Alya Yaqublu

Mənbə: Foto: Meydan tv

Başlıq: Alya Yaqublu

Nəslişah Sultan – adı Osmanlı Xanədan Dəftərinə yazılmış sonuncu şahzadə

İstanbulda gözəl olan nə varsa, babalarımdan qalıb.

Nəslişah Osmanoğlu

Anadan olanda şərəfinə 121 top atəşi açılan, qızıl sikkələr kəsilən, son Osmanlı padşahı Sultan Vahidəddinin və sonuncu xəlifə II Əbdülməcidin nəvəsi, Misir vəliəhdi Məhəmməd Əbdülmünimin xanımı, Osmanlı Xanədan Dəftərinə qeyd edilən sonuncu şahzadə – Zati-aliləri İsmətli Nəslişah Sultan Aliyyətü-ş-şan.

3 mart 1924-cü ildə qəbul edilən qərarla bütün xanədan üzvləri ölkədən sürgün ediləndə onun cəmi üç yaşı vardı. Sonralar başqa bir ölkədən də sürgün ediləcək, vətəninə bir də uzun illərdən sonra dönəcək, amma bu illər ərzində üzləşdiyi çətinliklərdən şikayətlənmədən, heç bir mətbuat orqanına müsahibə vermədən səssiz-sakit həyat yaşayacaqdı.

11 mart 1924-cü il. Osmanlı padşahının qızı Səbihə Sultan üç qızıyla birlikdə Dolmabağça sarayından çıxıb yaxınlarının müşayətiylə Çatalca stansiyasına gəlir – qatarla Fransaya getmək üçün. Onlara geriyə dönüşü olmayan pasportlar verilib, amma balaca Nəslişahın bundan xəbəri yoxdur; o, kupedə bir küncə qısılıb hələ ki, ancaq qoyub gəldiyi oyuncaqları üçün ağlayır. Bu, onun taleyə ilk və son üsyanı olacaqdı.

Onlardan başqa ölkəni daha 152 xanədan mənsubu tərk edəcəkdi, hamısı da eyni vəziyyətdə - pulsuz-parasız.

****

Nitsa şəhərinə yerləşən ailənin çətin günləri başlayır. II Əbdülməcid xilafətin tərkibində olmuş müsəlman ölkə başçılarından gələn yardımları dünyanın dörd tərəfinə səpələnmiş xanədan nümayəndələri arasında bölüşdürdüyü üçün oğlunun ailəsinə çox da kömək edə bilmir. Maddi və mənəvi çətinliklərlə dolu həyatı bir də qürbət və vətənsizlik dərdi ağırlaşdırır.

İki il sonra Sultan Vahidəddin özündən sonra 60 min lirə borc qoyaraq vəfat edir və borclarına görə hətta tabutu da müsadirə olunur. Qızı Səbihə Sultan son zinət əşyalaranı satıb ayyarım sonra tabutu geri aldığında bir zamanlar imperator olmuş bu adamın meyiti artıq iylənmişdi…

Əslində, Sultan Vahidəddin hakimiyyət dönəmində də böyük var-dövlət sahibi olmayıb. Xanədən sarayları Osmanlı padşahlarının mülkü deyildi, onların xəzinədən nəsə götürmək hüquqları da yoxdu, hətta zinət əşyaları da xanədanın malıydı və mərasimlərdə taxmaq üçün qəbzlə verilir, sonra geri alınırdı. Xanədan mənsublarının özlərinə məxsus bir neçə qiymətli əşyası vardı və bir çoxu sürgünün ilk illərini onları satmaqla yola vermişdi. Sonra vəziyyət gərginləşmiş, bəziləri hətta səfalət içində yaşamağa başlamışdılar. II Əbdülhəmidin bacısı Səniha Sultan qardaşı öləndən sonra küçələrə düşmüş, dilənmək məcburiyyətində qalmışdı.

Nəslişah Sultanın o illərə aid xatirələrindən: “15-16 yaşlarındaydım, bircə yubkam vardı, boz rəngli. Məktəbə onu geyinirdim. Bir gün o da süzüldü və daha məktəbə gedə bilmədim”.

Amma bu, Nəslişahın yaxşı təhsil almasına mane olmayıb; tarix, ədəbiyyat, coğrafiya, botanika və yüksək dil (alman, fransız, ingilis) bilgiləri vardı; Misirə köçəndən sonra ərəb dilini də öyrənmişdi. Türk dilini mükəmməl səviyyədə bilən anası Səbihə Sultan sayəsində ana dilini də unutmamışdı – bacılar evdə ancaq türkcə danışa bilərdilər və ən yaxşı da bu dili bilməliydilər.

Haşiyə: Osmanlı padşahı Sultan Vahidəddinin qızı Səbihə Sultan Mustafa Kamal Paşanın evlilik təklifini rədd etmişdi, həm də iki dəfə: “Onu görmüşdüm və xoşuma gəlmişdi. Par-par parıldayan gözlərindən od tökülürdü. Amma təklifini qəbul edə bilməzdim, çünki Ənvər Paşanın nələr etdiyinə yaxından şahid olmuşdum, Mustafa Kamal Paşa daha artığını edər deyə qorxdum, alət olmaq istəmədim” (Ənvər Paşa Osmanlı padşahı Sultan Əbdülməcidin nəvəsi Naciyə Sultanla evlənmişdi).

Ata-anasının xüsusi diqqət ayırdıqları, təhsil alması üçün böyük səy göstərdikləri Nəslişah Sultan ömrünün sonuna kimi oxuyub-öyrənməyə davam edəcək, “kədərini bəlli etməyən, ehtiyacı olanlara yardım göstərməyə çalışan alicənab Osmanlı şahzadəsinin” ləyaqət və ciddiyyətini qorumağa çalışacaq və bunu bacaran tək-tük şəxslərdən biri olacaqdı.

****

İkinci dünya müharibəsinin başlamasına az qalmış – Nəslişah Sultanın 18 yaşı olanda həm savaş təhlükəsindən, həm də Fransada getdikcə artan iqtisadi çətinliklərdən uzaqlaşmaq üçün ana və qızları Misirə köçürlər. Xəlifə II Əbdülməcid Fransada qalır və bir daha nə gəlinini, nə də nəvələrini görür. O, 1944-cü ildə Bulon meşəsinin kənarında otururkən ürək tutmasından vəfat edir, Türkiyədə dəfn edilmək arzusu qəbul edilmədiyi üçün meyiti uzun müddət Paris məscidində saxlanır və nəhayət, 1954-cü ildə Mədinəyə göndərilərək ordakı Baki qəbirstanlığında dəfn edilir.

1940-cı ildə Nəslişah Sultan Misir taxtının keçmiş vəliəhdi şahzadə Əbdülmünimlə ailə qurur - şahzadənin atası Abbas II Hilmi Paşanı 1914-cü ildə Misirdə potektoratlıq yaratmış ingilislər hakimiyyətdən uzaqlaşdırmışdılar. Bu evlilikdə onların bir oğlu və bir qızı dünyaya gəlir: şahzadə Abbas Hilmi və şahzadə İqbal.

Misirin kral ailəsinə mənsubiyyəti sayəsində Nəslişah 1947-ci ildə diplomatik vizayla Türkiyəyə gedə bilir (Osmanlı xanədanın qadın üzvlərinə ölkəyə qayıtmaq icazəsi 5 il sonra veriləcək, Səbihə Sultan və digər iki qızı vətənə dönəcəkdilər). Orda xanədana həm pis, həm də yaxşı münasibəti olan insanlarla qarşılaşır, prezident İsmət İnönü isə ona viza müddətinin artırıla biləcəyini deyir.

İnönü daha bir xanədan mənsubuna iltifat göstərib, amma Türkiyədə yox, Britaniyada və hələ baş nazirkən - kraliçanın dəvətilə getdiyi mərasimdə II Əbdülməcidin qızı Dürrüşəhvar Sultanla qarşılaşanda əlini öpmək üçün əyilib, ancaq sultan əlini yox, boynundan asdığı xanədan nişanını ona uzadıb (hansısa şər qüvvədən qorunurmuş kimi).

Müharibənin gəlib çatmadığı Misirdə varlı aristokratiya mənsubları təntənəli ziyafətlərə, teatr və operalara gedərək öz qayğısız həyatlarına davam etməkdəydilər. Gənc Nəslişah təkcə gözəlliyilə deyil, yüksək intellekti və mədəniyyətiylə də Misirin və digər Yaxın Şərq ölkələri aristokratiyasının böyük hörmətini qazanır. Bir çox məşhur avropalının da sevib-saydığı padşah nəvəsi alman bəstəkar və dirijor Vilhelm Furtvenqler, avstriyalı skripkaçı və dirijor Villi Bpskovski, bioqrafiyası əsasında “İngilis pasienti” filmi çəkilmiş macar araşdırmaçı və aristokrat Laslo Almaşi kimi məşhur şəxslərlə dostluq edir.

Nəslişah Sultanın bioqrafiyasında maraqlı faktlardan biri də Misir kralı Fərruxa verdiyi cavabdır – bəyəndiyi hər şeyi mənimsəmək xasiyyəti olan kral onlara qonaq gələndə Sultan Süleymanın qılıncına göz qoyur (II Əbdülməcid onu Abbas II Hilmiyə hədiyyə edibmiş), amma Nəslişah “Babamın qılıncıdır, vermərəm” deyərək etiraz edir.

İkinci dünya müharibəsindən sonra ərəb ölkələrində başlamış çevrilişlər dalğası Misirə də gəlib çatanda general Məhəmməd Nəcibin rəhbərlik etdiyi “Azad zabitlər” hərəkatı kral Fərruxu devirərək (1952) 6 aylıq oğlu II Fuadı taxta çıxarırlar, şahzadə Ədülmünim onun naibi, Nəslişah Sultan naibəsi elan edilir. Misirdə monarxiyalı respublika yaradılır, Nəcib həm prezident, həm də İnqilabi Komandanlıq Şurasının rəhbəri olur. Bir il sonra onun Şuradakı müavini Camal Əbdül Nasir daha bir çevriliş təşkil edir, Nəcib hakimiyyətdən uzaqlaşdırılır, monarxiya ləğv edilir, şahzadə Əbdülmünim və Nəslişah Sultan sui-qəsd və çevriliş cəhdlərində ittiham olunurlar, onları edam təhlükəsi gözləyir. Padşah nəvəsi məhkəmədə bu ittihamları boşa çıxaran müdafiə çıxışları edir, amma Nəslişahı və ərini edamdan daha çox Fransanın müdaxiləsi qurtarır. 6 il sonra (1959) onlara Misiri tərk etməyə icazə verilir.

****

Bir müddət ailə Fransada yaşayır. Avropa qəzet və jurnalları ara-sıra Osmanlı şahzadəsi Nəslişah Sultan haqqında məqalələr dərc edirlər.

Nəsilşah Osmanoğlu

Nəsilşah Osmanoğlu

Mənbə: Foto: arxiv

1963-cü ildə onlar, nəhayət, Türkiyəyə köçmək qərarına gəlir və elə həmin il İstanbula yerləşirlər. Yenidən vətəndaşlıq alan Nəslişah özünə Osmanoğlu soyadını götürür, amma öz vətənində siyasətdən maksimum uzaq durmağa çalışır. O və Türkiyədə olan digər xanədan mənsubları yay tətillərində sonuncu vəzirin nəvəsi Nümeyra Xanımsultanın Quşadasındakı “Qismət” otelinə yığışmaqla kifayətlənirlər. Bu fakt həmin oteli Avropa aristokratlarının sevimli istirahət məkanına çevirir.

2004-cü ildə Nəslişah Sultan Dolmabağça sarayında babası Xəlifə II Əbdülməcidin kitabxanasının açılış mərasiminə qatılır:

“Bir ara yorulub ordakı kreslolardan birinə oturdum. Dərhal da “Mən bu kreslonu tanıyıram” deyə düşündüm və xatırladım. Babamın kreslosuydu. Bu kresloda oturub, məni və bacımı qucağına alıb “mənim gözəl qılarım” deyərdi. Nələr hiss etdiyimi təxmin edə bilərsiz... 80 il əvvəl qovulduğum o otaqda bir-iki damcı göz yaşı tökdüm, amma dərhal da özümü ələ aldım...”

Osmanlı sarayının tarixini incəliklərinə qədər öyrənən, Rusiya və Misir tarixi haqqında da xeyli məlumatlı olan Nəslişah Sultan maraqlı həmsöhbət olub. Ölümündən bir həftə əvvələ qədər dünya mətbuatını, o cümlədən, oğlu şahzadə Abbasın Misirdən gətirdiyi qəzet və jurnalları oxuyub, mütəmadi olaraq xəbər kanallarını izləyib, dost çevrəsində dilə gətirdiyi siyasi şərhləri sərrastlığı və realistliyi ilə seçilib.

Bundan başqa, Nəslişah həm də yaxşı at çapıb, xizək sürüb, hətta yaşı 80-ni keçəndən sonra da bu hobbilərindən vaz keçməyib. Osmanlı xanədanında doğulmuş bu sonuncu sultanın 90 yaşı Rəhmi Koçun təşkil etdiyi böyük mərasimdə qeyd edilib, tədbirdə çox sayda rəsmi şəxs və bütün İstanbul aristokratiyası iştirak edib. Türkiyə mətbuatı indiyə qədər ölkədə belə bir ad günü keçirilmədiyini yazıb.

Nəslişah Sultan 92 yaşında (2012) vəfat edib. Anası Səbihə Sultan kimi, o da Xanədan mənsublarına aid türbələrdə dəfn edilməməyi vəsiyyət etdiyi üçün elə onun yanında – İstanbulun Aşiyan qəbirstanlığında dəfn edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/n6h7tp

Ən çox baxılan