Paşinyan: Azərbaycanın aqressiv ritorikası səbəbindən regionda sülh atmosferi yaradılmayıb

Siyasi şərhçi: ”Nikol Paşinyanın icmalarla bağlı dedikləri doğru deyil”

Source:
Ermənistanın Baş naziri Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan


Siyasi şərhçi: ”Nikol Paşinyanın icmalarla bağlı dedikləri doğru deyil”

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 12-də parlamentdə çıxış edib. Baş nazir deyib ki, əgər Azərbaycan öz xalqını müharibəyə hazırlayırsa, Ermənistanın da reaksiyası eyni olmalıdır.

Baş nazir Azərbaycanı daha çox məsələnin hərbi yolla həllinə meylli olmaqda suçlayıb:

“Erməni tərəfi Qarabağ münaqişəsinin həllini dinc yolda görür, ancaq bu, o demək deyil ki, Ermənistan müharibəyə hazır olmamalıdır. Dinc nizamlanma üçün öncə sülh atmosferi yaratmaq lazımdır. Bu gün Azərbaycanın aqressiv ritorikası səbəbindən regionda sülh atmosferi yaradılmayıb. Əgər biz Azərbaycanın öz ritorikasına son qoymasını gözləyiriksə, təbii ki, biz də öz tərəfimizdən qeyri-aqressiv mövqeyimizi göstərməliyik”.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak etməlidir. Lakin Azərbaycan danışıqlara Qarabağın azərbaycanlı icmasının da daxil edilməsini təklif edir.

Paşinyanın sözlərinə görə, Azərbaycan icmasının maraqlarını Azərbaycan hakimiyyəti təmsil edir, onlar isə hər zaman danışıqlarda iştirak ediblər.

“Bizim hökumət bəyan edir ki, onun Qarabağ xalqını təmsil etmək üçün mandatı və səlahiyyəti yoxdur, çünki Qarabağ Ermənistan hakimiyyətinə belə mandat verməyib.

Siyasi icmalçı Hikmət Hacızadə Meydan TV-yə Baş nazir Nikol Paşinyanın çıxışında hər hansı yenilik görmədiyini bildirib:

Hikmət Hacızadə
Hikmət Hacızadə

“Düzdür, bir az səmimi danışıb, ancaq çıxış daha çox məsləhətləşməyə oxşayır. Yeni heç nə deməyib, İlham Əliyevlə arasındakı danışıqları parlamentə çatdırıb ki, informasiyanız olsun və məsuliyyət daşıyın”.

Avropada mühacir həyatı yaşayan Rauf Mirqədirov hesab edir ki, Baş nazirin 12 fevral çıxışı Ermənistanın mövqeyini davam etdirməsi deməkdir:

“Çıxış sülhpərvər ritorikada olsa da, işğalın və birinci Qarabağ müharibəsinin nəticələrini hüquqiləşdirməyə yönəlib. Ermənistan daim bu ritorikadan istifadə edib. Bu məsələnin iki tərəfi var: birinci, qısa müddətdə ölkədə milli-vətənpərvərlik ruhunu möhkəmləndirə bilərsən, əhalinin neqativ hallara diqqətini yayındırarsan, lakin gerçək nəticələr əldə olunmasa, məsələnin ikinci tərəfi işə düşür. Yəni insanları müharibəyə göndərirsən və heç nə əldə edilmir. Əslində, son 30 ildə hakimiyyət dəyişikliklərinin əsası bundan ibarətdir. Xocalı faciəsi Mütəllibovun hakimiyyətinə son qoydu, AXC hakimiyyəti zamanı Azərbaycan qoşunları Xankəndinin həndəvərində dayanmışdılar, amma Kəlbəcərin işğalıya mənzərə dəyişdi. Heydər Əliyev hakimiyyətinin ilk dövründə məğlubiyyətlər seriyası olsa da, günahları AXC hakimiyyətinin üzərinə yıxdı. 1994-cü ildən sonra böyük müharibə olmayıb, xırda qələbələri geniş mənada böyük qələbə sayırlar”.

R.Mirqədirov bildirib ki, Paşinyanın ritorikası yeni heç nə demir:

“Azərbaycana xitabən deyir ki, ritorikanı dəyişin. Amma bu ritorika gerçəkliyi əks etdirmir. Baxın, Yaponiya-Rusiya arasında diplomatik münasibətlər olsa da, sülh sazişi yoxdur. İspaniya ilə İngiltərə NATO üzvüdürlər, müttəfiqdirlər, amma 70 ildən çoxdur Cəbəllütariq problem var. Yəni sülh atmosferinin yaranması ərazi münaqişələrinin həllində aparıcı amil deyil”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Siyasi icmalçı qeyd edib ki, Nikol Paşinyanın icmalarla bağlı dedikləri doğru deyil:

“Hüquqi baxımdan yalan odur ki, Dağlıq Qarabağ tanınmamış müstəqil dövlətdir və Ermənistan onlardan danışıq üçün heç bir mandat almayıb. Məsələ ondadır ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində birmənalı şəkildə Dağlıq Qarabağın Ermənistana daxil olması barədə qətnaməsini tanıdığı bildirilib. Bu, artıq Ermənistan dövlətinin Dağlıq Qarabağı ilhaqı deməkdir. Azərbaycan diplomatiyasının ən zəif yeri məsələnin bu tərəfini danışıqlara çıxartmamasıdır. İkinci, Paşinyanın icmalar barədə dedikləri gerçək baxımdan ona görə yalandır ki, Dağlıq Qarabağın büdcəsinin böyük hissəsini Yerevan verir. Ermənistanın iqtisadi və hərbi dəstəyi olmasa, separatçılar yaşaya bilməz. İndi sual yaranır; Paşinyan Dağlıq Qarabağı danışıqlarda təmsil edə bilmərik deyir, o zaman niyə danışıqlara gəlirsən, nə üçün imtina etmirsən? Axı cənab Baş nazir hansı mandatla danışıqlarda iştirak edir? Problem ondadır ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllinin və danışıqlarını aparılması üçün aydın konsepsiyasını irəli sürməyib. Rəsmi Bakı açıq şəkildə deməlidir ki, ortada ilhaq var, ona görə məsələ dövlətlərarası müstəvidə həll edilməlidir. Yəni ətraf rayonların işğalı aradan qaldırılır, Qarabağın erməni əhalisinin təhlükəsizliyi təmin olunur, bundan sonra statusu Yerevanla yox, yerli ermənilərlə müzakirə etmək olar. Çünki statusun Ermənistanla müzakirəsi Dağlıq Qarabağın şərikli torpaq olduğunun və Yerevanın daxili işlərimizə müdaxiləsinin etirafıdır”.


Xatırlatma

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəAnalitikaPaşinyan: Azərbaycanın aqressiv ritorikası səbəbindən regionda sülh atmosferi yaradılmayıb