İranın güvə yeyən nüvəsi

İranın 44 günlük əməliyyatın 29-cu günü dilə gəlməsi çox maraqlı idi.

Seymur Həzi, Foto:: Meydan TV


“Özünə umac ova bilmir, qonşuya əriştə kəsir”

İranın nüvə üzrə alimini öldürürlər. Özü də ikinci cəhddə. İran da bir az bundan əvvəl Qarabağda sülhyaratmaya töhfə vermək istədiyini, Rusiya və Türkiyə ilə danışıqlar apardığını, təkliflər verdiyini deyirdi. Üstəlik, o torpaqlarda ki, orada İsrailin silahları ilə döyüş getdiyindən, hətta guya terrorçuların döyüşdüyündən narahatlıqlar bildirirdi. Bəs nə dəyişdi ki, İran uzun susqunluqdan sonra qəfil “sülhpərvər” oldu?


İran necə sülh yaradacaq ki?

İran İslam Respublikasında nüvə fizikası sahəsində çalışan bir neçə alim artıq müxtəlif vaxtlarda qətlə yetirilib. Necə olur ki, bu, baş verir? İran özünün taleyində ən mühüm saydığı və elan etdiyi nüvə sahəsinin aparıcı adamlarını qorumaqda acizdir. Bu işi törədənlər qeyd-şərtsiz cinayət törədiblər, amma başqa maraqlı məqamlar da var ki, onlara təkcə “cinayətkar”, “terrorist” deyib keçməklə məsələni bitmiş saya bilmərik. Birincisi ona görə ki, Möhsün Fəxrizadəyə bu ikinci sui-qəsd cəhddir. Yəni, bundan əvvəl də mərhum alimi öldürmək istəyiblər. İkincisi, bu cəhd də, əvvəlki cəhd də İranda baş verib. Deməli, İran iki il ərzində onun dövlətçiliyi üçün ən başlıca məsələyə təhdidi zərərsizləşdirə bilməyib. Üçüncüsü və daha pisi odur ki, bu qruplaşma İran içərisində iki il yaşaya və böyüyə bilib. Yaşayıb, böyüyüb və İranın qoruması altındakı əsas şəxslərdən birini sıradan çıxarıb. Belə olan halda İran xaricdə günahkar axtarmaqla sadəcə, özünü məsuliyyətdən qurtarmaq yolu seçə bilər. Çünki bu adamların sifarişçiləri xaricdə olsa belə, İran içərisində çox güclü dayaqları olmasa, onlar belə bir qətl törədə bilərdimi. Silahlı mühafizə ilə uzun zaman silahlı qarşıdurmaya gedərək “əsas hədəfi” sıradan çıxaranadək döyüşə bilərdilərmi? İndi hanı onlar? Onlara dair konkret bilgilər varmı? Onları kim gizlətdi? Necə yoxa çıxdılar? Bəli, İran içərisində hələ özü üçün ciddi təhlükələr olan “insan ayağı dəyməmiş” mağaralar var. İran şəffaf və özünə tam nəzarət edən bir dövlətə çevrilmədən onun nüvə silahına sahib olmasının hansı fəsadları ola bilər, onu da oxucuların ixtiyarına buraxıram. Amma belə baxıram İranın nüvə sənayesini artıq güvə basıb, hər şey içəridən “həll olur”.


Qarabağda xeyirdimi?

İranın 44 günlük əməliyyatın 29-cu günü dilə gəlməsi çox maraqlı idi. Ali dini liderin həm Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair açıqlaması, həm də elə eyni mətndə guya Azərbaycan tərəfdən terrorçuların döyüşməsinə dair açıqlama verməsi maraq doğurmaya bilməzdi. İran ərazi bütövlüyünü tanımaqla özünün rəsmi vəzifəsini yerinə yetirməklə yanaşı ,həm də gələcək proseslərdə rol almaq üçün rəsmi Bakıya jest edirdi. Üstəlik, “terrorçu” yalanını təkrarlamaqla şantaj edirdi ki, onunla hesablaşılsın. Hansı məsələdə? Regionun bundan sonrakı təhlükəsizlik məsələsində. İran düşünür ki, Suriyada olduğu kimi burada da Türkiyə Rusiya və İran arasında nüfuz bölgüsü ola bilər. Buna görə də özünün həm yumşaq, həm də şantajçı üzünü göstərir. Təbii ki, Tehran buranı Suriya ilə səhv salıb. Bura rəsmən Avropa Birliyinin siyasi xəritəsinə aid olan və Qərblə çoxtərəfli planlar həyata keçirən bir ölkədir. Rusiyanın burada qısamüddətli revanşının olması doğrudur, ancaq unutmaq olmaz ki, ümumi tendensiya Kremlin dünyadan çəkilməsinə, İran kimi qapalı rejimlərin nəfəslərinin daralmasına aparır. Tehranın orta göbəyində bir nömrəli adamlarını qoruya bilməyən bir ölkə bizə necə sülh və əmin-amanlıq gətirəcək ki? Bu sualı biz təbii ki, təkrar özümüzə vermirik, bunu ona görə təkrarlayırıq ki, heç İranın da sülh və əmin-amanlıq gətirmək istəmıdiyini anlayaq. Bir el məsəlində deyildiyi kimi: “özünə umac ova bilmir, qonşuya əriştə kəsir”…

Ana səhifəXəbərlərİranın güvə yeyən nüvəsi