“Məşhurların” yorulmamaq tamaşası

Fəttah Heydərov isə müsahibəsində hələ yorulmadığını, təkrar namizədliyinin istisna olmadığını vurğulayıb.

Source: Meydan TV


(Bu mövzudan hər kəsin çox yorulduğunu bilirəm və bundan çox utanıram)

İyirmi ilə yaxın yaşadığım “JEK” evi qəza vəziyyətindədir. Mövcud qanunlarla ölkədəki bütün belə evlər sakinlərin adına sənədləşdirilib. Mən hələ “JEK”in balansındayam. Müqaviləmdə təmir tələb etməmək şərti var. Özümün olmayan yeri təmir etməyə də mənim imkanım çatmır. Yəni, bundan ötrü əl tutacaq adamlar mənim sənədli-sübutlu evimə yardım edə bilərlər, “JEK”in deyil. Ərazinin daimi deputatı sənədləşmə üçün mənim təşəbbüs göstərməyimin vacib şərt olduğunu istisna etmir. Təşəbbüs göstərməyin tərcüməsi televizorda iqtidara “iman” gətirib müxalifəti söyməkdir. Yaradıcı yaltaqlıq nümayiş etdirməkdir. Çox şeylərdir ki, başladınsa, qalanı tuman söküyü kimi gəlir… Bax onda həmin “kupçanı” gətirib evdə verirlər adama.

Müxalifəti içindən çıxa bilmədiyimiz bataqlığa görə onsuz da hər fürsətdə qınayıram. Amma ha eləyirəm, iqtidara köklənə bilmirəm. Bundan ötrü milyon səbəbim var. Seçki mövsümünə düşən əhvalatlar isə başqa aləmdir. Həm də bir az o səbəblərdən keçib evimin sahibi ola bilmirəm.

Bu arada pilləkənimiz də sınıb. Dünən yüngülcə yıxılmışam, şükür bir yerim qırılmadı. Daha ehtiyatla hərəkət etmək lazım imiş. Belə baxanda çox əyləncəlidir, sadəcə qəzadan sonra bir az gözüm qorxub. Yoxsa ki, belə maniələri çox sevirəm. Hər şey normal olsa “Qoca və dəniz”, “Həyat eşqi” kimi şedevrlər yaranardımı? Kim bilir, bəlkə bizim pilləkən də kiçik bir ədəbi uğura imza atdı? Hələ ki, düşüb-çıxmağa bir neçə pillə qalıb, elə ki, növbə son pilləyə çatdı, onda əsil yaradıcı mühit yaranacaq. Gözləyək…

***

Qəbələdən ilk mandatalma əməliyyatında iki bütöv gün Fəttah Heydərovun alternativi ola bilmişdim. Peşman deyiləm. Amma o zamankı gömrük nazirinin atası kimi ağır “titullu” sabiq rəqibimi bir az peşman edə bilmişdim deyəsən. “Azadlıq” radiosundan başlayıb o vaxtın əlçatmaz MSK-sı Cəfər Vəliyevə, ATƏT-in Maykl Oksuna qədər gedib çıxmağım əhalinin heyrət effektini bir az azalda bildi. O aralar seçki yengələrindən biri hətta bizi görüşdürmək üçün vasitəçiliyini təklif etdi. “Yengə” sözü burda cinsi mənanı ifadə etmir. Kişilik və qadınlıq şərəfi topa bülletenlə şirmaya adam salıb, pərdə dalından güdənlərə aid deyil.

Fəttah Heydərova mandat verilsə də, lovğalıq olmasın, o seçkinin qalibi bir “oblavada” polisə götürülən yeddi icazəsiz namizəd oldu. Hətta dairənin sədri rəhmətlik Nofəl Süleymanov daxil olmaqla azad səsə-sözə hörmət edən hər kəsin o uğurda öz imzası vardı. Sonrakı dəfələrdə deputat mifi kökündən dağılıb lətifəyə çevrildi və heydərovların misilsiz gücü, sərvəti bu “təbii fəlakətin” qarşısını ala bilmədi. Etinasızlıq o dərəcəyə çatdı ki, növbəti şoularda daimi “heyranlar” özləri çalıb, özləri oynadılar.

Deputatlığının orta dövrlərində Qəbələnin mərkəzindəki Tarix-diyarşünaslıq muzeyindən çıxan Fəttah Heydərovla istəmədən “küçə söhbəti”miz baş verdi. Əslində o təsadüfdən uzaqlaşmaq üçün evə qalxanda geri qayıtmağa məcbur olmuşdum. Həmin əsnada gəlişini duyub gəlmiş xeyli vətəndaşların ilk fərdini necə pərt etdisə, adam birbaşa dönə bilməyib yerində fırlana-fırlana qaldı. Sonra elliklə nəsə istəyən qəbələlilərin əlindən parlamentdə doğru-düzgün otura bilmədiyini, bizim üzümüzdən xəcalət çəkdiyini deyib, adamda abır-hayanın yaxşı şey olduğuna çatanda özümü saxlaya bilmədim…

Nə ömrünün yarıdan çoxunu başçılıqda keçirən “professonal” Əlibala Məmmədovun him-cimi, nə də adamların üzündəki çaşqınlıq, narahatlıq yolumu kəsə bildi. Bir andaca Fəttah Heydərovun qarşısına dikilib qeyri-adi bir monoloqa başladım. İnsafən, yatımlı səsim var, dəli cəsarət, yaradıcı həyəcan, nostalji hisslərini də üstə gəlsək, auditoriya genişləndi. Başçının yalvarırcasına bizi “sakitləşdirməyə” çalışmasından, seyrçilərin təqdiredici baxışlarından ruhlanıb hələ çox danışardım. Birdən gözlərim qaralmağa, bədənim uçunmağa başladı. Son gücümlə son sözümü deyib ayrılarkən həyəcandan yıxılacağımı duydum. Yalnız iradəm gücünə bir neçə addım atmışdım ki, yanımda üstü “yamaqlı” bir “Moskviç”in qapısını açan sürücü: “Nazlı bacı, otur”, dedi.

O qapıdan necə keçdiyimi, sürücüyə nə dediyimi və ən pisi sürücünün kim olduğunu indiyə qədər xatırlamıram. Məni meydanda yıxılmağa qoymayan o adam qolumdan tutmuşdumu, sərbəst çatmışdımmı, bir də özümü balaca otağımızın ortasında gördüm. Çarpayının qırağına çöküb düşündüm ki, yaxşı ki, anam kənddədi. Hər şey yaxşı qurtarsa da, o gün çox yorulmuşdum…

***

O yorğun-bu yorğun, son günlər parlamentin buraxılıb-tutulması ilə bağlı reaksiyalara qarşılıq verə bilmədim. Fəttah Heydərov isə müsahibəsində hələ yorulmadığını, təkrar namizədliyinin istisna olmadığını vurğulayıb. Burdakı adətkərdələr də altıncı dəfə üçün qutunu hazırlayıblar. Nə deyirik, öz havalarına özləri oynasınlar. Onun övladı yaşında olan biz hətta seyrçi olmaqdan yorulmuşuq. Başımızı hara gəldi atıb yatmağa gedirik. Seçki bitəndə oyadarsınız.


P.S.

Bir zəhmət, ölkənin birinci ağsaqqalına xatırlatmaq yaddan çıxmasın: Bu ölkədə yorulmaq sadəcə fiziki əlamət deyil, daha çox mənəvi məsələsidir.

Ana səhifəXəbərlər“Məşhurların” yorulmamaq tamaşası