“Onlar mənə dəli kimi baxırdılar”

Azərbaycanlı qız doğma kəndində kiçik tikiş sexi açaraq, kənd qadınlarını işlə təmin edir

Source: Мейдан ТВ
Vəfa Nağı: “Onlar mənə dəli kimi baxırdılar”

Vəfa Nağıyeva Azərbaycanın Neftçala rayonu Xolqaraqaşlı kəndindəndir. İstanbulda təhsil alıb, “siyasi biliklər və beynəlxalq əlaqələr” fakültəsini bitirib. Türkiyədə qalıb, işləməyi planlaşdırırdı, hətta cv göndərib, tez bir zamanda yerli telekanallardan birinə işə düzəlmək istəyirdi. Həmin vaxt doğma kəndinə getməli olmasaydı, bəlkə də heç qayıtmayacaqdı Azərbaycana.

«Apreldə nənəm rəhmətə getdi. Gəldim bura. Mən onda fikir verdim ki, bizdə insanlar yas yerinə ən çox sosiallaşmağa gəlirlər, yəni “gedək görək, filankəs də orada olacaq, o necədir?” Ən çox da uzaqdan gələnlər diqqət mərkəzində olur», – Vəfa danışır.

Nənənin yasında diqqət mərkəzində onun Türkiyədən gələn nəvələri oldu – Vəfa və onun iki bacısı. Qadınlar Vəfaya öz ağır güzəranlarından danışır, ağlayır, ehtiyacdan, işsizlikdən, pulsuzluqdan şikayət edirdilər. “O qədər danışdılar ki, mən özümü qəribə hiss elədim, özüm-özümə düşündüm ki, mən qaçıb, gedib Türkiyədə oxuyuram, bu qədər millətin problemi qalıb. Hətta sonra dostlarıma danışırdım ki, bu adamların nə qədər problemi var. Onlar da mənə deyirdilər ki, sən uzun müddət burada deyilsən, ona görə sənə belə təsir edir”.

AZIZ9330.JPG
Vəfanın doğulduğu kənddə bir tikiş emalatxanası açmaq fikrinə düşməsi sanki bir tikiş maşını tərəfindən irəli sürülüb

«Kənd yerlərində qadınların vəziyyəti çox pisdir»

Nənəsinin yasından bir az sonra Vəfa İstanbula qayıdır, diplomunu alır və doğma kəndinə dönməyə hazırlaşır.

«Dostlarıma dedim ki, Azərbaycanda iş açmağı planlaşdırıram. Onlar da deyirdilər, sən dəli olmusan».

Vəfa Praqa Vətəndaş Mərkəzinə (Prague Civil Society Centre) qrant almaq üçün müraciət edir. Bu qrant ona işə başlamağa kömək edə bilərdi:

«Elə bir ümidim yoxuydu qazanmağa. Orada, məsələn, Qazaxıstandan iri layihələr qalib gəlmişdi. Düşündüm ki, şansım azdır, amma yenə də müraciət edim».

Özünün biznes planında Vəfa həmkəndlilərini işlə təmin etmək üçün dərzi sexi açacağını göstərib

“Düşündüm ki, kənddə nə eləmək olar? İnsanlara necə iş yeri yaratmaq olar. Bütün şeyləri dəyərləndirdim, əvvəllər uşaq vaxtı bizdə də balaca tikiş maşını varıydı, sovetdən qalma, bilirdim ki, kənddə hamının evində bir dənə ondan var. Ən azından hər kəs bir düz tikişi vura bilər, ona görə də fikirləşdim ki, ən yaxşı variant tikişdir”, – Vəfa danışır.

Vəfa kənddə sex üçün yer icarəyə götürmək, bir neçə tikiş maşını və bir neçə top parça əldə etmək üçün qrant ala bilib.

Vəfanın planında sosial biznes qurmaq, məqsədi də daha çox pul qazanmaq deyil, başqa qadınları, məhz qadınları işlə təmin etmək idi. Çünki qadınların işə kişilərdən daha çox ehtiyacı var:

«Biz patriarxal bir cəmiyyətdə yaşayırıq, kənd yerlərində ümumən vəziyyət çox ağırdır. Qadınlarla bağlı məsələ çox pisdir, onların əlinə pul gəlmir. Pul gəlməyəndə də asılı vəziyyətə düşürlər, onlara çox qadağalar qoyurlar. Bilirəm ki, bizim kənddən universitetə getmək istəyən qızlar çoxdur. Onlara da deyirlər ki, güclə sənin qarnını dolandırırıq, səni oxutmaq üçün hardan alaq pulu? Bilirəm ki, qadınların iqtisadi azadlığı bu vəziyyəti düzəltməyə kömək edə bilər».

AZIZ9269.JPG
Vəfa Nağının Xolqaraqaşlı kəndindəki dərzi sexi

«Bu qız nə edə bilər axı?»

Avropa Fondu və onun münsiflər heyətindən fərqli olaraq, Vəfanın həmkəndliləri onun bu ideyasını şübhə ilə qarşıladılar. Ən çox inamsız yanaşan da elə atası oldu:

«Atam çox acıqlanırdı, indi də acıqlanır”, – Vəfa danışır. – “Neftçala ləhcəsiylə deyirdi, “girinc eləmisən özünü, nəyinə lazımdı axı, bu?” İndi də hesab edir ki, bundansa ərə gedərdin, deyir, “sənin taylarının uşağı var, nə bilim nə””.

Kənd kişiləri isə deyirdi: “Nə iş? Qadın nə edə bilər axı?” Bu sözləri Vəfa indi də eşidir, amma əvvəlkindən fərqli olaraq, daha az əhəmiyyət verir:

“Mən əvvəl xeyli tərəddüd etdim, necə olacaq, necə satacam bunu, birdən bu işi lap açdım, heç kim işləmək istəmədi? Belə suallar varıydı ağlımda”.

Amma Vəfanın bu şübhələri özünü doğrultmayıb – kəndin az qala bütün qadınları onun sexində işə düzəlmək istəyib.

«Olardı da bir 40-50 qadın, çoxunu da birinci dəfə görürdüm. Valideynlərimdən də soruşurdum ki, bunlar kimdi, niyə bu qədər gəlirlər, bu iş barədə haradan biliblər? Atam da cavab verirdi ki, necə yəni niyə gəlir? Ta camaata səs salmısan, hamı səndən danışır. Elə səni gözləyirdilər, onların əlindən burada tərpənə bilmirik,» – Vəfa gülə-gülə xatırlayır.

Hamısını işə qəbul etmək mümkün deyildi, Vəfa da işə daha çox ehtiyacı olanları götürməyi qərar alır.

«Dəyərləndirirdim ki, bu adamın nəyi var, təsərrüfatı, işləyəni, torpaq sahəsi varmı? Gəliri nə qədərdir? Necə yaşayırlar? Yəni çalışdım ki, maddi imkanları çox az olan adamlar işləsinlər».

Nəticədə Vəfa işə 5 dərzi götürüb. Onlar üçün bu, ilk iş yeri olub.

Vafa Nagi.jpeg
Vəfa Nağı təşfiqat kampaniyası zamanı

«Qadın öz əlində pulu olanda, ürəkli olur həmişə»

Neftçalaya paytaxt Bakıdan maşınla təxminən iki saata çatmaq olur. Amma vaxtın böyük hissəsini məhz rayon mərkəzindən kəndə aparan kələ-kötür, asfaltsız yol aparır. Kəndin girişində maşını yol kənarında duran bir qrup kişinin yanında saxlayırıq. Onlardan Vəfanın sexinin yerini xəbər alırıq, maşında çəkiliş kameralarını görüb birinci yolun vəziyyətini çəkməyi məsləhət görürlər, amma yeri də göstərirlər.

Sex kiçikdir, bir iri otaqdan ibarətdir. Otağın yuxarı başında böyük masanın üstündə artıq tikilmiş yataq dəstləri və müxtəlif rəngdə parça topları var, bir də üç tikiş maşını.

«Heç yerdə işləməmişəm, elə təsərrüfatla məşğul olmuşuq, pambığa getmişik”,- 56 yaşı Tamilla Hüseynova danışır: – “Mühasibliyi öyrənmişən, amma işləməmişəm”.

Tamilla xanımın üç övladı var. Qızı artıq ailə qurub, o da oğlanları ilə yaşayır. Yoldaşını 2005-ci ildə itirib. Amma bu illər ərzində ehtiyacı olsa da, iş tapa bilməyib, halbuki qürurla mühasib təhsili olduğunu bildirir:

“Bir xəstəxanamız var, 3-4 kəndə baxır, bir ordadı iş, vəssalam, bir də məktəbdi, orada da müəllimələrdir, bir-iki də xadimə, qurtardı. İş yeri yoxdur kənddə, bir də onu gözləyirik ki, yay-yaz gələcək, biz gedəcəyik çölə, pambığa, ona da evimizə çörək pulu aparacağıq».

Tamilla xanımdan oğlanlarının harada işlədiyini, necə dolandıqlarını soruşduq.

“Biri işləyir… həyətdə, atasının işini görür, maşın təmir edir. Amma belə kənddə daimi iş yoxdur”, – deyir.


– Birinci maaşınızı almısız?


– Hə, almışıq.


– Maaşınızdan razısız?


– Əlbəttə. Qadın öz əlində pulu olanda, ürəkli olur həmişə, – Tamilla xanım deyir.

Vəfa böyük məmnuniyyətlə dərzilərin ilk maaşını almasından danışır.

«Birinci dəfə onlara maaşı verəndə çox sevindilər. Mənə elə gəlir, əvvəlcə onlar fikirləşirdilər ki, bu, bizə maaşı necə verəcək, ya hardan verəcək? Elə belə gəlib işləyirdilər. Maaşı verəndən sonra yenə də adamlar çoxaldı, yenə də işə düzəlməyə adamlar gəlməyə başladı. İndi onlar maaş gözləyirlər, məsələn, tikən kimi, deyirlər, maaşımızı nə vaxt alacağıq?», – Vəfa danışır.

AZIZ9361.JPG
Vəfa Nağının Xolqaraqaşlı kəndindəki dərzi sexi

Görüş yeri

Amma maaş kənd qadınlarını sexə cəlb edən yeganə səbəb deyil. Vəfanın sözlərinə görə, sexində cəmi beş dərzinin işləməsinə baxmayaraq, ora hər gün 10-15 qadın gəlir:

“Hər gün yığışırlar, söhbət edirlər. Bayaq dediyim kimi, qadınlar yasa daha çox ağlamağa deyil, bir-birini görməyə, söhbət etməyə yığışırlar. Başqa gedəsi yerləri yoxdur axı. Kişilərə bu mənada asandır, çayxanada, kafedə, küçədə yışığa bilirlər. Qadınlar üçün belə yer yoxdur”.

İndi də Xolqaraqaşlı kəndinin qadınları Vəfanın dərzi sexində toplaşır. Amma Vəfa bunun işin keyfiyyətinə təsir etmədiyini deyir. Satışın həcmindən də tam razıdır.

«İctimai məsuliyyəti olan insanlar həmişə çalışırlar ki, sosial biznesi dəstəkləsinlər”, – Vəfa deyir və biznesinə sosial şəbəkələrdəki dəstəyi xüsusilə vurğulayır”. – “Facebook”da yayılmağı çox yaxşı oldu, çünki ondan sonra mənim yarmarkam açıldı. Mən də orada ilk satışımı edəcəkdim. Nə tikmişdik, hamısını gətirdim ora. Onda mənə həmin yarmarkanı təşkil edən “Gəl danış” Sosial Təşəbbüs komandasının üzvü dedi ki, Vəfa xanım, siz əminsiz ki, bunların hamısı satılacaq? Mən də dedim ki, belə bir gözləntim var, amma bilmirəm. Saat 2-3-ə qədər az satış oldu, amma axşama qədər artıq hamısını satmışdıq”.

Bu bir neçə ay ərzində Vəfa məhsulunun tam satıldığını deyir.

«Olmayıb, məsələn, tikək, amma onu sata bilməyək, qalaq belə, üzünə baxaq ki, nə vaxt gəlib alacaqlar. Belə bir şey olmayıb, hətta davamlı adamlar sifariş edirlər internetdə», – Vəfa qürurla deyir. Artıq təkcə bir neçə cüt yataq dəsti üçün ayrı-ayrı şəxslərdən deyil, həm də iri sifarişlər gəlir. İndi Vəfa da artıq daha böyük əminliklə işini daha da inkişaf elətdirməyi planlaşdırır.

Vəfanın planlarında qonşu kəndlərdə də sex açmaq var: “Mənə tez-tez yazırlar ki, başqa kəndlərdə də iş yoxdur, ehtiyacı olan qadınlar var, onlara da kömək etmək lazımdır. Buna görə də işimi genişləndirməyi düşünürəm”.

«Mediaşəbəkə»nin dəstəyi ilə

Ana səhifəSiyasət“Onlar mənə dəli kimi baxırdılar”