Mənbə: Meydan TV

Karantin günlərinin Novruzu

Məqalə yeniləndi:  27 Mart 2020

Karantin günlərinin Novruzu

Farscadan tərcümədə Novruz Yeni gün deməkdir. Bayram baharın ilk günü, hər il 20-21 Mart tarixlərinə təsadüf edir. Novruz - İran və türk xalqlarının günəş təqvimi ilə gələn bahar bayramıdır. Bayram əsasən xalqları müsəlman dininə etiqad edən ölkələrdə qeyd edilsə də, İslam dini ilə heç bir əlaqəsi yoxdur, Novruz atəşpərəstliyin - zərdüştiliyin dini bayramı hesab edilir.

Orta Asiya ölkələri, Azərbaycan, Albaniya, Makedoniya, Türkiyə kimi ölkələrdə Novruz dövlət səviyyəsində qeyd edilir.

2009-cu ildə Novruz YUNESKO-nun qeyri-maddi, mədəni irslər siyahısına daxil edilib. O vaxtdan martın 21-i Beynəlxalq Novruz günü kimi elan edilib.

Azərbaycanda Novruzu artıq 5-6-cı minillikdir ki, bayram kimi qeyd edirlər. Ölkə Sovet İttifaqının tərkibində olduğu zamanlar Novruzu bayram etmək qadağan edilmişdi. Bu qadağa 1988-ci ildə ləğv edildi. Azərbaycanın müstəqillik əldə etdiyi gündən isə rəsmi olaraq, Novruz 5 gün bayram edilir. Bu il bayram 20-28- mart (son gün daxil olmaqla) tarixinə təsadüf edirdi. Ölkə vətəndaşları bu 8 günü evdə keçirməli oldular. Çünki Azərbaycanın bütün tarixi boyu ilk dəfə, bu il Novruz bayramı karantin vaxtına düşdü.

Novruz necə qeyd edilir?

Novruz bayramına hazırlıq düz bir ay əvvəl başlayır. Bayram hesab edilən çərşənbələr qeyd edilir. Novruzun birinci çərşənbəsi Su çərşənbəsi fevralın son çərşənbəsidir. Daha sonra Od və Yel çərşənbəsi gəlir. Qədim inanclara görə Su çərşənbəsində çayların buz örtüyü sınır, Od çərşənbəsində torpağı isitmək üçün tonqal yandırmaq lazım olur, Yel çərşənbəsində isə baharın nəfəsi ruhumuzu təzələyir. Nəhayət, sonuncu, Torpaq çərşənbəsində isə torpaq qış yuxusundan oyanır. Hesab edilir ki, son çərşənbədən etibarən torpaq artıq əkinə hazır olur. Son çərşənbə bayramdan öncəki son çərşənbə olur, bu il son, Torpaq çərşənbəsi martın 17 -ə təsadüf elədi.

Bayramın kökü atəşpərəstlik dininə dayandığı üçün, alov Novruzun əsas simvollarından biridir. Bütün çərşənbələrdə və bayram axşamı hava qaralanda insanlar tonqal yandırır və “Ağırlığım-uğurluğum odda yansın!”- deyə tonqalların üstündən atlayırlar.

Martın 20-dən başlayaraq, paytaxtın mərkəzində, Bakı bulvarında və Fəvvarələr meydanında izdihamlı xalx əyləncələri keçirilir, bayram yarmarkası təşkil edilir, konsertlər baş tutur.

Tonqal

Tonqal

Mənbə: Meydan.TV

Bəs, bu il Novruz necə qeyd edildi?

Hər ilki ənənəvi xalx əyləncələrinin bu il baş tutmayacağını xalq martın 10-da öyrəndi. Bu tarixdə ölkə rəsmiləri Novruzla bağlı bayram tədbirlərinin bu il keçirilməyəcəyini elan etdilər.

Dünyanı bürümüş Covid-19 pandemiyası səbəbilə başladılan, Azərbaycanın da riayət etdiyi profilaktik tədbirlər səbəbindən Novruz şənlikləri mümkünsüz oldu.

Doğrudur, Bakının mərkəzi küçələri ənənəyə uyğun olaraq, bəzədilsə də, küçələr boş idi. Hər il bayramqabağı müştəri qaynayan bazarlarda bu il adamlar təkəm-seyrək gözə dəyirdi.

Martın 19-dan 29-a qədər ölkə şəhər və əyalətləri arasında gediş-gəliş qadağan edildi. Buna görə də, bir çoxu rayonlara gedib, ailələri ilə bayram qeyd etmək imkanı tapmadı.

Martın 20-dən etibarən, kafe və restoranlar karantin qaydalarına uyğun olaraq, axşam saat 21.00-da bağlanır. Amma elə bu saata qədər də bu yerlərdə adamlar az gözə dəyirdi.

Amma bayram axşamı paytaxtın kənar rayonlarında bir az başqa mənzərə müşahidə olundu. Bakının ucqarlarında insanlar bayram tonqalları qalamaqdan vaz keçmədilər. Hətta bəzi ailələr tonqaldan atlamağa uşaqlarını da gətirdilər.

Çoxsaylı Novruz ənənələrindən daha biri də bayram günü papaq atmaq ənənəsidir. Bu bayram axşamı uşaqlar papaqlarını qonşuların qapısına atır, qapını döyərək, gizlənir və papaqlarına doldurulacaq bayram şirniyyatını gözləyirlər. Bəzən papaqlara şirniyyat doldurulur, vaxt edib, bayram şirniyyatı bişirə bilməyənlər isə papaqlara pul qoyur.

Bu dəfə uşaqlar papaq atanda maska taxmışdılar. Bəzi sosial şəbəkə iştirakçıları isə zarafatla yazırdılar, məhz bu ənənə üçün maska, spirt və dezinfeksiya maddələri alıblar ki, papaqlara bayram şirniyyatı yerinə, bunlardan qoysun.

Bütün dünyanı bürümüş virus Novruzu küçələrdən evlərə sıxışdırsa da, azərbaycanlılar bayramı bacardıqları qədər şən keçirməyə cəhd elədilər. Bu il daha sakit və ailə arasında.

«Virus var, bununla heç nə eləmək mümkün deyil. Amma Novruzu da unutmaq olmaz. Novruz bizim mentalitetimizdi, ənənəmizdi. Qeyd eləmək vacibdi.Amma təhlükəsizlik qaydalarına riayət edərək...», - deyə Bakının kənar rayonlarının birində, bayram tonqalı başına toplanmış gənclərdən biri deyir.

Mediaşəbəkənin dəstəyi ilə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/munmgu

Ən çox baxılan