Mane Qarrinça – xalqın sevinci

Futboldan gedəndən sonra Qarrinçanın alkoqol asılılığı daha da artır.

Foto: Meydan Tv


"O, heç kəsin durdura bilməyəcəyi şeytan idi”

O, təzadların cəmləndiyi fiqur idi. Anadan doğulanda xeyli fiziki qüsurları vardı: çəpgözlük, onurğanın deformasiyası, çanaq sümüklərinin yerdəyişməsi, əyriayaqlılıq və nəhayət, sağ ayağın soldan 6 sm qısalığı. Həkimlər hesab edirdilər ki, onun yeriməsi artıq möcüzədir.

Amma o, həm də fövqəladə futbol istedadı ilə doğulmuşdu. Bununla yanaşı, bu istedadı məhv edən daha iki xüsusiyyəti vardı: içki və qadın düşkünlüyü. Məhz bu iki xüsusiyyəti üzündən nəhəng istedadına rəğmən ən böyük futbolçu deyil, ən böyük futbolçularından biri kimi tarixə düşdü.

***

Manuel (Mane) Fransisko dos Santos 1933-cü il oktyabrın 28-də Rio-de-Janeyro ştatının Mage şəhərində anadan olub. Yeniyetmə yaşlarından spirtli içkilərə nümayiş etdirdiyi meyl yəqin ki, atasından keçmişdi. Sonralar bütün dünyanın tanıyacağı ləqəbini birəbittənlər ailəsindən olan və qarrinça adlanan quşları ovlamağı sevdiyi və onların cikkiltisini məharətlə təqlid etdiyi üçün qazanmışdı.

Braziliyalıların əksəriyyəti kimi futbol oynamağa küçədə yalın ayaqlarla başlayan Qarrinça 14 yaşında tekstil fabrikində işə düzəlir və bu fabrikin "Pau Grande" adlı komandasında çıxış etməyə başlayır (tekstil fabriki çoxdan bağlansa da, klub indi də mövcuddur və 1000 nəfər tutan stadionu "Mane Qarrinça stadionu" adlanır).

Mane 16 yaşından etibarən "Pau Grande"nin əsas heyətində oynamağa başlayır və özünün əsas keyfiyyəti – müstəsna driblinqi ilə tamaşaçıların rəğbətini qazanır. Növbəti 4 il ərzində onun peşəkar futbol komandalarına keçmək istəyi müxtəlif səbəblərdən – əsasən də klub nümayəndələrinin bu qədər fiziki qüsuru olan adama etimadsızlıqlarından baş tutmur. Ştatın "Vasko da Qama", "San-Kristovan" "Flamenqo", "Fluminense" kimi komandaları onun xidmətlərindən imtina edirlər.

Peşəkar futbol karyerasına başlamaq üçün artıq gec olan bir vaxtda, 20 yaşında Qarrinçanın oyununu ştatın daha bir böyük komandasının, "Botafoqo"nun keçmiş oyunçusu (eləcə də Braziliya millisinin tərkibində 1 oyun keçirmiş) Arati Viana müşahidə edir. Ertəsi gün o, öz pulu ilə Maneyə butsa alaraq "Botafoqo"nun düşərgəsinə gətirir və məşqçiyə təqdim edir.

Sonra baş verənlər futbol həvəskarlarına yaxşı məlum olan əhvalatdır. Məşqçi Qarrinçaya qarşı oynamağı Braziliya millisinin adlı-sanlı müdafiəçisi Nilton Santosa tapşırır. Santos bu haqda yazır: "O, topu mənim ayaqlarımın arasından atdı və yoxa çıxdı. Dönüb ona çatmaq istəyərkən yerə yıxıldım". Məşq ərzində Qarrinça daha iki dəfə topu Santosun ayaqları arasından keçirməyə nail olur.

Məşqdə yaranan fasilə zamanı Santos komandanın məşqçisi Jentilu Kordoza yaxınlaşır və "Əgər bu oğlan başqa komandada oynasa, mən gecələr rahat yatmayacağam. Bizim komandada oynasa, başqa klubların müdafiəçiləri yatmayacaqlar" söyləyir. Nəticədə, "Pau Garande"yə cəmi 500 kruzeyro ödəyən "Botafoqo" futbolçuya sahib çıxır.

***

Beləcə, 1953-cü ildən başlayaraq Qarrinça "Botafoqo"da çıxış etməyə başladı. O, ilk rəsmi oyununa iyulun 19-da "Bonsusesso" komandasına qarşı oynadı və üç qol vuraraq het-trik etdi, komandası isə 6:3 hesabı ilə qalib gəldi. Bununla da o, "Botafoqo"nun əsas heyətində sağ kənar hücumçusu kimi yerini möhkəmlətdi.

O zaman Braziliyanın vahid çempionatı yox idi, ştatlar üzrə çempionat keçirilirdi. Rio-da-Janeyro ştatının çempionatı Karioka liqası adlanırdı. Qarrinçanın ilk illərdə yetəricə uğurlu çıxış etməsinə baxmayaraq, komandası titilsuz qalır. Bu illərdə "Flamenqo" dalbadal üç dəfə ştat çempionu oldu, dördüncü il isə növbə "Vasko da Qama"ya çatdı.

Hərçənd, azarkeşlər Qarrinçanı nə titullarına, nə də vurduğu qollara görə sevirdilər. Onları heyran edən əsas cəhət Manenin təkrarolunmaz driblinqi idi. Bu driblinq rəqib müdafiəçiləri çaş-baş salır, hətta müvazinətlərini itirərək yıxılmalarına səbəb olurdu. Belə hallarda stadionda alqışlarla yanaşı qəhqəhə səsləri ucalırdı.

Hətta rəqib komandaların azarkeşləri belə onun oyununa heyranlıqlarını gizlədə bilmirdilər. Təsadüfi deyil ki, bu illərdə Qarrinça "xalqın sevinci" (Alegria do Povo) ləqəbini qazanır. Bu zaman onun təkcə "Botafoqo" azarkeşlərinin deyil, futbolu sevən bütün insanların sevinci olduğu vurğulanırdı.

O, hələ "Pau Grande"də çıxış edərkən bir dəfə rəqib komandanın müdafiəçisi tərəfindən kobudluqla üzləşmişdi. Səfərdə baş tutan həmin oyunda bu kobudluqdan sonra rəqib komandanın azarkeşləri meydana daxil olaraq öz müdafiəçilərini döyməyə cəhd etmişdilər. Bu, yəqin ki, futbol tarixində yeganə belə haldır.

Nəhayət, 1957-ci ildə, "Botafoqo" ştat çempionu oldu. "Fluminense"yə qarşı final oyununda (6:2) Qarrinça 1 qol vuraraq, 4 məhsuldar ötürmə etdi. Deyilənə görə, "Botafoqo"nun beşinci qolundan sonra rəqib oyunçulardan biri Santosa deyir: "Siz artıq qalibsiniz, Qarrinçaya de, bizim müdafiəçiləri daha alçaltmasın". Mane həmin çempionatın ən yaxşı oyunçusu seçildi.

***

Qarrinça 1955-ci ildən Braziliya milli komandasına cəlb olunmağa başlayır, amma əsas heyətdə möhkəmlənə bilmir, ehtiyatda qalır. Bunun əsas səbəbi də fərdi oyuna daha çox meyl etməsi idi. Braziliyalılar 1950 və 1954-cü illər çempionatlarındakı uğursuz çıxışlarının səbəbini məhz fərdi oyunda görürdülər və indi kollektiv oyuna daha çox önəm verirdilər.

Bununla belə, Mane 1958-ci ilin dünya çempionatına hazırlaşan komandanın heyətinə daxil edilmişdi. Amma az qala özü özünü çempionatdan məhrum edəcəkdi. İtaliyanın "Fiorentina" komandasına qarşı yoxlama oyununda Qarrinça rəqiblərin üç müdafiəçisini (Robotti, Manyini, Çervato) və qapıçı Sartini keçir, lakin topu boş qapıya vurmur. Özünü yetirən Robottini bir daha aldadır, bu zaman driblinqi o qədər gözlənilməz olur ki, italiyalı yıxılmamaq üçün dirəyi qucaqlayır və yalnız bunda sonra qol vurur.

Qarrinçanın bu davranışı Braziliya futbolunun rəhbərləri tərəfindən etirazla qarşılanır, onu millidən uzaqlaşdırmağı qərara alırlar. Yalnız "Botafoqo"nun və millinin fiziki hazırlıq üzrə məşqçisi Paulo Amaral "Mane rəqibə hörmətsizlik və ya qeyri-ciddilik üzündən belə davranmır. Bu, onun futbol interpretasiyasıdır" deyərək onları fikrindən daşındırır.

Buna baxmayaraq, çempionatın ilk iki oyununda nə Qarrinça, nə də 17 yaşlı Pele oynamırlar. Millinin məşqçisi Vinsente Feola onların yerinə müvafiq olara Joel və Altafiniyə üstünlük verir. Bu iki oyunda "selesao" Avstriyaya qalib gəlir (3:0), İngiltərə ilə isə heç-heçə oynayır (0:0). Qrupdan çıxmaq üçün SSRİ ilə üçüncü oyun həlledici idi. Feola bu oyunda Qarrinça və Peleni oynatmaq qərarına gəlir.

Öncədən söyləyək ki, Pele bu oyunda xüsusilə yaddaqalan bir şey etmədi. Əvəzində Qarrinça Göteborqun "Ullevi" stadionunu sovet futbolçuları üçün cəhənnəmə döndərdi. O artıq matçın ilk dəqiqəsində Boris Kuznetsovu asanlıqla keçərək iti bucaqdan qapıya zərbə endirdi, amma top dirəyə dəydi. Sağ cinahdan daha bir reydi sovetlərin qapısı ağzında yanğın yaratdı. Nəhayət üçüncü dəqiqədə Yaşinlə təkbətək çıxan Vava hesabı açdı. Fransız jurnalisti Qabriel Ano matçın başlanğıcını "futbol tarixində ən möhtəşəm üç dəqiqə" adlandırdı.

Sovet futbolçusu Viktor Çarev sonralar xatırlayırdı: "O, heç kəsin durdura bilməyəcəyi şeytan idi. İstər bir nəfər, istərsə də iki-üç nəfər gözləsə də, saxlamaq mümkün deyil. Heyrətamiz futbolçu idi". Vavanın 77-ci dəqiqədə vurduğu daha bir qoldan sonra 2:0 hesabı ilə qalib gələn braziliyalılar 1/4 finala çıxdılar.

Əvvəlcə Uelsi (1:0), sonra isə Fransanı (5:2) məğlub edən Braziliya finalda ev sahibləri İsveçlə qarşılaşdı. Onlar oyunun 4-cü dəqiqəsində artıq qol buraxaraq hesabda geri düşdülər. Amma bu zaman Qarrinça işə başladı. Onun 9-cu və 32-ci dəqiqədə sağ cinahda iki oxşar reydi (hər ikisində rəqibin üç oyunçusunu keçdi) mərkəzə ötürmə ilə nəticələndi və hər ikisini Vava qola çevirdi. Bundan sonra üstünlüyünü daha da artıran selesao 5:2 hesabı ilə qalib gəldi.

Çempionatdan sonra tərtib edilən simvolik yığma komandada Qarrinça 13 qol vuran fransız Fonten və Pele ilə birlikdə hücum triosunu təşkil edirdi. Vətənə qayıdan Manenin ilk işi sevimli barına baş çəkərək dostları ilə qələbənin şərəfinə içmək oldu. Daha sonra isə çempionluğ görə aldığı mükafatla barın "nisyə dəftəri"ni qapatdı.

***

Qarrinça futbolda nə qədər dahi idisə, məişət məsələlərində bir o qədər sadəlövh idi. O, "Botafoqo" ilə müqavilə imzalayarkn ağ kağıza imza atırdı, nəticədə az maaş və ağır şərtlərlə üzləşirdi. Üstəlik, digər futbolçulardan, məsələn, Peledən fərqli olaraq qazancından sərmayə kimi istifadə etmirdi, hamısını xərcləyirdi.

Mane hər gün içirdi və çoxlu siqaret çəkirdi. Bundan əlavə, qadın düşkünü idi. Dostlarından birinin dediyinə görə, onun üçün gözəl və kifir qadın yox idi, hamısına tamah salırdı. Onun müxtəlif qadınlardan 14 uşağı olmuşdu. Əlbəttə, belə həyat tərzi həm fiziki göstəricilərinə təsir edirdi, həm də pullarını talan edirdi.

222627_220.jpg
Mane Qarrinça

O, imkan tapan kimi doğma şəhərinə gedir və burada küçələrdə, çimərlikdə ayaqyalın futbol oynayırdı. Qarrinça yəqin ki, tarixdə dünya çempionu olduqdan sonra mütəmadi olaraq küçə futbolu oynayan yeganə futbolçu idi.

1958-1960-cı illərdə "Botofaqo" titul qazana bilmir. Buna baxmayaraq, Qarrinça öz driblinqləri ilə azarkeşləri heyran etməkdə davam edir. "Xalqın sevinci" tituluna "Futbolun Çaplini", "Əyri ayaqlı mələk" titulları əlavə olunur. Sonralar "Flamenqo"nun əfsanəsinə çevriləcək Ziko deyirdi: "O, "Botafoqo"da oynasa da mən onu sevirdim və azarkeşlik edirdim. Çünki meydanda edə biləcəyi hər şeyi görmək istəyirdim".

Üç il uğursuz çıxışlardan sonra "Botafoqo" 1961-ci ildə yenidən ştat çempionu oldu. Bundan əlavə, futbolun güclü olduğu başqa bir ştat, San-Paulu ştatının klubları arasında keçirilən Rio-San-Paulu turnirinin də qalibi oldu. Həlledici oyunda "Palmeyras" 3:1 hesabı ilə məğlub edildi.

Qarrinçanın qeyri-sağlam həyat tərzi və 1958-1962-ci illərdə milli komandada elə də inamlı çıxış etməməsi üzündən Çilidə keçirilən VII dünya çempionatı öncəsi milli komandaya böyük tərəddüdlə dəvət olundu. Üstəlik, komanda Çiliyə yola düşən günü onu tapmaq mümkün olmurdu. "Botafoqo"nun məşqçisi barların birində sərxoş halda taparaq millinin düşərgəsinə göndərdi.

***

Çempionatın qrup turnirinin ilk oyununda Braziliya Meksikaya 2:0 qalib gəldi, ikinci turda Çexoslovakiya ilə qolsuz heç-heçə etdi. Üstəlik bu oyunda Pele zədələnərək çempionatın sonuna qədər sıradan çıxdı. Belə olduqda, hamının nəzəri Qarrinçaya yönəldi. Qrupun son oyununda selesao ispanlara qalib gəldi – 2:1. Həlledici qol 86-cı dəqiqədə Qarrinçanın sağ cinahda üç rəqibi aldadaraq Amarildoya ötürməsindən sonra vuruldu.

1\4 finalda rəqib İngiltərə idi. Əfsanəyə görə, braziliyalı jurnalistlərdən biri Qarrinçaya söyləyir ki, rəqiblərin yarımmüdafiəçisi Ron Flauers onu durduracağını vəd edib. Mane həmin oyunçunun əlamətlərini soruşur. Bu zaman Nilton Santos söyləyir ki, Flauersi tanımırsansa, hamısını aldat. Bu əhvalatın həqiqət olub-olmadığı bilinmir, amma həmin oyunda Qarrinça həqiqətən də ingilisləri meydana çıxmaqlarına peşman edir.

O, 31-ci dəqiqədə baş zərbəsi ilə hesabı açdı. İkinci hissədə hesan 1:1 ikən güclü cərimə zərbəsindən sonra qapıçı topu saxlaya bilmədi və Vava komandasını yenidən irəli çıxardı. Son nöqtəni də Qarrinça qoydu. O, 20 metr məsafədən elə də güclü olmayan zərbə ilə topu doqquzluğa göndərdi – 3:1.

Yarımfinalda isə rəqib ev sahibləri idilər. Qarrinça 9-cu dəqiqədə sol ayağı ilə qarşısıalınmaz zərbə endirərək hesabı açdı. 32-ci dəqiqədə isə baş zərbəsi ilə dubl etdi. Birinci hissənin son dəqiqələrində Toro yerli azarkeşləri ümidləndirdi – 2:1. Amma ikinci hissədə Vavanın dubluna da ev sahibləri yalnız bir qolla cavab verdilər. 4:2 hesabı ilə qalib gələn selesao finala çıxdı.

Finalda rəqib isə braziliyalıların qrupda uda bilmədikləri Çexoslovakiya komandası idi. Final oyununa yüksək hərarətlə çıxan Qarrinça əvvəlki iki matçda olduğu kimi yüksək oyun göstərə bilmədi. Əvəzində görüşün qəhrəmanı rəqibin qapıçısı Şroyf oldu, daha doğrusu antiqəhrəmanı. Əvvəlki oyunlarda çox inamlı təsir bağışlayan Şroyfun finalda iki kobud səhvi Braziliyanın qələbəsini asanlaşdırdı – 3:1.

Çempionluğun qazanılmasına Qarrinçanın töhfəsi çox böyük idi. Təsadüfi deyil ki, o, çempionatın ən yaxşı oyunçusu seçildi. Sonralar Braziliyanın idman şərhçisi, jurnalist Juca Kfouri söyləyirdi: "Yalnız iki futbolçu öz komandasını təkbaşına çempion edə bilib: 1962-ci ildə Qarrinça və 1986-cı ildə Maradona".

***

Həmin il Karioka liqasında Qarrinça "Botafoqo"nu dalbadal ikinci dəfə çempion etdi. Final oyununda "Flamenqo" darmadağın edildi – 3:0. Qollardan ikisini Qarrinça vurdu, birini də onun cinahdan sərt ötürməsindən sonra müdafiəçi öz qapısından keçirdi. Oyundan sonra azareşlər Maneni əlləri üstündə meydandan çıxardılar. Amma yekdil rəyə görə, bu oyun onun yüksək səviyyədə keçirdiyi son matç idi.

1959-cu idə dizindən aldığı zədənin nəticəsində osteoartroz inkişaf edirdi. Qarrinçaya əməliyyat və istirahət lazım idi. "Botofaqo" rəhbərliyi isə onu istismar etməkdə davam edirdi. Həm bu səbəbdən, həm də davam edən qeyri-sağlam həyat tərzi onun idman formasına təsirsiz ötüşmədi. 1966-cı ildə "Botafoqo" Qarrinçanı San-Paulu ştatının adlı-sanlı klubu "Korintians"a satdı.

Zəif oyun sərgiləməsinə baxmayaraq, Qarrinça 1966-cı il dünya çempionatında iştirak edən Braziliya millisində yer aldı. Amma bu futbol mütəxəssislərinin istəyi deyil, ölkədə hakimiyyətə yiyələnən hərbçilərin göstərişi idi. Çempionat uğursuz oldu. Bolqarıstan üzərində qələbədən sonra Macarıstan və Portuqaliyaya məğlub olan selesao qrupdan çıxa bilməyərək turniri tərk etdi.

Sonrakı 6 il ərzində müxtəlif klublarda oynamağa və dolanışığını təmin etməyə çalışan Qarrinça artıq insanlara sevinc bəxş edə bilmirdi. Əksinə, bəzən onu fitə basırdılar. Kolumbiyanın "Atletiko Junior" komandasında keçirdiyi yeganə oyundan sonra isə azarkeşlər Qarrinçanı pomidor və yumurta atəşinə tutdular. Nəhayət, 1972-ci ildə idmanı tərk etdi.

Futboldan gedəndən sonra Qarrinçanın alkoqol asılılığı daha da artır. Yaxınlarının bütün yardımı uğursuz olur: Manenin tərgitmək cəhdləri hər dəfə əyyaşlığa dönüşlə yekunlaşır. 1979-cu ildə ildə ona sirroz diaqnozu qoyulur. Buna baxmayaraq, içməkdə davam edir və xəstəxanaya düşmək halları get-gedə sürətlənir.

1983-cü il yanvarın 16-18-da üçgünlük "zapoy"dan sonra Qarrinça koma vəziyyətində növbəti dəfə xəstəxanaya düşdü. Yanvarın 20-də səhər saatlarında isə 49 yaşında vəfat etdi. Dəfnində 300 min insanın iştirak etdiyi futbolçunun məzarı üzərində "Burada xalqın sevinci olan şəxs – Mane Qarrinça uyuyur" yazıldı.

***

Qarrinça futbol tarixinin ən yaxşı sağ kənar hücumçusu, Peledən sonra Braziliyanın ikinci ən yaxşı futbolçusu sayılır. Beynəlxalq futbol tarixi və statistikası federasiyasının keçirdiyi sorğuya görə, XX əsrin ən yaxşı futbolçuları sırasında 8-ci yeri tutur. Dünyanın aparıcı idman dərgilərində çalışan jurnalistlər arasında keçirilən sorğu nəticəsində XX əsrin simvolik yığmasında yer alıb.

Ən heyrətamizi də odur ki, Mane Qarrinça bütün bunlara olduqca intizamsız və qeyri-sağlam həyat tərzinə rəğmən, sırf istedadı sayəsində nail olub. Buna görə də onu ən böyük futbol istedadı kimi qiymətləndirmək üçün bütün əsaslar var.

Ana səhifəXəbərlərMane Qarrinça – xalqın sevinci