Faiq Həsənov

Mənbə: Meydan TV

Başlıq: Faiq Həsənov

“Keçiddə adam vurdu, qaçdı, həbsdən xilas oldu…”

Məqalə yeniləndi:  17 Yanvar 2020

Ölümə səbəb olan sürücü məntəqə tipli müəssisədə cəza çəkəcək

2019-cu ilin aprelində Qafqaz Universiteti yaxınlığında Müşfiq Həsənov idarə etdiyi maşınla yolun kənarında piyada səkisində hərəkət edən Faiq Həsənovu vuraraq öldürsə də, məhkəmə onu həbs etməyib. Bu il yanvarın 12-də Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova təqsirləndirilən M.Həsənovu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəmi 4 il azadlıqdan məhrum edib.

Halbuki, dövlət ittihamçısı Müşfiq Həsənova cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il azadlıqdan məhrumetmə cəzası tələb etmişdi.

Şövkət Nəcəfova AXCP sədrinin müavini Seymur Həziyə 5 il azadlıqdan məhrumetmə hökm ilə yaddaşlarda iz buraxıb.

Mərhum Faiq Həsənovun bacısı Şahnaz Həsənova Meydan TV-yə bildirib ki, Müşfiq Həsənov idarə etdiyi maşının sağdan ötmə edərkən sürətini azalda bilməyib və Qafqaz Universitetinin yaxınlığındakı piyada keçidinə çıxaraq qardaşını vurub:

“Yəni qardaşım yolda deyilmiş, səkiylə gedəndə onu vurub. Ancaq Müşfiq Həsənov hadisə yerindən qaçır, bir neçə dəqiqə sonra yenidən meyitin yanına qayıdıb baxır və çıxıb gedir. Fikirləşib ki, hava qaranlıqdır, heç kim görməz”.

Ancaq Faiq Həsənovun ailəsinin şikayəti əsasında sürücü tez zamanda həbs olunub və haqqında Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb, 263.2 (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264 (Yol nəqliyyat hadisəsi yerindən qaçma).

Şahnaz Həsənova deyir ki, ötən ilin iyulunda iş məhkəməyə gedəndə müstəntiqin CM-nin 264-cü maddəsini işdən çıxartdığı haqda xəbər tutublar:

“Müstəntiq hansısa maraqlar xətirinə Müşfiq Həsənova Cinayət Məcəlləsinin yalnız 263.2 maddəsini verib, 264-cü maddəni çıxarmışdı. Bu maddə ilə faktiki olaraq təqsirləndirilən şəxsi azadıq gözləyirdi. Rəsmi hüquqi varis ailəsi şikayətçi olmadığı üçün müstəntiq öz ssenarisi ilə işi hazırlayıb məhkəməyə göndərmişdi ki, guya Müşfiq Həsənov hadisə yerindən qaçmayıb. Ancaq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisədən sonra yaydığı məlumatda Müşfiq Həsənovun qəzadan sonra qaçdığını təsdiqləmişdi. Baş Prokuror cənab Zakir Qaralova şikayət yazmışdıq və Baş Prokurorluğun müdaxiləsindən sonra yenidən araşdırma başlandı. Bundan sonra məhkəmədə dövlət ittihamçısı müstəntiqin işi saxtalaşdırdığı haqda vəsatət qaldırdı, iş istintaqa qaytarıldı”. Şahnaz Həsənovanın sözlərinə görə, məhkəmədə dövlət ittihamçısı sürücüyə iki maddənin toplamı olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 5 il azadlıqdan məhrumetmə cəzası istəmişdi:

Şövkət Nəcəfova

Şövkət Nəcəfova

Mənbə: Foto: arxiv

“Amma hakim Şövkət Nəcəfova yenə hansısa maraqları qarşılığında CM-nin iki maddəsinin toplamında cəmi 4 il, özü də məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilmək azadlıqdan məhrumetmə cəzası verib. Bu isə faktiki olaraq adam öldürüb hadisə yerindən qaçan şəxsin bir gün belə həbsdə olmayacağı deməkdir. Çünki məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilmək faktiki olaraq həbsdən xilas olmaq deməkdir. Hakimin belə qərar qəbul etməsi biabırçılıqdır. Hətta Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətdiyində hakim risk edib, onu azadlığa buraxmadı”.

Ş.Həsənova ümid edir ki, Ədliyyə Nazirliyindən hakim Şövkət Nəcəfovanın bu qərarına müvafiq qiymət veriləcək:

“Düşünürəm ki, Baş Prokurorluq qərardan protest versə, Apelyasiya Məhkəməsində başqa hakim işlə bağlı ədalətli qərar qəbul edə bilər”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/krobrv

Ən çox baxılan