Elgün Quliyev

Mənbə: Foto: Meydan tv

Başlıq: Elgün Quliyev

Keçmiş məhbus: Həbsxanadan çıxıb, sənədsiz qalmışam

Elgün Quliyev 10 aydır ki, şəxsiyyət vəsiqəsi ala və qeydiyyata düşə bilmir

“10 aydır ki, həbsxanadan buraxılmışam, sənəd üçün müraciət edirəm, “sən Azərbaycan vətəndaşı deyilsən”, - deyib, sənəd verməkdən imtina edirlər”.

42 yaşlı Elgün Quliyev Meydan TV-yə danışır ki, 2004-cü ildə avtoqəza törədib və həbs olunub. İstintaq zamanı onun az əvvəl Rusiyada da cinayət törətdiyi üzə çıxıb, hər iki cinayətin istintaqı Laçın Rayon Prokurorluğunda birləşdirilib və Elgün Quliyev Azərbaycan Respublikasının vətəndaşı kimi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi tərəfindən (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 15 il müddətinə məhkum edilib. 2019-cu ilin martında azadlığa buraxılıb. Həmin vaxtdan şəxsiyyət vəsiqəsi üçün müraciət etsə də, müvafiq qurumlar ona Azərbaycan vətəndaşı olmadığını səbəb gətirərək sənəd vermirlər.

“Deyirlər, bizim vətəndaş deyilsən, sənəd vermirlər”

“1977-ci ildə Laçında doğulmuşam, köçkün düşəndən Bakıda – Lökbatan qəsəbəsində məskunlaşmışıq. 1996-cı ildə Laçın polis şöbəsinin pasport bölməsindən qırmızı pasport almışam. O vaxt vətəndaşlara şəxsiyyət vəsiqəsi yox, qırmızı pasport verilirdi. Həmin pasportun əsasında 2002-ci ildə Sumqayıt Yol Polis İdarəsindən sürücülük vəsiqəsi almışam, sürücü işləmişəm. 2004-cü ildə qəza törədəndən sonra sürücülük vəsiqəsindən məhrum olmuşam və sürücülük vəsiqəm hazırda Sumqayıt Yol Polisindədir. Sadəcə, şəxsiyyət vəsiqəm olmadığından sürücülük vəsiqəmi bərpa edə bilmirəm. Aradabir Rusiyaya da gedib-gəlirdim, ancaq orada nəinki vətəndaşlığım, heç müvəqqəti yaşayış qeydiyyatım da olmayıb. Orda cinayət törətdiyim üçün sonradan daha o ölkəyə getmədim. Mən Azərbaycanda məhkum olunandan bir neçə il sonra - hətta 2012-ci ildə Rusiyanın Ədliyyə Nazirliyi məni Azərbaycanın Ədliyyə Nazirliyinə cəzamın Rusiyada çəkilməsi üçün müraciət edəndə, Penitensiar Xidmət sənəd göndərmişdi ki, məhkumun Azərbaycan Respublikasının vətəndaşı kimi cəzasını öz ölkəsində çəkməsi uyğundur. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündəki anket məlumatlarımda da Azərbaycan vətəndaşı olduğum qeyd edilib. Bütün bu sənədləri şəxsiyyət vəsiqəsi verilən orqana – Laçın Rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi bölməsinə təqdim etsəm də, bildirdilər ki, arxiv işğal vaxtı Laçında qaldığından səninlə bağlı məlumatlatları əldə edə bilmirik. Ona görə də sənə şəxsiyyət vəsiqəsi verə bilmərik”, - keçmiş məhbus deyir.

Rusiyadan rəsmi cavab da gəlib, amma...

Elgün Quliyev həbsxanaya düşməmişdən əvvəl doğum haqqında şəhadətnaməsini də itibmiş. Şəxsiyyət vəsiqəsi əldə etmək üçün əvvəlcə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək doğum haqqında şəhadətnaməsini bərpa edə bilib. Bundan sonra yenə şəxsiyyət vəsiqəsi üçün müraciət edib, onu ASAN Xidmətə yönəldiblər. ASAN Xidmət isə onu Dövlət Miqrasiya Xidmətinə yönləndirib. Dövlət Miqrasiya Xidmətindən ona bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı kimi qeydiyyatda yoxdur:

“Dövlət Miqrasiya Xidməti məni Rusiya səfirliyinə göndərdi. Səfirlik vasitəsilə Rusiyaya sorğu göndərdim, sorğuya həmin ölkənin vətəndaşı olmadığım barədə cavab gəldi. Bu sənədi də Dövlət Miqrasiya Xidmətinə təqdim etdim, yenə də daş atıb başlarını tutdular ki, arxivdə adın çıxmır, ona görə də Azərbaycan vətəndaşı sayılmırsan”.

“Məhkəməyə müraciət etməlidir”

Meydan TV müxbiri Dövlət Miqrasiya Xidməti ilə danışa bilməsə də, məsələyə hüquqşünas rəyi öyrənib. Hüquqşünas Namizəd Səfərov deyir, əslində uzunmüddətli məhkumluğu olan şəxsi qeydiyyata alıb, onun yerini-yurdunu müəyyən etmək, nzəarətdə saxlamaq dövlətin öz marağında olmalıdır:

“Əgər bu şəxs Azərbaycan vətəndaşı deyilsə, sual olunur ki, sənədsiz, qeydiyyatı olmadan ölkə daxilində necə hərəkət edir? Başqa ölkənin vətəndaşıdırsa, həbs müddəti bitəndən sonra vətəndaşı olduğu ölkəyə deport olunmalıydı. Azərbaycanda doğulubsa və hər hansı başqa ölkənin vətəndaşı olduğu təsdiqlənməyibsə, bu şəxs avtomatik olaraq doğulduğu ölkənin vətəndaşı sayılır. Hər bir Azərbaycan vətəndaşının azadlığa çıxandan sonra qanunvericilikdə nəzərdə tutulmuş reablitasiya hüququ var. Bu şəxs həbsxanaya Azərbaycan vətəndaşı kimi giribsə, deməli, eyni ölkənin vətəndaşı kimi də oranı tərk edib. Bu, absurddur. Bu, vətəndaşı süründürməkdir. Halbuki, hər bir vətəndaşın, o cümlədən də həbsxanadan buraxılan şəxsin yerinin müəyyən olunması, qeydiyyata düşməsi dövlətin öz marağında olmalıdır. Sabah o növbəti bir cinayətdə şübhəli bilinəndə polis onu harada axtaracaq? Yerini necə müəyyən edəcək?”

Hüquqşünas deyir, Elgün Quliyev vaxtilə barəsində çıxarılmış hökmü, həbsxanadan buraxılarkən ona verilmiş arayışı, Azərbaycan Respublikasının vətəndaşılığını təsdiqləyə biləcək digər sənədləri də toplayıb məhkəməyə müraciət etməlidir. Məhkəmə həmin sənədlərə əsasən qərar çıxarıb Dövlət Miqrasiya Xidmətinin üzərinə müvafiq öhdəliklər qoymalıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v3c4pz

Ən çox baxılan