Müdafiə Nazirliyi: Bir hərbi qulluqçu şəhid olub, biri yaralanıb

Tuğ kəndi Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir

Foto: Müdafiə Nazirliyi

“Qanunsuz silahlı qrupun 6 üzvü öldürülüb”

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 27-də Xocavənd rayonu ərazisində insident baş verməsi ilə bağlı açıqlama

yayıb

.

Açıqlamada bildirilir ki, Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Nəticədə Azərbaycan tərəfinin bir nəfər hərbi qulluqçusu – əsgər Elmir Rayil oğlu Qənbərov şəhid olub:

“Əsgər Emin Süleyman oğlu Əliyev isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur”.

Nazirlik bildirir ki, görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü öldürülüb: “Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək”.

Untitled design (4).png
Elmir Qəmbərov

Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi də məlumat

yayıb

.

Bildirib ki, bir sıra Azərbaycan KİV-ləri Hadrutun Tuğ kəndi yaxınlığında Ermənistan-Azərbaycan hərbçiləri arasında yenidən başlayan döyüşlər barədə məlumat verib.

Həmin məlumatlarda hər iki tərəfdən itkilər olduğu söylənir.

Tuğ kəndi Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir:

“Artsax (Ermənilərin Dağlıq Qarabağa verdikləri ad) Müdafiə Ordusu atəşkəs rejiminə ciddi şəkildə riayət edir. Bu ərazidə heç bir əməliyyat keçirilməyib, fövqəladə hadisə qeydə alınmayıb”.

Sonda nazirlik bildirib ki, hər ehtimala qarşı araşdırma aparır.

Dekabrın 27-də həlak olan əsgər Elmir Qəmbərovun yaxın qohumu Gülanə İsayeva da “Facebook” səhifəsində bu barədə məlumat paylaşıb.

O, Beyləqan rayon sakini Elmir Qəmbərovun Şuşa, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə iştirak etdiyini bildirib: “Bibim nəvəsi bu rayonlar uğrunda şücaətlə döyüşüb. Müharibə bitən günü Elmirin sağ qalmağına o qədər sevinmişdim…”.

Meydan TV-yə daxil olan başqa bir

məlumat

a əsasən, Xocavəndin Tuğ kəndi istiqamətində də itkilər var və bir nəfər əsir götürülüb.

Digər xəbərdə isə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qruplarının əraziyə yollandığı və təmizlik üçün hərbi əməliyyatın başlandığı deyilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında müharibənin bitməsi ilə bağlı bəyanat yayılıb. Bundan sonra bir neçə dəfə atəşkəs pozulub, itkilər olub.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 21-də son aylar həlak olmuş hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat da yaymışdı. Onda dekabrın 21-dək 2 min 802 nəfərin dəfn edildiyi açıqlanmışdı. İtkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyi vurğulanmışdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan noyabrın 9-u, döyüşlərin son gününədək 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Bir hərbi qulluqçu şəhid olub, biri yaralanıb