“Nazir Vilayət Eyvazovun qarşısından keçib deyə sürücünü yox, avtomobilin keçmiş sahibini cəzalandırıblar”

Sosial şəbəkələrdə aşağılayıcı görüntüləri yayılan sürücünün qardaşı Meydan TV-yə danışıb

Foto: Meydan TV

“Həmin gün səhər Məhəmməd mənə zəng vurdu, dedi, bir nəfər ona zəng edib, soruşub ki, səndə qırmızı “2107” var, onu satırsanmı? Məhəmməd də bildirib ki, həmin maşını 2 il əvvəl başqasına satmışam. Ancaq ağ rəngdə “2107"  varımdı, 7500 manata satıram. Həmin şəxs Məhəmmədlə Binəqədi Mərkəz deyilən ərazidə görüş təyin edib, deyib,  maşına baxacaq, xoşu gəlsə, qiymətdə razılaşsalar, alacaq. Məhəmməd bunu mənə deyəndən sonra bir də zəng eləmədi. Sonradan xəbər tutduq ki, o, 43-cü polis bölməsindədir. Müştəri kimi zəng vuran adamsa əslində polis olub. Məhəmməd görüş yerinə çatan kimi ona mülki geyimdə yaxınlaşan polislər tutub 43-cü polis bölməsinə aparıblar. Avtoxuliqan kimi protokollaşdırıb tələsik məhkəməyə çıxarıblar. Məhkəmə 30 sutkalıq inzibati həbs qərarı çıxarandan sonra polis şöbəsinə qaytarıblar, məlum aşağılayıcı videonu çəkib paylaşıblar”.

Səbuhi Hüseynli hazırda həbsdə olan qardaşı Məhəmməd Hüseynlinin başına gələnlərdən danışır. 24 yaşlı Məhəmməd Hüseynli həmin şəxsdir ki, bir neçə gün əvvəl tualet yuması və avtoxuliqanlığa görə üzrxahlıq etməsi videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Səbuhi Hüseynli məsələnin detallarından bəhs edir. Deyir, avtoxuliqan qalıb kənarda, Məhəmmədi tutublar.

“Dedilər, yuxarıdan tapşırıq gəlib”

“Polis şöbəsində Məhəmmədə deyiblər ki, sənin adına olan qırmızı rəngli “2107” yolda nazir Vilayət Eyvazovun maşınını ötüb, avtoşluq edib. Yuxarıdan tapşırıq gəlib ki, maşının sahibi içəri getməlidir. Məhəmmədsə bildirib ki, həmin maşın onun adına olsa da, 2 il əvvəl etibarnamə ilə başqasına satılıb. Nə baş verdiyini, qardaşımın niyə saxlanıldığını öyrənmək üçün 43-cü polis bölməsinə getdim, polis işçiləri mənə də eyni sözü dedilər: Qırmızı “2107" nazirin maşınına yol vermədiyi üçün maşının sahibi dərhal cəzalandırılmalıdır. Bildirdim ki, o maşın Məhəmmədin adında qalsa da, etibarnamə ilə başqasına satılıb. Məhəmmədin maşını ağ rəngdədir. O maşın yalnız ailəmizə xidmət edir, günlərlə sürülmür. Araşdırsınlar, maşının indiki sahibi kimdirsə, onu tapsınlar. Dedilər, buna vaxtımız yoxdur, yuxarıdan tapşırıq var, tapşırıq dərhal icra olunmalıdır. Elə həmin gün Məhəmmədi tələsik məhkəmə qarşısına çıxartdılar. İki yol polisini də üzünə durğuzdular. İşi də belə düzüb-qoşdular ki, guya Məhəmməd Binəqədi qəsəbəsində avtoxuliqanlıq edib, yol polisləri arxasınca düşüb, Məhəmməd yayınmaq üçün maşını ara məhəllələrlə qovub, onu tutub bölməyə təhvil veriblər. Məhkəmə Məhəmmədə 30 sutka həbs kəsdi, 1 il müddətinə sürücülük vəsiqəsindən məhrum etdi. Ordan 43-cü polis bölməsinə qaytardılar. Axşam qohumlar xəbər verdi ki, Məhəmmədin “İnstagram” səhifəsindən onun tualet təmizləməsi videogörüntüləri yayılıb. Məlum oldu ki, Məhəmməd məhkəmədə protokolla razılaşmadığını, avtoxuliqanlıq etmədiyini, şərləndiyini bildirib, tələb edib ki, səhər saatlarından maşınını saxladığı ərazidəki kameraların yaddaşına baxış keçirilsin. O zaman məhkəməyə də aydın olacaq ki, maşın saatlarla yerindən tərpənməyib və polis onu şərləyir.

Buna görə də məhkəmədən şöbəyə qaytarılandan sonra polislər ondan qisas almaq üçün döyərək məlum videonu çəkib paylaşıblar”, – qardaşı danışır.

“Məhkəmədən kamera görüntülərinə baxılmasını istəyib”

Binəqədi Rayon Məhkəməsində Məhəmməd Hüseynlinin işi üzrə Binəqədi Dövlət Yol Polis Şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı Elxan Həsənov dindirilib. O bildirib ki, yol polisi Maşallah Paşayevlə birlikdə xidmət apararkən Binəqədi qəsəbəsində “VAZ 2107" markalı, “99TV117” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kobud manevrlər edərək qarşı yola çıxıb, yol hərəkəti qaydalarını pozub. Onlar da həmin avtomobilin arxasınca düşüblər. Sürücü yayınmaq üçün ara məhəllələrə girsə də, avtomobili saxlaya biliblər, sürücünü 43-cü polis bölməsinə apararaq protokol tərtib ediblər.

Qərarda göstərilir ki, Məhəmməd Hüseynlinin mayın 12-də saat 12.30-da avtoxuliqanlıq etməsi məhkəmə zamanı sübuta yetirilib. Səbuhi Hüseynli deyir, hakim Məhəmmədin kameraların yaddaşına baxış keçirilməsi ilə bağlı tələblərini qulaqardına vurub:

“Qardaşım hakimə bildirib ki, maşınımı saxladığım ərazidəki kameralardakı görüntülərə baxmaq istəmirsiz, heç olmasa bunların maşınındakı kameraların görüntüsünə baxış keçirin. Yol polisi maşınlarının önündə də, arxasında da videoqeydiyyat aparan kameralar var. Əgər həqiqətən də avtoxuliqanlıq etmişəmsə, bu yol polisləri mənim maşınımı qovublarsa, bütün bunların görüntüləri o kameralara düşməlidir. Soruşun, bunlarda o görüntülər varmı? Ola da bilməz. Çünki belə hadisə olmayıb. Polisə tapşırılıb, nazirin qabağında avtoşluq edən qırmızı “2107"-nin sürücüsünü tutub cəzalandırın, avtoşluq edən qalıb kənarda, həmin maşnın keçmiş sahibini – məni bu yolla şərləyiblər”.

“Sona qədər polislərin cəzalandırılmasını tələb edəcəyik”

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Report”a deyib ki, Məhəmməd Hüseynli xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünə məxsus qırmızı rəngli “99-RA-367” və etibarnamə ilə idarə etdiyi ağ rəngli “99-TV-117" dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillərlə cəmiyyətə açıq hörmətsizlik etməklə, digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. O, bu hərəkətlərinin çəkilişlərini apararaq sosial şəbəkələrdəki özünə aid olan səhifələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib. Ancaq məhkəmə qərarında qırmızı rəngli “99-RA-367" dövlət qeydiyyat nişanlı avtomobillə bağlı heç nə yoxdur. Məhəmməd Hüseynlinin qardaşı deyir, həmin avtomobillə avtoşluq edən və bunu çəkib sosial şəbəkələrdə paylaşan həmin avtomobili hazırda idarə edən şəxsdir:

“Bu yaxınlarda gördük ki, qırmızı maşını 2 il əvvəl etibarnamə ilə satdığımız adamın oğlu həmin maşınla avtoşluq edib videogörüntülərini sosial şəbəkələrdə paylaşır. O videoları sizə də göndərmişəm. Baş Prokurorluğa, Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə şijkayət etmişik. Biz Məhəmmədin “İnstagram” səhifəsini bağlayandan sonra polislər başqa-başqa adlarda səhifələr açıb, o səhifələrdən paylaşmağa davam edirdilər, Məhəmməd Hüseynli adında tik-tok səhifəsi açıb ordan da paylaşırdılar, bizim şikayətlərimizdən sonra mayın 15-də videoları sildilər, ancaq artıq gec idi, çünki başqa səhifələr də paylaşmışdı və hazırda da o video paylaşılır. Bu, polisin adına yaraşan hərəkət deyil, insan haqlarına ziddir, vətəndaşın mənliyini alçaltmaqdır. Sona qədər də həmin polis işçilərinin qanun qarşısında cəzalandırılmasını tələb edəcəyik”.

Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yayımlanan video ilə bağlı araşdırma apardığı bildirilir. Bu barədə görüntüsü yayılmış şəxsin yaxınlarına məlumat verilib.

Binəqədi rayon 43-cü polis şöbəsindən Meydan TV-yə

bildirilib

 ki, idarələrində belə bir hadisə olmayıb, yalandır:

“Videodan xəbərimiz yoxdur. Ancaq bilirəm ki, bizdə belə bir hadisə olmayıb. İnsanların videosunu çəkib, yaymaqdan söhbət gedə bilməz”.

Ana səhifəSiyasət“Nazir Vilayət Eyvazovun qarşısından keçib deyə sürücünü yox, avtomobilin keçmiş sahibini cəzalandırıblar”