Orxan Adıgözəl

Mənbə: Foto: Meydan tv

Başlıq: Orxan Adıgözəl

Ölkənin durğun və iylənən siyasəti

Millət olaraq hələ də siyasiləşməmişik

Ölkənin siyasi atmosferi yenə durğunluq içindədir. Bunun üçün sosial şəbəkələrə cüzi nəzər yetirmək kifayət edir (“Youtube” xaric, ayrı tribuna yoxdur). Əsas da “Facebook”a. “Facebook” bizim siyasi fəallığın şkalasını göstərən ən obyektiv ekran hesab edilə bilər. Ora baxan kimi siyasi durğunluğu açıq hiss etmək olur.

Ölkəni qapalı məkana bənzətsək və ora daxil olub baxası olsaq, özümüzü sanki uzun müddətdir bağlı qalan otağa girirmiş kimi hiss edəcəyik. İçəri çox pis havasızdır. Havasızlıqdan burun göynəyir. Düzdür, hökumət “islahat” adı ilə arada pəncərəni açır və elə o dəqiqə də bağlayır. Əlbəttə hökumət otağın (ölkənin) havasını dəyişmək niyyətində deyil. Onlardan hər hansı xoş olan səmimiyyət qoxusu gəlmir. “İslahat” havalandırmadan çox iylənmiş otağa aromatlandırıcı fısqırtmağa bənzəyir. Ortadakı zir-zibil təmizlənməsə hər hansı aromatlandırıcı və ya havalandırıcı spreylərlə otağın havası təmizlənməyəcək.

Qoxunu dəyişəcək sprey fısqırtmaqla blef edənlərə qarşı olan, əks qütbdə yer alan ənənəvi müxalifətin isə özünün skatoloji (skatoloji hal – insan təbiətin çirkli, iyrənc tərəfləri) problemləri ortaya çıxır. Müsavat Partiyası “mühacir alveri” olayına görə daşıb, partlayan kanalizasiyasının üstünü bağlamağa çalışır. ReAL partiya ətrafında yaranan əcaib-qəraib diplomatik klounadanın əlində qalıb, atrofiya yaşayır. AXCP isə populist çıxışlarla xroniki köpdən əmələ gələn gəyirmələrlə möhkəm səslə diqqət çəkməyə çalışır. Bilirəm, bu sayaq metaforik tənqidlər adıçəkilən partiyalar tərəfindən təhqir kimi qəbul olunacaq. Yenə də deməliyəm, bir qram da olsun qərəz ya da kinim yoxdur. Adi alternativ fikri, kiçik tənqidi öz “müqəddəs” yollarına atılan daş kimi qəbul edənlərdən belə yanaşmanı gözləmək təbiidir.

Aləm ancaq daxildə bir-birinə dəyib və bu da sadəcə ortadakı havasız otağın iyini daha da ağırlaşdırır. Bütün bunların fonunda həmin partiyaların bir hissəsinin liderləri keçmiş Səhiyyə naziri olan yerlibaz və korrupsionerliklə ad çıxarmış bir fiqurla dəyirmi masa arxasında oturur. Gözəl anlayıram ki, peşəkar siyasətçi yeri gələndə iblisin özü ilə də yalandan əl sıxmalı və eyni masa ətrafında oturmalıdır. Bu da o halda baş verə bilər ki, həmin görüşlər uğurlu perespektivə və ya hansısa gələn təhlükəyə qarşı müdafiə xarakterli olsun. Yoxsa qaranlıq bioqrafiyası olanı “tövbə edənləri aramıza alaq” şüarı ilə qəbul etmək diplomatiyada bataqlıq effekti yaradır.

Pafoslu səslənməsin (lap da səslənsin), mən də bu ölkənin vətəndaşıyam. Onun indiki ümumi vəziyyəti, ictimai-siyasi mənzərəsi məni heç qane etmir. Əndişələnməyim təbiidir. Sırf kiminsə xətrinə dəyəcək deyə susmayacağam. Sorğulamaq, tələb etmək haqqım var. Kimlərsə ictimai fəaliyyətlə məşğuldursa, ictmai fiqur kimi tanınırlarsa, avtomatik məsuliyyət daşıdıqlarını da anlamalıdılar.

İnzibati resursları əlində cəmləyənlər bağlı otaqdakıları illərdir korrupsiya qoxusu ilə keyləşdirməklə məşğuldular. Korrupsiyanın közündən çıxan tünd qırmızı buxar respublikanın hər tərəfinə yayılıb. Həmin buxar idarəetmə üsuludur. Əgər bir gün həmin ocaqdan, közdən buxar, duman çıxmasa, bu idarəetmə üsulu dağılacaq. Onlar bunu yaxşı bilirlər. Ona görə ocağın başında gecə-gündüz keşikçilər olur və onlar tonqalın sönməsinə bir saniyə də olsa imkan vermirlər.

Ocağın sarı-qırmızı parlaq işığı və istisi çoxunu cəlb edir. Bu səbəbdən həmişə ocaq ətrafına yığışan sısqa pərvanələr dolu olur. Bir neçə ildən sonra həmin sısqa pərvanələr ocağın “bərəkətli” korrupsiyanın “fabrik”indən çıxan - yağını, balını, ətini gəmirib şişman donuza dönürlər. Beləliklə, korrupsiya ocağının keşikçiləri “odlar yurdu”nu necə lazımdırsa sümürür, həm də iyləndirirlər.

Bütün bunların fonunda təmiz hava kimi lazım olan azadlıq və demokratiya komponentləri otağa gətirmək istəyənlər özlərini müxalif olduqları ocaqbaşıları kimi aparırlar. Alternativ fikirə sayğı, tənqidə açıq olmaq, plüralizm, istefa etikası, özünü və partiyadakı fərdlərin refleksiyası və olduqca vacib olan təşkilatlanma ciddi şəkildə defisitə çevirilib. Buna görə xalq gurultulu səslənən fikirlərə etimad edə bilmir. Xalqın etimadı olmadan isə mübarizə ancaq balaca halqa səviyyəsindən o yana keçə bilmir.

Halbuki təşkilatlanma ideyası ətirli çiçək kimi məstedici qoxusunu ətrafa yaymaq mexanizminə malikdir. Bu qoxu təbii və xoşagələn olduğu üçün ona dəstək verən daha çox olacaq. Həm də bu yenilik deyil. Qonşu Gürcüstanda Sakaşvili və onunla birgə mübarizə aparanlar məhz o cür təşkilatlanma və ideya təbliğatının parfümü hesabına köklü dəyişikliklərə sahib oldular.

İntellektual, sosial və siyasi bacarıqlara malik güclü xarakterli üzvlərdən ibarət partiya, həm də kənarda xalq kütlələri arasında təşkilatlanma yaratsa, qələbəyə daha yaxın ola bilər.

Xalqa birbaşa deyəndə ki, gəl “talana yox”, “monarxiyaya yox” de, o konkret necə funksional olacağını dərk etmədən meydanda az-maz titrəyiş yaratmaqdan savayı heç nə edə bilməyəcək.

Millət olaraq hələ də siyasiləşməmişik. Ata-analar övladlarına dönə-dönə tapşırırlar ki, “siyasətə qarışma”. Bu tərbiyəni dəyişmək, siyasətin heroin olmadığını aşılamaq üçün insanlar arasında ideya yaymaq, təşkilatlanmaq lazımdır.

Camaatın ən təməl ehtiyaclarına (iş, tibb və təhlükəsizlik təminatına) aksent etmədən, “talana, monarxiyaya son” demək effekt verə bilməz, vermir də.

Müxalifət özünü refleksiya etməli və daxilini gücləndirməlidir ki, ətrafa xoş və inamlı ətir saça bilsin.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/87t9fc

Ən çox baxılan