Kerolayn Herşel – İngiltərə hökumətindən əməkhaqqı alan ilk alim qadın

1802-ci ildə Kraliyyət Astronomiya Cəmiyyəti “Fəlsəfi əsərlər” jurnalında Kerolaynın yeni kataloqunu dərc edir, amma neyçünsə müəllif olaraq Uilyam Herşeli göstərir.

Source: meydan.tv


"Keşmişin və bugünün astronomiyaya aid sənədləri qaldığı müddətcə Kerolayn Herşelin xatirəsi yaşayacaq və həmişə də buna layiq olacaq. Elə bir günün gələcəyinə ümid edirik ki, qadının astronomiyada şöhrət qazanması o, sadəcə qadın olduğu üçün ekzotik hesab olunmayacaq”.


Kraliyyət Astronomiya Cəmiyyəti

Kerolayn Herşel – əvvəl müğənni, sonra məşhur astronom olmuş, alim olaraq əməkhaqqı almış ilk qadın, İngiltərədə dövlət məmuru vəzifəsinə təyin edilmiş ilk qadın, Kraliyyət Astronomiya Cəmiyyətinin qızıl medalını almış ilk qadın, həm bu qurumun, həm də İrlandiya Kraliyyət Akademiyasının fəxri üzvü, Uran planetini kəşf etmiş məşhur astronom Uilyam Herşelin bacısı.

Kerolayn Lukresiya Herşel Almaniyanın Hannover şəhərində, hərbi orkestr dirijoru İsaak Herşelin 8-ci övladı və dördüncü qızı olaraq dünyaya gəlib (1750). Qızlardan ancaq o və 15 yaş böyük Sofiya sağ qalıb. Bacısı ərə gedəndə cəmi 5 yaşı olan qızcığaz ev işlərində anasına kömək etməli olub. Ailədəki bütün uşaqlar kimi, onun da təhsil səviyyəsi ancaq yazmağı və oxumağı bacarmaqla məhdudlaşıb. Atası onlarla evdə məşğul olmağa cəhd edəndə bundan ən az faydalana bilən Kerolayn olub.

Çünki 10 yaşı olanda qızcığaz tif xəstəliyinə yoluxub, inkişafı yavaşlayıb, nəticədə Kerolaynın boyu cəmi 1,30 metrə qədər uzanıb, sol gözü görmə qabiliyyətini itirib və bütün bunlara görə anası Anna hesab edib ki, bu halıyla heç vaxt ərə gedə bilməyəcək qızının təhsil almasına ehtiyac yoxdur, ev işlərinə kömək etməsi kifayət edər.

Bu sərt təbiətli qadın evdə olmayanda atası oğullarıyla birlikdə Kerolayna da skripka çalmağı öyrədib. Onun vəfatından (1767) sarsılan gənc qız özünə çörəkpulu qazanmaq üçün mürəbiyyəlik peşəsini öyrənməyə, qonşu qadından tikiş və əl işi dərsləri almağa cəhd edib, ancaq öhdəsindəki ev işlərinin çoxluğu ucbatından bu peşələrin heç birinə tam olaraq yiyələnə bilməyib.

Bir müddət sonra qardaşı Uilyam onu yanına – İngiltərənin Bat şəhərinə çağırıb. Anası qətiyyətlə buna qarşı çıxıb, ancaq qardaşının müdaxiləsi sayəsində Kerolayn, nəhayət ki, İngiltərəyə yollana bilib (1772).

****

Bat şəhərində yaşayan, orqan ifaçısı olan Uilyam musiqi müəllimi və kilsə xorunun dirijoruydu, tez-tez kütləvi konsertlər təşkil edirdi.

Kerolayn qardaşından ifa sənətini öyrənməyə başlayır. Eyni zamanda, təhsil almaq arzusu da reallaşır – onunla həm qardaşı məşğul olur, həm də yerli müəllimlərdən ingilis dili və riyaziyyat dərsləri alır. Klavesində çalmağı da öyrənən Kerolayn qardaşının təşkil etdiyi konsertlərdə əvvəl musiqiçi, sonra ifaçı kimi iştirak edir, bir müddət sonra populyarlaşır, hətta Birmingem festivalında səhnəyə əsas solist olaraq çıxır (1778). Ancaq qardaşından ayrı heç bir tədbirə qatılmaq istəmədiyi üçün solistlik karyerası bitməyə başlayır, çünki Uilyam astronomiyaya daha çox vaxt ayırmaq üçün musiqiyə getdikcə daha az vaxt ayırır.

Bu sahədə də qardaşının ən yaxın yardımçısına çevrilən Kerolayn sonralar “Xatirələr” adlı bioqrafik əsərində həyatının bu dövrü haqqında belə yazacaqdı: “Mən qardaşımçün yaxşı öyrədilmiş küçüyün edə biləcəyindən daha çox iş görməmişəm. Yəni o mənə nə əmr edibsə, onu etmişəm”. Amma Kerolayn məhz qardaşı sayəsində astronomiyayla maraqlanmağa başlayır və zəmanəsinin ən məşhur elm adamlarından birinə çevrilir.

****

Satışdakı linzaların keyfiyyətindən narazı olan Uilyam öz teleskopu üçün linza düzəltməyə başlayır və Kerolayn işdən başını qaşımağa belə vaxtı olmayan qardaşının qulluğunda durub onu elə iş başındaykən yedizdirir, ona kitab oxuyur, gələn məktubları cavablandırır. Bacısının işgüzarlığı sayəsində məişət qayğılarından azad olan və bütün diqqətini işinə verən Uilyam Herşel yeni linzasını hazır edəndən bir müddət sonra Uranı kəşf edir (1781).

Musiqi sahəsindəki fəaliyyətləri əvvəlki kimi keyfiyyətli olmayan və artıq tənqid edilməyə başlayan bacı-qardaş son dəfə 1782-ci ildə – saray astronomunun kral III Georq üçün təşkil etdiyi qapalı tədbirdə çıxış edirlər.

Sonrakı dönəmdə artıq Kerolayn da güzgüləri cilalamaq, teleskopları maksimum işıq tuta biləcək mövqelərdə yerləşdirmək işinə qoşulur; astronomik kataloqların üzünü köçürməyi, qardaşının səma müşahidələrini yığcam hala salıb qeydə almağı öyrənir. Sürət, dəqiqilik və səliqə tələb edən bu işlərin öhdəsindən Kerolayn çox məharətlə gəlir.

Uilyam 3000 ulduzun kataloqu üzərində işləməyə başlayanda Kerolyna təklif edir ki, səmanı müşahidə edib maraqlı obyektlər axtarsın. Əvvəlcə bu iş missis Herşelin xoşuna gəlmir, darıxır, özünü çox tənha hiss edir; ancaq zamanla həvəslənir və artıq göy üzünü maraqla tədqiq etməyə başlayır.

1782-ci ildə Kerolayn birinci kitabının ilk səhifələrini yazmağa başlayır (Hazırda bütün kitabları Kraliyyət Astronomiya Cəmiyyətində saxlanır).

1783-cü il fevral ayının 26-sında isə ilk kəşfini edir – fransız astronom Şarl Messyenin tərtib etdiyi (1774) kataloqda olmayan ulduz dumanlıqlarını kəşf edir; Messyenin daha əvvəl gördüyü, amma kataloqa daxil etmədiyi “Messye 110” dumanlığını da elə həmin gecə aşkar edir.

****

Bir il sonra Uilyamın Kerolayn üçün düzəltdiyi teleskop hazır olur və o, dərhal müstəqil araşdırmalara başlayır. Amma tezliklə qardaşına yenə onun köməyi lazım gəlir – ulduzları həm müşahidə etmək, həm də qeydiyyatını aparmaq çətin olduğuna görə Kerolayn pəncərənin yanında durub qardaşının yuxarıdan dediklərini yazmağa başlayır. Bu, xeyli mürəkkəb prosesiydi, çünki Uilyamın identifikasiya üçün istifadə etdiyi, amma onun gördüyü işə çox da uyğun gəlməyən bürclər kataloquna (ilk saray astronomu Con Flamstidin kataloqu) baxmaq lazım gəlirdi.

Ona görə də Kerolayn şümal qütbü məsafəsinə nəzərən qeydlər aparmağa başlayır, öz kataloqunu yaradır. İlk günün qeydlərini o, “göylərin qayğısını çəkmək” adlandırır.

1 avqust 1786-cı ildə Kerolayn Herşel özünün ilk kometasını kəşf edir, sonrakı 11 il ərzindəsə (1786-97) daha 7-sini. Mübahisəsiz olaraq onun kəşfi kimi qəbul eilən 5 kometa məşhur “Fəlsəfi əsərlər” jurnalında dərc olunur.

Kerolaynın ilk kometasını kraliyyət ailəsinə nümayiş etdirmək üçün Uilyam Herşeli Vindzor qəsrinə dəvət edirlər. Bu kəşf haqqında qeydlərini o, “Bacımın kometası” adlandırır.

(Bir çox mənbədə Kerolayn kometa kəşf edən ilk qadın kimi təqdim olunur, əslində isə bunu 1700-cü illərin əvvəllərində almaniyalı astronom Mariya Kirh edib, amma həmin kəşf Qotfrid Kirhin – Mariyanın ərinin adına yazılıb).

1787-ci ildə Böyük Britaniya kralı III Georq Kerolaynı rəsmən Uilyamın köməkçisi təyin edir və ona 50 funt sterlinq məbləğində illik maaş ayırır (indiki məzənnəylə 6200 funt sterlinq). Bu təyinat missis Herşeli İngiltərə hökumətində təmsil olunan və astronomiya üzrə fəaliyyətinə görə əmək haqqı alan ilk qadına çevirir. Bu, o vaxtlarıydı ki, elmi fəaliyyətə görə hətta kişilərə də nadir hallarda pul verilirdi. Bununla belə, Kerolayn Uilyamın köməkçisi kimi yox, müstəqil fəaliyyətinə görə maaş almaq arzusundaydı və sonralar bunu bir neçə əsərində dilə gətirəcəkdi.

Hərçənd qardaşıyla əməkdaşlıq sonrakı illərdə də ona uğur qazandırmışdı: 1797-ci ildə Uilyam Herşel Con Flamstidin kataloqunda xeyli yanlışlıq olduğunu aşkar etmiş və özünün vaxtı olmadığı üçün onları araşdırmağı bacısına məsləhət görmüşdü. Kerolayn bu işə iki ilə yaxın vaxt sərf edərək Flamstidin hər bir ulduza aid bütün müşahidələrini, səhvlərinin siyahısını və kataloquna salmadığı 560 ulduzun adını qeyd etmişdi.

Onun gərgin əməyi sayəsində ortaya çıxmış “Cənab Flamstidin müşahidə etdiyi ulduzlar kataloqu “Səmanın tarixi” (“Historia Coelestis”) əsərinin ikinci cildindədir və Britaniya kataloquna daxil edilməyib” adlı bu yeni kataloq Kraliyyət Astronomiya Cəmiyyəti tərəfindən dərc edilmişdi.

****

Maraqlıdır ki, Kerolayn arzuladığı müstəqilliyi ona çox da xoş gəlməyən hadisə sayəsində qazanıb – qardaşının evlənməsi nəticəsində.

Uilyamın dul və varlı qadın Meri Pittlə ailə qurması bacı və qardaş arasındakı münasibətlərin soyumasına gətirib çıxarır. Qardaşına pərəstiş edən, onların çoxillik birgə həyatına müdaxiləni qısqanclıqla qarşılayan Kerolayn əslində çox da haqsız deyildi. Çünki bu evlilik onun ev sahibəsi statusunu dəyişir, həyətdəki digər tikiliyə köçməsinə səbəb olur. Kerolayn işləmək üçün hər səhər Uilyamın yanına getsə də, artıq nə iş yerinin, nə də rəsədxanın açarı onda olur. Həmin illərdə (1788-1798) yazdığı gündəlikləri sonradan yandırması – orda yazılanları başqalarının görməsini istəməməsi missis Herşelin o dövrdə xeyli acı çəkdiyini göstərir.

Bacı və qardaş birlikdə çalışmağa davam edirlər, amma Kerolayn artıq xeyli müstəqil fiqura çevrilir və təkbaşına bir çox kəşfə imza atır, ona professional baxımdan inkişaf etmək fürsəti qazandıran layihələr üzərində işləyir.

1799-cu ilin avqustunda kraliyyət ailəsi onu Qrinviçə qonaq çağırır. Bir həftə orda qalan Kerolayn üçün bu, müstəqil fəaliyyətinin rəsmən tanınması demək idi.

Sonrakı ilərdə o və ledi Herşel arasındakı münasibətlər nisbətən yaxşılaşır, hətta xanımlar bir-birilərinə nəzakətli məktublar da yazırlar. Uilyamın özü kimi astronom olan oğlu Con Herşeli isə Kerolayn böyük məhəbbətlə sevir.

CAROLINE-HERSCHEL.jpg
Kerolayn Herşel

1802-ci ildə Kraliyyət Astronomiya Cəmiyyəti “Fəlsəfi əsərlər” jurnalında Kerolaynın yeni kataloqunu dərc edir, amma neyçünsə müəllif olaraq Uilyam Herşeli göstərir. Bu kataloqda Kerolayn bəlli olan 2000 ulduz dumalığına 500 yenisini əlavə etmişdi.

Sonrakı illərdə Kerolayn Herşel ulduz dumanlıqları və topluluqlarını eyni qütb məsafəsinə nəzərən zonalar üzrə qruplaşdırır – qardaşı oğlu Con sistematik olaraq onlara baxa bilsin deyə. Bu siyahı sonradan genişləndirilərək “Yeni ümumi kataloq” adlandırırlır.

Uilyam vəfat edəndən sonra (1822) İngiltərədə qalmaq istəməyən Kerolayn geri, Hannoverə qayıdır. Burada fəaliyyətini davam etdirərək qardaşının elmi fikirlərini yoxlamaq və təsdiq etmək üçün astronomik araşdırmalarını davam etdirir. Con Herşelə yardım üçün dumanlıqlar kataloqu dərc etdirir. Hannover arxitekturası səmanı müşahidə etməyə mane olduğu üçün missis Herşel daha çox kataloqlar üzərində çalışmağa başlayır.

Kerolayn müşahidə dəftərinə son qeydini 1824-cü cü ilin 31 yanvarında yazır – bir ay əvvəl kəşf edilmiş Böyük Kometanın səmada bir də 1832-ci ildə görünəcəyini bildirir.

1828-ci ildə Kraliyyət Astronomiya Cəmiyyəti onu qızıl medalla təltif edir – Kerolayn bu mükafata layiq görülən ilk qadın olur (İkincisi 168 il sonra verilib).

Yaşının ahıl çağlarında da aktiv həyat sürən Kerolayn Hannoverə gələn məşhur alimlərlə, o cümlədən Karl Fridrix Haus, Aleksandr fon Humbolt və İohan fon Medlerlə görüşməkdə davam edir, memuar yazır, boyunun balacalığı ucbatından başqa orijinal kəşflər edə bilməməsindən təəssüflənir, ona mütəmadi diqqət göstərən kral ailəsiylə, xüsusilə də Kembric hersoqu Adolf Frederiklə yaxın münasibətdə olur. 1839-cu ilə qədər bütün teatr tamaşalarına və konsertlərə gedir.

1832-ci ildə 83 yaşlı bibisini ziyarətə gələn Con Herşel ordan xanımına göndərdiyi məktubda belə yazır: “O mənimlə birlikdə bütün şəhəri gəzir, pilləkənləri çox rahat qalxır. Günorta 11-12-yə kimi darıxdırıcı və yorğun olur, amma günorta canlanır, axşam 10-da isə “gənc və şən” birinə çevrilir, onu görən hər kəsi heyrətə gətirərək köhnə mahnıları zümzümə edir və hətta rəqs edir!”

96 yaşı bitəndə A.Humbolt ona Prussiya kralının qızıl medalını təqdim edir. Növbəti ad gününü Kerolayn varis şahzadələrlə keçirir, onlara qardaşı Uilyamın bəstələrindən oxuyur.

97 yaşında missis Herşelə sevimli qardaşı oğlunun – böyük elm adamı, astronom, riyaziyyatçı və ixtiraçı olan Con Herşelin “Ümid Burnunda müşahidələr” adlı möhtəşəm araşdırma əsərinin dərcini görmək nəsib olur. Bu kitabın hazırlanmasında onun da əməyi olmuşdu.

Bir il sonra – 1848-ci ildə Kerolayn evində, sakit bir ölümlə dünyadan köçür. Kraliyyət ailəsinin sifarişiylə tabutuna gül çələngi, öz vəsiyyətinə görəsə Uilyamdan xatirə olaraq saxladığı bir tutam saç qoyulmuş missis Herşel “Qartengemeynd” qəbirstanlığında – valideynlərinin yanında dəfn edilir. Qardaşı Uilyamla birlikdə 20 il ərzində 2400 astronomik cisim aşkar edən bu möhtəşəm qadının xatirəsini əbədiləşdirmək üçün iki səma cisminə onun adı verilib: 1888-ci ildə kəşf olunmuş 281№-li kiçik planet “Lukresiya” adlanır. Aydakı “K.Herşel” karterini də onun şərəfinə belə adlandırıblar.

Bundan başqa, feminist rəssam Cudi Çikaqo tarixi qadınlara həsr etdiyi məşhur “Şam yeməyi” tablosunda Kerolayn Herşelin də şəklini çəkib.

Anadan olmasının 266-cı ilində – 2016-cı il martın 16-sında “Google” öz loqotipini ona həsr edib.

Ana səhifəXəbərlərKerolayn Herşel – İngiltərə hökumətindən əməkhaqqı alan ilk alim qadın