Meydan TV-nin müraciəti

Meydan TV ailəsi dünən olduğu kimi, bu gün də cəmiyyətin hər təbəqəsinin səsi olmağa çalışır və buna nail olmaq üçün əlindən gələni edir

Source: Meydan Tv

27 sentyabrda başlayan müharibədən sonra Meydan TV-nin sosial şəbəkə hesablarının rəy bölməsində eyni mərkəzdən idarə olunduğu bəlli olan, insanların emosiyalarını istismar etməyə çalışan şərhlər görünməyə başlandı. Zamanla bu şərhlər yerini həmin vahid mərkəzin fərqli internet saytlarına verdi.

“Qafqazinfo.az” və “apa.az”, “musavat.com” kimi internet resurslarında çıxan, müəllifi bəlli olmayan yazılarda Meydan TV-yə açıq-aşkar hücum edilir, dəfələrlə yalanlanmış "erməni rəhbər" iddiası yenidən tirajlanırdı. Lakin “azvision.az” saytında yayımlanan yazı mərkəzin planlarının daha böyük olduğunu ortaya qoydu. Meydan TV ilə əməkdaşlıq etmiş, etməmiş müxtəlif müstəqil jurnalistlərin foto və adları paylaşılaraq, onlara qarşı təxribat törədildi.

Oktyabrın 25-də isə “Real Tv” Meydan TV-ni hədəfə aldı, onun əməkdaşı ilə bağlı yalan məlumat verdi.

Bütün bunlar heç şübhəsiz ki, insanların emosiyalarından istifadə edərək həmin şəxslərin həyatını təhlükəyə atmaq cəhdi idi və Meydan TV adından bu müraciəti yayımlamağımıza səbəb oldu.

Meydan TV müharibə başlayandan Müdafiə Nazirliyinin müəyyən etdiyi bütün qaydalara riayət edir, hərbi sirr sayılacaq, ümumiyyətlə, təsdiqlənməmiş informasiya yaymır, yalnız rəsmi qurumlara istinad edir. Hətta sosial şəbəkələrdə dolaşan, amma zabit və əsgərlərin həyatını təhlükəyə atacaq videolardan da tamamilə imtina edib.

Meydan TV müharibə dövründə də əsas prinsiplərinə sadiqdir; etnik, milli, dini, irqi ayrı-seçkilik yaradacaq yazılar yayımlamır. Media qurumu olaraq cəmiyyətin çoxrəngli olduğuna inanır və bütün fikirləri oxuculara çatdırmağa çalışır. Müharibəyə dəstək verənlərlə bərabər, onun əleyhinə çıxış edənlər də var və Meydan TV sadəcə bu mühiti göstərdiyi üçün həmin saytlar tərəfindən "xain", "satqın", "düşmən" adlandırılır. Bununla belə, Meydan TV media prinsiplərinə sadiq qalaraq, nifrət nitqini yaymamaqda israrlıdır.

Meydan TV birliyin, bərabərliyin ən üst səviyyələrdən elan edildiyi bugünlərdə belə ən müxtəlif ayrı-seçkiliklərə məruz qalır. Kanalla əməkdaşlıq etmiş və etmək niyyətində olan müstəqil jurnalistlərə cəbhə xəttində fəaliyyət göstərmək imkanı tanınmır. Hətta kanala yaxın olan şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qalan cəbhəətrafı rayonlara belə buraxılmır. Bununla belə, Meydan TV həmin bölgələrdən onlarla reportaj hazırlayıb Azərbaycan və dünya izləyicilərinə çatdıra bildi.

Müharibə başlayandan bu günə qədər Meydan TV ingilis və rus dillərində 50-yə yaxın material hazırlayıb, əməkdaşlıq etdiyi beynəlxalq saytlarda da yayılmasına nail olub. Bu videoların mütləq əksəriyyəti Bərdə, Tərtər, Ağdam, Füzuli, Gəncə və digər şəhərlərdə Ermənistan SQ tərəfindən hücuma məruz qalan mülki sakinlər barədədir. Bu gün minlərlə insan həmin videoları izləyir, paylaşır və mülki sakinlərin hücuma məruz qaldığını dünya ictimaiyyətinə çatdırır.

Meydan TV, həmçinin əməkdaşlıq etdiyi “Reuters”, “Ruptly” kimi beynəlxalq media qurumları sayəsində qarşı tərəfdə baş verən hadisələri də Azərbaycan ictimaiyyətinə çatdırır. Bütün bunları media borcu, işi olaraq görür və görməyə davam edəcək. Lakin adları çəkilən və çəkilməyən internet resurslarında müstəqil jurnalistləri ictimaiyyətə təxribatçı, düşmən kimi təqdim edənlər, həm də bu fəaliyyətə mane olmağa çalışırlar.

Meydan TV aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görməyi tələb edir, jurnalistlərin yaşayacaqları istənilən arzuolunmaz hadisədə onların məsuliyyət daşıdığını vurğulayır.

Meydan TV izləyicilərindən də yönləndirmə məzmunlu rəylərə əhəmiyyət verməməyi, materialları sonadək izləməyi və bütün məzmunları media prinsipləri kontekstində dəyərləndirməyi xahiş edir.

Meydan TV ailəsi dünən olduğu kimi, bu gün də cəmiyyətin hər təbəqəsinin səsi olmağa çalışır və buna nail olmaq üçün əlindən gələni edir.

Bir daha xatırladırıq ki, bu, Meydan TV-yə qarşı edilən ilk hücum deyil. Beynəlxalq media orqanı olaraq hadisələri hərtərəfli, obyektiv işıqlandırmaq Meydan TV-nin borcudur.

Meydan TV bir daha bəyan edir ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə iddialar çirkin təxəyyülün məhsuludur və müstəqil medianın susdurulmasına hesablanıb. Bu cür çirkin kampaniyalar Meydan TV-ni beynəlxalq media prinsiplərindən yayındıra bilməz.

Ana səhifəXəbərlərMeydan TV-nin müraciəti