Lerikdə torpaq sürüşməsi: ölən var

“Kənddə daha bir ev də qəzalı durumdadır”

Source: Meydan TV

Martın 7-də Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi olub. Sürüşmə nəticəsində kənddəki evlərdən biri uçub.

Uçan evin sakini Arif Əlirzayev dağıntı altında qalaraq həlak olub. Ailənin digər 3 üzvü isə yüngül xəsarətlərlə Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumatı Meydan TV-yə Çayrud kəndinin sakini Rakif Hüseynov verib. Bildirib ki, ətrafdakı evlərdən başqa uçan olmayıb. Ancaq kəndin girişindəki daha bir ev də qəzalı vəziyyətə düşüb və hər an uça bilər:

“Həmin ev də çatlayıb. Hər an uça bilər. Bu il Lerikə qar ötən illərdəkindən çox yağıb. Elə həmin qarın əriməsi zamanı torpaq sürüşmələri olur. Digər qəzalı evlə bağlı bu gün Lerik Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə məlumat vermişik. Ümid edirik, bir tədbir görərlər”.

İş günü olmadığından məsələyə Lerik Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

untitled9_sabaxr8
Uçan evin sakini Arif Əlirzayev
Ana səhifəSosialLerikdə torpaq sürüşməsi: ölən var