Milli Məclisdə İran dartışması

Oqtay Əsədov: ''İran necə siyasət aparacaqsa, Azərbaycan tərəfdən də elə adekvat cavab alacaq''

“1990-cı illərdə İran “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə həyata keçirmək istəyirdi, o zaman prezident Heydər Əliyev buna çox sərt reaksiya verdi. O baxımdan, indi Azərbaycan və İran arasında belə sazişin imzalanması və təsdiq edilməsi təqdirəlayiqdir”.

Bu barədə Milli Məclisdə deputat Zahid Oruc “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deyib.

Z. Oruc hazırda İran və Ermənistan arasında münasibətlərin strateji səviyyəyə qaldırılmasına, viza rejiminin ləğvinə, İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərə hazırlaşmasına diqqət çəkib: “Mən Həsən Ruhaninin Ermənistana səfərə gedib-getməməsi barədə məsləhət vermək istəmirəm. Ancaq dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olduğu kimi münasibət görmürük. Nüvə problemi dövründə Azərbaycanın İrana qarşı platsdarma çevrilməsinə yol verilmədi. İran Azərbaycanla dost münasibət qurmaq, yoxsa fərqli yol seçmək istəyir? Ötən dövr ərzində Azərbaycandan İrana ancaq dostluq münasibəti göstərilib”.

Oqtay Əsədov

Oqtay Əsədov

Sədr Oqtay Əsədov Z. Orucu hər yazılan yazıya inanmamağa çağırıb: “Mən inanmıram ki, Həsən Ruhani Ermənistana səfər etsin”.

YAP-çı deputat Siyavuş Novruzov İranla Ermənistan arasında olan münasibətlərin bəlli olduğunu və hər bir dövlətin özünün xarici siyasətinin olduğunu vurğulayıb: "Kim Azərbaycana deyə bilər ki, ABŞ-la münasibətləri belə qurmalısan? Vaxtı ilə bizə təzyiq etdilər ki, Rusiyaya qarşı sanksiyalara siz də qoşulun. Lakin biz buna etiraz etdik. Bildirdik ki, Rusiya bizim qonşumuzdur və bizim dost münasibətlərimiz var. Biz hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmirik. Misal olaraq, bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri oldu və orada bir sıra vacib əhəmiyyətli qərarlar qəbul edildi. Unutmaq lazım deyil ki, Naxçıvan blokadadan azad ediləndə İranın köməyi olub. 

Siyavuş Novruzov

Siyavuş Novruzov

Novruzov İran və Ermənistan arasındakı məsələnin xristian və müsəlman nöqteyi-nəzərindən yanaşılmasının tərəfdarı olmadığını da söyləyib: "Burada söhbət müsəlmançılıqdan yox, müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır. Ermənistana dəmiryolunun çəkilməsi və hər-hansı bir yardımın olunmasının əleyhinəyəm. Bu, qəti şəkildə ola bilməz. Çünki Ermənistan işğalçı dövlətdir. Amma kiminsə bir başqasını öz ölkəsinə dəvət etməsi dövlətin daxili işidir. Biz heç kimin işinə qarışa bilmərik. Hər bir məsələnin axırı müqavilələrlə, sülhlə bitməlidir. Biz belə müqavilələri bağlamaqla ölkələrimiz daha da yaxınlaşır. Ümumiyyətlə, Ermənistanı çıxmaq şərti ilə digər qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik".

Fazil Mustafa

Fazil Mustafa

Deputat Fazil Mustafa isə bildirib ki, saziş təsdiq edildikdən sonra İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak təklif olunmalıdır: “İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır, ancaq Azərbaycan aprel savaşında işğalçı Ermənistana bu silahlarla zərbə endirdi. Biz İranın Azərbaycan siyasətinin dəyişəcəyinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İranın tarixi ənənəsi odur ki, Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran Azərbaycan adına qarşı çıxıb, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq. Parlament tribunasından bu məsələnin səsləndirilməsi vacibdir”.

Oqtay Əsədov da İranla bağlı bəzi məsələlərin həllini tapmalı olduğunu söyləyib: “Ancaq İran parlamentində Azərbaycanla bağlı bu cür çıxış etmirlər. Məsələlərin öz həlli yolu var. Bu sazişlərin təsdiq edilməsi də bununla bağlıdır”.

Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev

Deputat Qüdrət Həsənquliyev İranın Azərbaycanın torpaqlarını işğal edən Ermənistanı ən yaxın müttəfiqi adlandırdığını xatırladıb: “İran rəsmiləri söhbətlərində bildirirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz?! Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, İsraildən silah alaq və torpaqlarımızı işğaldan azad edək. Bəs İran Ermənistanla niyə əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlasın?! Hesab edirəm ki, şeyxülislam Allahşükür Paşazadə İranın dini liderinə müraciət etməlidir ki, İran necə əli Azərbaycan uşaqlarının, qadınlarının, qocaların qanına batmış Serj Sarkisyanın əlini sıxır? Qarabağda məscidlərimizin çoxu donuzxanaya çevrilib, biz niyə buna qarşı susmalıyıq? Bu gün İran rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasət dost siyasəti deyil. Əslində Azərbaycanla dostluq münasibətləri İranda sabitliyə, regionun inkişafına xidmət edən amildir. İran orada yaşayan 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bunun acı nəticəsini görəcək”.

Oqtay Əsədov İranın müstəqil dövlət olduğunu vurğulayıb: “İran necə siyasət aparacaqsa, Azərbaycan tərəfdən də elə adekvat cavab alacaq”.

APA, report

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vlgmr0

Ən çox baxılan