Emmelin Pankhörst – qadınlara səsvermə hüququ uğrunda vuruşmuş ilk sufrajist

Rusiyadan qayıdandan sonra o öyrənir ki, qadınlara səsvermə hüququ ideyası, nəhayət ki, reallaşa bilər.

Source: meydan.tv


(İkinci hissə)

Əvvəlcə WSPU (Qadınların Sosial-Siyasi İttifaqı – QSSİ) dinc fəaliyyət formasına üstünlük verir – təşkilatın üzvləri müxtəlif tədbirlərdə çıxış edib qadınlara səsvermə hüququ tələb edir, imzatoplama kampaniyaları, mitinlər, qurultaylar keçirir, “Qadınlar üçün səs” bülletenini dərc edirdi.

Bundan başqa, İttifaq Britaniya parlamentinin sessiyalarıyla eyni vaxtda “Qadın parlamentləri” adlı yığıncaqlar da təşkil edirdi. Parlament qadınlara səsvermə hüququ verməkdən növbəti dəfə imtina edəndə (1905) Emmelin Pankhörst və İttifaqın digər üzvləri parlament binasının qarşısında hay-küylü etiraz aksiyası keçirirlər. Polis dərhal müdaxilə edib etirazçıları ordan qovur, amma onlar təkrar-təkrar yığışıb qanunun qəbulunu tələb edirlər.

Bu taktikaya keçidin bir ili tamam olanda Pankhörst təşkilatın ciddi uğurlar qazandığını deyir: “Nəhayət ki, bizi siyasi təşkilat kimi qəbul etdilər. Biz artıq siyasi burulğanın içində olan siyasi qüvvəyik”.

****

Tezliklə Emmelinin qızları Kristabel, Silviya və Adela da QSSİ-yə üzv olub qadınlara səsvermə hüququ uğrunda mübarizəyə qoşulurlar. Kristabel Liberal Partiyasının 1905-ci il oktyabr mitinqində (polisin üzünə tüpürdüyü üçün), Adela və Silviya bir il sonra parlament binası qarşısındakı aksiyada həbs olunurlar. Emmelini isə ilk dəfə 1908-ci ilin oktyabrında, mitinqin qətnaməsini baş nazirə vermək üçün parlamentin binasına zorla girmək istəyəndə tuturlar və publik şəxsin fəaliyyətinə mane olmaq ittihamıyla 6 həftəlik həbs cəzası verirlər.

Həbsxanada Pankhörst saxlanma şəraitinin pis olmasına (keyfiyyətsiz qida, həşəratlarla dolu təkadamlıq kamera və işgəncə növü kimi tətbiq edilən tam sakitlik) sərt etiraz edir. Ona cəza kəsən hakimə Emmelin məhkəmədə belə demişdi: “Biz ona görə burda deyilik ki, qanun pozmuşuq, ona görə burdayıq ki, qanun yaratmaq istəyirik”.

Öz həbsini qadınlara səsvermə hüququ ideyasının təbliği üçün ən effektli vasitə olaraq görən Emmelin bir il sonra polis zabitinə şillə vurur ki, yenidən həbsxanaya düşsün. Onu sonrakı illərdə də (həm də dəfələrlə) həbs edəcəkdilər.

QSSİ-nin daha bir xarakterik xüsusiyyəti yalnız qadınlara səsvermə hüququ uğrunda mübarizə aparmasıydı. Digər qadın təşkilatları müxtəlif partiyalarla əməkdaşlığa razılıq versələr də, bu qurum sufrajizm ideyasının reallaşmasını özünün əsas məqsədi elan etməyən partiyalara qarşı müxalif mövqe tutur, seçki hüququnda islahatlara razılıq verməyən hakimiyyətin bütün namizədlərinə qarşı kampaniya aparırdı. Bu, QSSİ və Liberal Partiyası arasında ciddi konfliktə gətirib çıxarmışdı – baxmayaraq ki, bu partiyanın ayrı-ayrı üzvləri qadınlara səsvermə hüququ verilməsinin tərəfdarı kimi şıxış edirdilər. O dönəmdə QSSİ-nin hədəfindəki əsas şəxslərdən biri Britaniyanın gələcək baş naziri Uinston Çörçill olmuşdu, hətta rəqiblərindən biri onun parlamentə ara seçkilərdəki məğlubiyyətini “Çörçilli zaman-zaman lağa qoyan o ledilərin xidməti” olaraq qiymətləndirmişdi.

QSSİ-çilər Liberal Partiyasının bir neçə başqa üzvünü də mandatsız qoymuşdu, ona görə də həm liberallar, həm də onların təəssübkeşləri sufrajistlərər qarşı çox qəzəbliydilər. Bir dəfə (yanvar, 1908) partiyanın tərəfdarları küçədə Emmelinə və onun rəfiqəsi Nelli Martelə hücum etmiş; əvvəlcə üzərlərinə lax yumurta və içinə daş qoyulmuş qartopu atmış, sonra da möhkəm döymüşdülər. Həmin hadisə zamanı Pankhörst ayağından ciddi zədə almışdı.

QSSİ leyboristlərlə də qarşıdurma halındaydı və partiya qadınlara səsvermə hüququnu öz əsas prioriteti elan etməyənə qədər bu vəziyyətin dəyişməyəcəyini bəyan etmişdi.

****

Demokratik islahatlar uğrunda mübarizə aparan bu cəsur qadın QSSİ-nin idarəçiliyində avtoritarizmə üstünlük verirdi. Məsələn, 1907-ci ildə təşkilatın illik toplantısında bir qrup qadın sıravi üzvlərin idarəçiliyə cəlb olunması təklifini irəli sürəndə Emmelin nizamnamənin qərarlarla bağlı bölümünün köhnəldiyini deyərək illik toplantıları ləğv etmişdi. Bundan başqa, o, QSSİ-nin fəaliyyətinin seçilmiş üzvlərdən ibarət kiçik tərkibli Komitə tərəfindən koordinasiya edilməsi məsələsini qaldırmış, Komitə onun özü, qızı Kristabel və daha iki nəfərdən təşkil edilmişdi.

İdarəçiliyin bu formasına etiraz edənlər QSSİ-dən ayrılmış, Qadınların Azadlıq Liqası adlı təşkilat yaratmışdı.

Tərcümeyi-halında Emmelin həmin hadisə haqqında bunları yazıb:

“Günlərin birində təşkilatın bir və ya bir neçə üzvü bizim siyasi xəttimizə inanımını itirirsə; kimsə bizim prinsiplərimizi başqalarıyla əvəz etməyi düşünürsə və ya kimsə əlavə qaydalar yaratmaqla bizim işimizi dolaşdırmaq istəyirsə, dərhal İttifaqın üzvlüyündən uzaqlaşdırılır. Avtokratikdirmi? Bəli, elədir. Siz deyə bilərsizki, sufrajist təşkilatı demokratik olmalıdır, amma QSSİ-dəki qadınlar bununla razılaşmazlar. Biz tipik sufrajist təşkilatın effektliyinə inanmırıq. QSSİ öz işini qarışıq və mürəkkəb qaydalara əsasən qurmur. Bizim nizamnaməmiz və daxili nizam-intizam qaydalarımız yoxdur. İllik toplantıda qaydalar dəyişdirilə və ya təkmilləşdirilə bilməz. QSSİ – sadəcə döyüş meydanındakı qadınlar ordusudur”.

****

1908-ci ildə QSSİ-nin fərqləndirici simvolları yaradılır. Emmelin sufrajizmi üç rəngin vəhdətində ifadə edir: bənövşəyi (sədaqət), ağ (təmizlik) və yaşıl (ümid). Bir müddət sonra bu üçlük şlyapalarda, broşlarda, kəmərlərdə, məşhur univermaqların vitrinlərindəki bantlarda yer alır . QSSİ-nin nişanını gəzdirmək böyük şərəf hesab olunur. Bundan başqa, təşkilatın simvoluyla bəzədilmiş paltarlar, alt paltarları, çantalar, ayaqqabılar və ətirlər istehsal edilir.

Emmelin Pankhörstün başlatdığı sufrajist hərəkatının getdikcə daha çox populyarlaşdığını göstərən hadisələrdən biri qadınlara səsvermə hüququ tələb edən 500 min təəssübkeşin 21 iyun 1908-ci ildə Londonun məşhur Hayd-parkına toplanması olur. Amma hakimiyyət onların tələbinə heç bir reaksiya vermir və bu, QSSİ üzvlərinin daha da radikallaşmasına gətirib çıxarır. Aksiyadan bir qədər sonra 12 qadın Parlament küçəsinə toplaşıb şüarlar səsləndirməyə başlayır, polis zabitləri onların bir neçəsini tutub yaxınlıqda olayı müşahidə edən rəqiblərinə təslim edirlərlər. Polisin davranışından qəzəblənən iki qadın – Edit Nyu və Meri Li baş nazirin yaşadığı küçəyə gedib onun evinin pəncərələrini daşlayır. Onda onlar bunu öz təşəbbüsləriylə etdiklərini demişdilər. Amma Emmelin onların dəstəkləmiş, qadınları iki aylıq həbslə cəzalandıran məhkəmədə çıxış edib demişdi ki, Britaniyada insan haqlarıyla mübarizədə belə üsullardan istifadə etmiş kişilər də az olmayıb.

65176.jpg
Emmelin Pankhörst

Sonrakı il QSSİ üzvləri daha bir mübarizə üsuluna əl atırlar – Merion Uolles Danlol həbsxanadakı saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayır, tezliklə daha 14 qadın aksiyaya qoşulur. Bu xəbər tezliklə bütün ölkəyə yayılır. Həbsaxanalarda onları məcburi şəkildə yedizdirməyə başlayırlar və bunu çox kobud üsulla – açıq qalması üçün ağıza dəmir qurğu yerləşdirməklə edirlər.

QSSİ-nin yeni mübarizə üsulu Sufrajist Qadın Cəmiyyətləri Milli İttifaıqnda (SQCMİ) təmsil olunan qeyri-radikal təşkilatların narazılığına səbəb olur. Birliyin lideri – əvvəllər cəsarətlərinə və ümumi işə sədaqətlərinə görə QSSİ-çilərə münasibəti yaxşı olan Millissent Fosset bəyan edir ki, aclıq aksiyası publik hoqqadan başqa bir şey deyil və döyüşkən sufrajistlər digərlərinin Nümayəndələr Palatasında uğur azanmağa mane olan ən böyük maneədirlər. Buna görə SQCMİ qadın təşkilatların təşkil etdiyi birgə yürüşə qatılmaqdan da imtina edir.

QSSi-nin mübarizə metodlarına cəmiyyətin münasibətilyə o dövrün mətbuatında ikili rəylər var – həm Emmelinin dəstəkləndiyi və mitinqlərdəki çıxışları zamanı qadınlardan müsbət reaksiyalar gördüyü, həm də pəncərə şüşələrinin daşlanmasının ictimaiyyətdə qəzəb doğurduğu yazırdı.

****

Emmelinin şəxsi həyatı da problemsiz deyildi – ailə maddi sıxıntılar içində yaşayırdı. Amma bu vəziyyət Pankhörstün inqilabçı ruhunu təsir etmir, o, elə hey çalışır, çalışırdı. Mançesterdəki evini satandan sonra Emmelin bir neçə il (1905-1910) gəzəri həyat yaşayır – gah dostlarının evində, gah da mehmanxalarda qala-qala müxtəlif bölgələrdə mitinqlər, nümayişlər təşkil edir, həmin aksiyalarda çıxış edərək sufrajizm ideyasının təbliğatıyla məşğul olur.

Belə həyat tərzi Emmelinlə övladları arasında əlaqələri zəiflədir. O, sufrajizmin təbliği üçün Amerikaya yola düşmək ərəfəsindəykən oğlu Henri iflic olur (onurğa beyninin iltihabı nəticəsində). Amma Pankhörst səfərini təxirə salmır və geri dönəndən az sonra oğlu fəvat edir. Birinci oğlunu hələ balacaykən itirən və bundan çox sarsılan Emmelin üçün yəqin ki, bu itki də ağır zərbəydi, amma Henrini dəfn edəndən sonra (10 yanvar, 1910) o, Mançestrdəki mitinqdə çıxış etməyə də özündə güc tapa bilmişdi və ora onun danışmasına mane olmağa gəlmiş liberallar Emmelinin çıxışını sükut içində dinləmişdilər.

Həmin il liberallardan biri – jurnalist Henri Breylsford qadınlara səsvermə hüququyla bağlı Razılaşdırma Komissiyasının yaradılmasına kömək edir, komissiyanın hazırladığı qanun layihəsinin parlamentdə müzakirəsinə qədər QSSİ bir sıra aqressiv aksiyalarını təxirə salır. Amma layihə yetəri qədər səs almadığı üçün geri qaytarılır, Pankhörst və tərəfdarları yenidən etiraz yürüşünə çıxırlar (18 noyabr).

Daxili işlər naziri Uinston Çörçillin təlimatına əsasən polis sufrajistlərə qarşı xüsusi qəddarlıqla davranır – yumruqlayır, sərt şəkildə qollarını burur (Bu günü Britaniya tarixində “qara cümə” adlamndırırlar). Emmelinin parlament binasına daxil ola bilsə də, baş nazir onu qəbul etmir.

Sonrakı iki il ərzində layihə bir neçə dəfə də parlamentə təqdim edildiyi üçün QSSİ “döyüş” aksiyalarını təxirə salır. 1912-ci ilin mayında layihənin yenə keçməyəci xəbəri yayılır, sufrajistlər yenə küçələrə çıxıb pəncərələri qırmağa başlayırlar. Şəxsi mülkiyyətə dəyən ziyan bu dəfə o qədər böyük olur ki, polis QSSİ-nin ofisinə basqın edib oranı dağıdır, Pankhörstü və daha bir qadını həbs edir. Təşkilatın baş koordinatoru olan Kristabeli ələ keçirmək mümkün olmur – o, Parisə qaçmağa fürsət tapmışdı və bir müddət işləri ordan idarə edəcəkdi.

Salındığı Holluey həbsxanasında Emmelin saxlanma şəraitinin yaxşılaşdırılması tələbiylə özünün ilk aclıq aksiyasını keçirir. Məcburi yedizdirməylə bağlı yaşadığı şoku o, avtobiqorafiyasında belə təsvir edir:

“Holluey dəhşət və işgəncə yerinə çevrilmişdi. Günün hər saatında biabırçı zorakılıq halları baş verirdi. Həkimlər bir kameradan o birinə keçib öz çirkin missiyalarını yerinə yetirirdilər. Mən o çığırtı səslərini eşitdikcə keçirdiyim əzabı heç vaxt unutmayacam”.

Həkimlər bir gün Pankhörstün kamerasına da gəlirlər. Qapı açılanda o, kameradakı gil qabı əlinə alıb onu yaxına gələnin başına vuracağını deyir. Aclığı dayandırmasa da, bu hadisədən sonra Emmelini məcbur yedizdirməyə cəhd etmirlər.

Həm onda, həm də sonrakı həbslər zamanı aclıqdan halı pisləşən Emmelini (o cümlədən, digər sufrajistləri) vaxtından əvvəl azad edirlər. Bu prosesi nizamlamaq üçün hökumət “Səhhətindəki problemlərə görə müvəqqəti azad etmə” adlı (daha çox “siçan-pişik” qanununu kimi tanınan) qanun qəbul edir, vəziyyətləri yaxşılaşan kimi sufrajistləri yenidən tutub həbsxanaya gətirirlər. Emmelini mitinq və yürüşlərdəki çıxışlarına görə də həbs edirdilər. Buna görə də o, aksiyalardan sonra bəzən paltarını dəyişib başqa obrazda görünmək məcburiyyətində qalırdı. Nəhayət, QSSİ Pankhörstü polislərdən qorumaq üçün xüsusi təlim keçmiş qadın qrupu yaratmaq qərarına gəlir və sonrakı yaxalamalar bu qrupla polis arasında toqquşmalarla müşayət olunur.

****

1912-ci ildə bu təşkilat qadınlar üçün səsvermə hüququna nail olmaq məqsədilə yeni üsula – yanğınlara əl atır. Kristabelin təşkil etdiyi ümummilli kampaniya “Dağıdıcı sufrajist” adlandırılır. O, yeni taktikanın vacibliyini belə əsaslandırır:

“Kişilər öz şəxsi məqsədləri üçün partlayıcı maddələrdən və bombalardan istifadə edib bunun adını müharibə qoyurlarsa, niyə qadınlar həmin silahlardan istifadə etməsinlər ki? Biz təkcə müharibə elan etməmişik, biz inqilab uğrunda vuruşuruq”.

İki il ərzində QSSİ üzvləri bir neçə yerdə – Ricents-parkın bufetində, Kraliyyət parkında, vaqonlarda, statik poçt yeşiklərində yanğınlar törədirlər. Emmenil özünün və qızının həmin hadisələrdə iştirak etmədiyini bildirsə də, yeni taktikanı dəstəklədiyini deyir.

Təşkilatın üzvləri bir sıra başqa aqressiv aksiyalar da reallaşdırırlar: baş nazir Dublindəki Kraliyyət teatrında olanda benzin və barıt qarşığından hazırlanmış maddəylə orda zəif güclü partlayış törədirlər, elə həmin gün onun və Dublin merinin olduğu ekipaja üstündə “Qadınlara səsvermə hüququ” yazılmış kiçik balta atırlar, bu sözləri kimyəvi turşuyla Londonda parlament üzvlərinin qolf meydançasına yazırlar, Meri Riçardson adlı sufrajist Pankhörstün həbsinə (1914) etiraz olaraq Velaskesin “Güzgülü Venera” tablosunu bir neçə yerdən kəsir.

Amma “döyüş” taktikası bir neçə vacib QSSİ üzvünün, o cümlədən, Emmelinin qızı Adelanın təşkilatdan ayrılmasına gətirib çıxarır (Az sonra Adela Avstraliyaya gedir və ana və bala bir də heç vaxt görüşmürlər).

Bundan bir qədər əvvəlsə Silviya QSSİ-ni tərk etmişdi. Daha doğrusu, sosialistlərin mitinqində çıxış etdiyi üçün onu anasının razılığıyla Kristabel təşkilatdan çıxarmışdı. Silviya 1931-ci ildə dərc etdirdiyi “Sufrajist hərəkatı” (“The Suffrage Movement”) kitabında yazacaqdı ki, “Özümü ürəyimin ən dərin yerinə qədər yaralanmış hiss edirdim. Olmayan düşmənlə vuruşanda dostun arxadan zərbəsi adamı necə yaralayarsa, o cür”.

****

Amerikaya növbəti səfərində – Hartforddakı (Konnektikut ştatı) çıxışı zamanı Emmelin Pankhörst öz mübarizə düsturunu belə tərif edir:

“Vacib bir şey uğrunda mübarizə aparanda hamıdan çox siz hay-küy salmalısız, hamıdan çox siz zəhlə tökməlisiz və hamıdan çox siz fəaliyyət göstərməlisiz”.

Amma cəmi bir il sonra – Birincu dünya müharibəsi başlayanda o, könüllü olaraq bütün bunlardan vaz keçir. Emmelin müharibə şəraitində Britaniya hökumətinə qarşı “döyüşməyi” doğru hesab etmir və QSSİ üzvlərini inandırır ki, müharibə bitənə qədər aksiyaları təxirə salmaq lazımdır:

“Zamanı gələndə biz mübarizəmizi bərpa edəcəyik. Ancaq indi ümumi düşmənimizə qalib gəlmək üçün əlimizdən gələni etməliyik. Səs verməyə ölkəmiz olmasa, səsvermə uğrunda mübarizəmizin nə faydası olacaq?” Pasifist mövqeli Silviya və Adeladan, o cümlədədn, QSSİ-nin bəzi üzvlərindın fərqli olaraq Kristabel bu məsələdə ona tam dəstək verir. Təşkilatda növbəti dəfə parçalanma baş verir, QSSİ-dən ayrılanlar iki qrupa bölünüb iki təşkilat yaradırlar – QSSİS (QSSİ Sufrajistləri) və QMSSİ-ni (Qadınların Müstəqil Sosial-Siyasi İttifaqı).

Az sonra QSSİ və hakimiyyət arasında “atəşkəs” əldə olunur, təşkilatın həbsdə olan üzvləri azad edilir. Emmelin kişiləri müharibəyə gedib vuruşmağa, Britaniya hökumətini “alman təhlükəsinə qarşı” müttəfiqlərinə dəstək verməyə çağırır.

O,sufrajizmin təbliğatıyla necə böyük enerji və ilhamla məşğul olmuşdusa, müharibədə hökumətə dəstək üçün də eyni həvəslə çalışırdı. Dayanmadan ölkə boyu səyahət edir, kütləvi tədbirlər təşkil edir, müharibəyə gedəm kişilərin yerini doldurmaq üçün qadınların əmək fəaliyyətinə cəlb olunmasını ideyasını yayırdı. Emmelin “müharibə uşaqlarına” – ataları müharibəyə gedəndən sonra doğulan körpələrə və onların analarına yardım üçün də xeyli iş görürdü, hətta ehtiyacı olanlar üşün uşaq evi də açmışdı.

Bəziləri nikahdankənar uşaqların valideynlərinə də kömək etdiyinə görə Emmelini tənqid edəndə, o, uşaqların rifahının hər şeydən öndə gəldiyini deyib bu yöndə fəaliyyətini davam etdirmiş; maddi problemlər üzündən uşaq evini kraliyyət ailəsinin nümayəndəsi şahzadə Alisanın himayəsinə verəndən sonra ordan övladlığa 4 uşaq götürmüşdü (Uzun illərdən sonra Pankhörst, nəhayət ki, Londonda daimi yaşamağa başlamışdı).

57 yaşında və daimi gəliri olmadan buna necə cəsarət etdiyini soruşan birinə Emmelin belə cavab vermişdidi: “Əziz dostum, mən 40 uşaq götürmədiyimə təəccüblənirəm”.

****

1916-cı ildə Pankhörst Serbiyanın keşmiş dövlət katibi Çedomil Miyatovişlə birlikdə Şimali Amerikaya gedir, ABŞ-da və Kanadada olur; Serbiya üçün vəsait toplamaqla yanaşı, ABŞ hökumətini Britaniya və müttəfiqlərini dəstəkləməyə səsləyir. İki il sonra Amerika müharibyə qatılanda yenidən bu ölkəyə qayıdıb yerli sufrajistləri aktiv etiraz aksiyalarından çəkilib federal hökumətə dəstək verməyə təşviq edir.

1917-ci ildə Rusiyaya yollanan Emmelin o ölkədəki mitinqlərin birində belə deyir:

“Mən Petroqrada ingilis xalqının rus xalqına dualarını gətirib gəlmişəm – siz sivilizasiyanın və azalığın taleyini həll edən bu müharibəni davam etdirə biləsiz deyə”.

Amma onun baş nazir Aleksandr Kerenskiylə görüşü uğursuz alınır. Görüşün sonunda Kerenski Emmelinə deyir ki, ingilis qadınların rus qadınlarına öyrədə biləcəyi bir şey yoxdur. Sonralar “Nyu-York Tayms” qəzetinı verdiyi müsahibədə Pankhörst onu “zəmanəmizin ən böyük fırıldaqçısı” adlandırmış və demişdi ki, Kerenski hökuməti “sivil dünyanı məhv edə bilərdi”.

Rusiyadan qayıdandan sonra o öyrənir ki, qadınlara səsvermə hüququ ideyası, nəhayət ki, reallaşa bilər.

Beləliklə, müharibənin bitməsinə 9 ay qalmış (fevral, 1918) Britaniya parlamenti “Xalqın təmsilçiliyi haqqında qanun” qəbul edib 30 yaşdan yuxarı qadınlara (bəzi məhdudiyyətlərlə) səsvermə hüququ tanıyır. İlk və şərtli addım olmasına baxmayaraq Pankhörst bunu qadınlar üçün qələbə hesab edir.

Onun “döyüş” taktikasının bu məsələdə müsbət, yoxsa mənfi rol oynadığı barədə fikirlər fərqlidir. Bəziləri hesab edir ki, QSSİ-nin təşkil və iştirsk etdiyi zorakılıq aksiyaları isteblişmenti problemin həllinə daha həvəssiz yanaşmağa sövq edib, bəzilərisə əksinə, həmin aksiyaların sufrajist hərəkatının nüfuzunu artırdığını və 1918-ci ildə qadınlara səsvermə hüququ qazandırdığını düşünür. Mübahisəsiz olan budur ki, Emmelin Pankhörst qadınların kişilərlə eyni hüquqlara malik olması ideyasının populyarlaşmasında böyük xidmətləri olan insanlardan biridir.

1926-cı ildə o, Mühafizəkarlar Partiyasına daxil olur. Əvvəllər leyboristləri dəstəkləyən Emmelinin seçimi çoxları tərəfindən təəccüblə qarşılanır. Qadın onlara belə cavab verir:

“Müharibə illərindəki təcrübəm və Atlantik okeanının o tayına səyahətim mənim həyata baxışlarımı köklü surətdə dəyişdi”.

Bir il sonra o, parlament seçkilərinə qatılır, amma Silviyanın nikahdankənar uşaq dünyaya gətirməsi xəbərinin dərci böyük qalmaqal yaratdığı üçün parlamentə düşə bilmir. Ömrünün son illərini qocalar evində keçirən Emmelin Pankhörst 1928-ci ildə (69 yaşında) vəfat edir və Britaniyanın tanınmış şəxslərinin basdırıldığı Brompton qəbiristanlığında dəfn olunur.

Ana səhifəXəbərlərEmmelin Pankhörst – qadınlara səsvermə hüququ uğrunda vuruşmuş ilk sufrajist