“Palmali” məhkəmədə SOCAR-a uduzdu

SOCAR-dan verilən məlumata görə, qərar London Dəniz Arbitrləri Assosiasiyasının şərtləri altında SOCAR qrupunun lehinə olub.

Source: Foto: arxiv


Arbitraj məhkəməsi qərarını açıqlayıb

Uzun müddətdir ki, Londonda Beynəlxalq Atbitraj Məhkəməsində SOCAR və “Palmali” şirkəti arasında çəkişmə gedir. Bugünlərdə həmin mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb.

SOCAR-dan verilən məlumata görə, qərar London Dəniz Arbitrləri Assosiasiyasının şərtləri altında SOCAR qrupunun lehinə olub. Söhbət təxminən 63 milyon dollarlıq zərərin “Palmali” şirkəti və onun rəhbəri Mübariz Mənsimov tərəfindən ödənilməsi haqda qərardan gedir. Faiz, hüquqi xərclər də bu məbləğə daxildir.

“Palmali”nin SOCAR-a qarşı iddiası isə rədd edilib.

SOCAR iddia edir ki, “Palmali” kommersiya münasibətlərində öz öhdəliklərini pozub. Ona görə də şirkətə qarşı üç iddia qaldırılıb. Bu, ikinci iddia üzrə çıxarılmış qərardır. Birinci işdə London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49,5 milyon dollar ödənilməsinə qərar vermişdi. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatıb, arbitraj qərarı gözlənilir.

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov isə bildirib ki, bir neçə il əvvəl azərbaycanlı olduğu üçün SOCAR-la birgə ortaq şirkət yaradıb. Ortaq şirkətin səhmlərinin 65 faizi SOCAR-a, 35 faizi isə “Palmali”yə məxsus olub. Amma üç il əvvəl Mübariz Mənsimov ortaqlığı tərk edib.

İş adamının sözlərinə görə, SOCAR rəhbərliyi ortaqlıq sənədini hər dəfə ailə üzvlərinin, tanışlarının adına dəyişib. Buna görə də “Palmali” rəhbərliyi narahat olub və ortaqlığa son qoymaq qərarına gəlib.

M.Mənsimov SOCAR-a külli miqdarda borc olması haqda iddialarla da razılaşmayıb: “SOCAR-ın “Palmali”yə vurduğu zərər ortadadır. Əksinə, SOCAR-ın bizə borcu var”.

SOCAR isə iddia edir ki, “Palmali” ilə heç vaxt birgə müəssisə yaratmayıblar”.

M.Mənsimov 2020-ci ilin martından Türkiyədə həbsdədir. O, Türkiyənin 15 iyul 2016-cı ildə hərbi çevrilişdə ittiham etdiyi din xadimi Fətullah Gülən və onun rəhbərlik etdiyi təşkilata bağlılıqla təqsirləndirilir.

M.Mənsimov ittihamı rədd edir. O, sifarişlə həbs olunduğunu bildirir və baş verənlərdə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rolu olduğunu iddia edir.

M.Mənsimovun işi üzrə məhkəmə prosesi İstanbul Ağır Cəza Məhkəməsində martın 5-də davam etdiriləcək. Həmin gün qərarın elan olunacağı gözlənilir.

Ana səhifəSiyasət“Palmali” məhkəmədə SOCAR-a uduzdu