışıqlara keçilməsini nəzərdə tutub. Qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqini tapıb. Eyni zamanda, sənədlərdə müharibəni dayandırmaq və danışıqlara keçmək çağırışı da olub”.

Bəs bu gün?

Lavrov demək istəyir ki, o qətnamələr artıq heç bir işə yaramır. O, zamanında tarixi şəraitə görə qəbul edilmiş sənəddir. Orada danışıqlara keçmək çağırışı var, biz də keçmişik danışığa. İndi qəbul etdiyimiz qərarların o qətnamələrə uyması şərt deyil. Biz indi indiki tarixi şəraitə uyğun qərarlar qəbul etməliyik. Nədir indiki tarixi şərait? Torpaqların 20 faizi Ermənistan işğalı altındadır və diplomatik cəhdlər heç bir nəticə vermir. Səbəb? Elə buradan görünür ki, BMT TŞ üzvü olan Rusiya onun qəbul etdiyi qətnaməni ciddiyə almır. O Rusiya həm də danışıqlar prosesində vasitəçilik edən Minsk qurupunda üç həmsədrdən biridir. Sonra isə Lavrov belə davam edir: “O vaxtdan bəri biz dəfələrlə danışıqlara başlamışıq, özü də müxtəlif formatlarda. Amma indi danışıqların Bakı-Yerevan, ATƏT-in Minsk qrupunun üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi formatı müəyyən edilib. Bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılığa gəlmək tələbini təcəssüm etdirən faydalı və yaxşı formatdır”. Bəs ərazi bütövlüyü? Bu barədə BMT-nin qətnamələrindəki tələblər? BMT ədalətimi təmin edir, yoxsa ədalətli, ya ədalətsiz olmasından asılı olmayaraq sakitlikmi yaradır? Burada Lavrov sanki diplomatik təzyiq edirmiş kimi danışır. O demək istəyir ki, biz artıq əvvəlki vəziyyətə qayıda bilmədiyimiz kimi, əvvəlki qaydalara tabe olmaq da istəmirik. Bu isə əslində sülhdən daha çox münaqişənin davamlılığına dəstək verməkdir.

“Mərhələli həll planı” kabusu

Budur, bizə yeni, əslində isə çox köhnə təkliflər var: “Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni Kazan prinsipləri və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya Xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan və hazırda fəal müzakirə olunan layihələr var. Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını təklif edir. Odur ki, bu sənədlərin imzalanması mərhələsinə gələn zaman bunun müharibənin dayandırılmasını və danışıqlar aparılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsində vacib addım olacağına əminəm. İndi isə danışıb razılaşmaq lazımdır və biz də ATƏT-in Minsk qrupunun həmsədrləri kimi buna çalışırıq”. Bu o deməkdir ki, biz uzun illərdir diplomatik dilimizə yeridilən “Dağlıq Qarabağ” inzibati vahidini tanıyacağıq. Bunu tanıdığmız an konstitusiyamızı mübahisələndirəcəyik. Yəni unitarlığımız artıq faktiki olaraq qüvvədən düşmüş olacaq. Mərhələli həll birinci mərhələdə məlum 5 rayonun boşaldılmasını, ikinci addımda Ermənistanın blokadadan çıxarılmasını nəzərdə tutur. “Dağlıq Qarabağ” üçün danışıqlar isə sonrakı mərhələyə qalır. Ancaq konkret hansı formatda, hansı çərçivə prinsiplərlə? Bu, hələ məlum deyil. Bu o deməkdir ki, münaqişə ocağı bir yerdə söndürlüb başqa yerdə yandırılır. Əslində bu siyasət Kremlin bölgəyə yeni mina basdırmaq planıdır. Əsas sual budur ki, bu həll planı detalları barədə Azərbaycan cəmiyyətinə nə zaman müfəssəl məlumat veriləcək? Bəlkə, elə müxalifəti susdurmaq işinin arxasında bu durur? Yəni cəmiyyətin fəal hissəsini qorxudub susdurmaqla hökumət öz işini rahat görmək istəyir? Zaman göstərəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/p1tv01

Ən çox baxılan