Kişi-qadın bərabərsizliyi: Tarixi köklər

Tarixin gedişində ortaya çıxan sivilizasiyaların əksəriyyəti kişi tanrılara və peyğəmbərlərə inandılar.

Foto: Meydan TV


Bizim bugünkü hegemon mövqeyimiz, çoxumuz həzm etmək istəməsək də, əslində bir bitkinin-buğdanın gətirdiyi dəyişikliyin nəticəsidir

Son günlər gənc xanımların intiharları öz ardınca cəmiyyətdə kişi-qadın bərabərsizliyi problemini müzakirəyə çıxardı. Bəs, məsələnin həlli nədədir?

Bizim cəmiyyət olaraq ən böyük problemlərimizdən biri məsələyə yanaşarkən səbəbləri saya almamağımız, əsasən nəticə üzərində fokuslanaraq onun ətrafında müzakirələr aparmağımızdır. Halbuki, mülki həyatın müxtəlif sferalarındakı bir çox problemin kökü tarixə və min illik ənənələrə gedib çıxır.

Azərbaycanda orta məktəblərdə, hətta universitetlərdə keçilən tarix proqramı kosmetikalanmış, hamarlanmış tarixdən ibarətdir. Ən əsası əzbərçiliyə meyilli, oxuyan şagirdin, tələbənin hadisələrin, dəyişikliklərin, problemlərin səbəblərini anlamasına deyil, onun haqqında məlumatlı olmasına yönələn proqramdır. Bunda heç şübhəsiz sovet doqmatizminin və cəmiyyətin dini ehkamlarına toxunmaq qorxusunun da rolu var.

Əslində isə dünyada insanlığın yarandığı dövrdən bugünədək bizə öyrədiləndən çox fərqli şeylər yaşanıb.

Orta məktəbdə tarixi ortabab oxuyan hər bir şagird tarixin böyük bir dövründə qadınların hökmranlıq etdiyi dönəmin-Anaxaqanlıq dönəminin mövcud olduğunu bilir. Bu dönəmin niyə və necə sonlanıb, hakimiyyətin kişilərə necə keçməsi, bu dəyişikliyin sivilizasiyamız üçün hansı nəticələr yaratması ilə bağlı isə azərbaycanlı şagird-tələbə məlumatsız buraxılır.

Bəs əslində tarixin bizə öyrədilməyən hissəsi nədən ibarətdir? Kişi cinsi hakimiyyəti necə ələ aldı? Köçəri, çöllərdə yaşayan homo sapienslər idik, qadın ana-xaqanların idarəsi altında yaşayırdıq; necə oldu ki, kişi cinsi olaraq hakimiyyəti ələ alıb, öz yaratdığımız fərqli tanrılara inanmağa başladıq, güc-sərvət uğrunda ölüb, öldürdük, Romanı quran, Burj Khalifanı ucaldan sivilizasiyanı yaratdıq?

Bu yazıda kişili, qadınlı bizim hamımızın bu günə necə gəlməyimizin qısa hekayəsini oxuyacaqsınız.

Çox absurd görsənsə də, hər şey bir bitki ilə başladı.

Buğda ilə. Bundan 12 min il əvvəl, eramızdan əvvəl 10-cu minilliyin başlanğıcında(maraqlıdır ki, bizə orta məktəbdə buğdanın ile.ə 9-cu əsrdə əkildiyini öyrədirdilər) insanlıq buğdanı əhilləşdirdi. Elmi adı Triticum L olan bu bitki bəşəriyyətin 1.5 milyon illik tarixini kökündən dəyişdirdi.

Buğdanın əhilləşdirilməsinə qədər əksərən köçəri qəbilələrdə, sürü halında yaşayan insanlıq çox qısa müddət ərzində müasir sivilizasiyanı yaratdı. İdarəçilik qadınlardan kişilərə keçdi. Mülkiyyət yarandı. İlk dinlər ortaya çıxdı. Ardınca dövlət yarandı və hekayənin bundan sonrakı hissəsini aşağı-yuxarı hamımız bilirik. Bəs bütün bunlar necə baş verdi? Kiçik dənli bitki bütün bunları necə bacardı?

E.ə 10-cu minilliyin başlanğıcında Yuxarı Mesopotimiyanın ovçu-toplayıcı qəbilələri ilk buğda tarlalarını saldılar. Əslində başlanğıcda təsadüf nəticəsində. Yabani halda yetişən buğda daşınarkən böyük miqdarlarda yerə tökülürdü və daşındığı yollar boyunca təbii əkin sahələri yaradırdı. Böyük doyurucu potensiala sahib olan bu bitki qida tapmağın ən böyük problem olduğu insanlıq üçün bir işıq idi və atalarımız bu bitkidə olan işığı görərək onu daimi şəkildə becərməyə başladılar.

Buğda olduqca nazlı bitkidir, daimi qulluq, nəzarət tələb edir.

Bu səbəbdən ilk əkin sahələrinin yaranması köçəri həyatdan daimi məskunlaşmaya keçidi məcburi etdi.

O vaxtadək əsasən köçəri halda yaşayan qəbilələri qadınlar idarə edirdi. Əlbəttə, istisnalar da var idi, lakin hakimiyyət çoxluq halında qadınlarda idi.

Köçəri halda yaşayan qəbilələrdə çox məhdud olan resurslara nəzarət və nizam yaratmaq ən vacib iş idi. Bu məsələdə isə qadınlar daha üstün olduqlarından, eləcə də doğum və artımı təmin edən cins olma üsünlüyündən gələn təbii haqlardan dolayı həm siyasi, həm də ailə hakimiyyəti qadınlarda idi.

Buğda bunu da dəyişdirdi.

Oturaq həyatın yaranması yarı-dağınıq halda olan qəbilə birliklərini möhkəmlətdi. Eləcə də mülkiyyət yarandı.

Köçəri insanın daşıya biləcəyi əşya sayı məhdud olduğundan mülkiyyət anlayışı çox məhdud idi. Buğdanın əkilməsindən sonra isə artıq oturaq həyat mövcud olduğundan mülkiyyətin ortaya çıxması qaçınılmaz idi. Daha böyük əkin sahəsi, daha yaxşı ev, daha çox insan üzərində hakimiyyət o vaxtadək çox kövrək və məhdud şəkildə mövcud olan güc mübarizəsini insanlığın əsas istiqamətinə çevirdi. Bu da öz ardınca kişilər arasında güc rəqabətini, eləcə də erkən tayfa birlikləri arasında müharibələri gətirdi. Güc rəqabəti və müharibələr isə fiziki gücə ehtiyac duyurdu. Fiziki cəhətdən daha güclü olan kişilər döyüşçü olmağa qadınlara nisbətən daha uyğun idilər. İlkin dövrlərdə qadın döyüşçülər də kifayət qədər idi, lakin zamanla nisbət kişilərin lehinə əzici üstünlüklə dəyişdi. Və beləliklə, hakimiyyət yavaş-yavaş kişilərə keçməyə başladı.

Mülkiyyətin yaranması özü ilə başqa bir dilemmanı-mülkiyyətin ötürülməsi dilemmasını ortaya çıxarmışdı. O vaxtadək çoxarvadlılıq, çoxkişililik qəbilələrdə geniş yayılmışdı. Daha doğrusu, əsas yaşam tərzi idi. Sahiblənmək anlayışı yox idi. Seksual partnyor müvəqqəti idi, daim dəyişirdi. Doğulan uşaqlar əksər hallarda atalarının kimliyini bilmirdilər. Anaya sitayiş və qadın hakimiyyətinin güclü olması həm də bununla bağlı idi (Hətta günümüzdə belə Afrikada evlilik anlayışının olmadığı, kişi və qadınların daimi şəkildə partnyor dəyişdirdiyi, doğulan uşaqlara isə ortaq şəkildə baxılan qəbilələr var).

Mülkiyyət və mülkiyyəti ötürmək dilemması bütün bunları dəyişdirdi. Atalarımız sahib olduqları, uğrunda mübarizə apardıqları mülkiyyəti təsadüfi birinə ötürmək istəmirdilər. Bu də təkkişililiyi gətirdi. Bir qadının bir neçə kişisi olması mümkün deyildi, çünki bu zaman doğulan övladın kimə məxsus olması bilinməyəcəkdi. Kişi isə qadını yalnız ona məxsus olduğu və övladının ondan olduğuna əmin olduğu üçün bütün övladlarına və onların analarına baxa bilərdi, bir kişinin bir neçə qadının olması mülkiyyəti ötürmək baxımından problem deyildi. Buna görə də qadınlar cəmiyyətdəki hakimiyyətlərini itirməklə bərabər, yavaş-yavaş ailə daxilində də ikinci şəxsə çevrildilər.

Dəqiq tarix bilinməsə də, təxminən e.ə 9600-cü illərdə hakimiyyətin tam şəkildə kişilərə keçdiyi ehtimal olunur.

Gücü və hakimiyyəti ələ aldıqdan sonra əsas iş bunları qorumaqdır. Atalarımız da bunu etdilər.

İbtidai bir cəmiyyətdə güclü nizam qurmağın ən yaxşı yolu isə dindir. Biz bunun təsadüfdən, ya planlaşdırılmış şəkildə baş verdiyini bilmirik, lakin effektiv olduğunu tarix sonradan dəfələrlə sübut etdi.

O vaxtadək müxtəlif fövqəlgüclərə, küləyə, yağışa, günəşə, aya, hətta ağaclara və heyvanlara sitayiş olunurdu. Lakin artıq davamlı və cəmiyyətləri idarə etməyə imkan verəcək dinlər lazım idi. Beləcə ilk dini məbədlər yarandı.

Bu gün bilinən bütün dinlər, ilk paqan tanrılarından peyğəmbərlərə qədər din deyəndə ağlımıza gələn hər kəs və hər şey buğdanın becərilməsindən sonra ortaya çıxıb.

İlk yaranan dinlər güc sahiblərinin maraqlarına xidmət etmək üçün yaradılmışdı. Buna görə də bütün ibtidai tanrılar kişi idilər. Sonradan bir çox qadın tanrıça da yaradıldı, lakin bu çox az sayda və məhdud yerlərdə mövcud oldu. Bilinən ilk tanrılar arasında, timsahlar, inəklər hətta xəyali heykəllər də var idi, lakin bu halların hamısında dini liderlər, məbəd kahinləri yalnız kişilər idi.

Tarixin gedişində ortaya çıxan sivilizasiyaların əksəriyyəti kişi tanrılara və peyğəmbərlərə inandılar.

Və bu günümüzədək davam etdi.

Yeri gəlmişkən, kişi-qadın bərabərliyini təbliğ edən feminizm ideologiyası ona görə başqa yerdə yox, xristian qərbində ortaya çıxdı ki, xristian dinindəki iki əsas personajdan biri-Məryəm qadındır. Eləcə də "müqəddəslər" arasında çoxlu qadınlar var. Metafora ilə deyə bilərik ki, əslində feminizm 19-cu əsrdə yox, 1-ci əsrdə yaranıb. Eramızın 49-cu ilində vəfat edən Müqəddəs Veronika İsa ilə qan bağı olmayan ilk qadın "müqəddəs" idi. Bu gün qərb cəmiyyətlərində mövcud olan kişi-qadın bərabərliyinin ideoloji kökündə şübhəsiz Məryəm başda olmaqla xristian dininin qadın müqəddəsləri(əzizə) dayanır.

Qərbdə din təkamül keçdi, zəiflədi, yerini mütərəqqi dəyərlərə buraxdı, lakin bu gün insan haqları kimi mütərəqqi dəyərlərin hamısının istinad nöqtəsi dini mətnlərdir.

Dinlərin ardınca dövlətlər ortaya çıxdı. Hökmdarlar əlbəttə ki, kişilər idi. Ya ən güclü qəbilələrin ən güclü kişiləri, ya da nüfuzlu din xadimləri. Və ya ikisinin sintezi: güc yolu ilə dini liderliyi ələ alan kişilər. Qədim misirdə fironların bir neçə nəsildən sonra tanrı hesab edilməsinin kökü ilk fironun həm də kahin olmasına gedib çıxır.

Dövlətlər yarananda artıq kişi cinsi olaraq hökmran idik.

Dövlətlər yarandıqdan sonra baş verənlər isə populyar tarixdir və ümumi cizgilərini hamımız bilirik.

Çoxluğun təhsil sisteminin qüsuru nəticəsində məlumatsız qaldığı hissə, bu günədək davam edən kişi hegemoniyasının kökləri ilə bağlı idi ki, bu yazıda da qısa şəkildə izah verməyə çalışdım.

Bizim bugünkü hegemon mövqeyimiz, çoxumuz həzm etmək istəməsək də, əslində bir bitkinin-buğdanın gətirdiyi dəyişikliyin nəticəsidir.

Eyni zamanda xanımlar da kişi hegemoniyasına qarşı irad bildirəndə gərək bu faktı nəzərə alsınlar.

Ana səhifəXəbərlərKişi-qadın bərabərsizliyi: Tarixi köklər