İnfeksionist: Sağalmış xəstələrin reseptləri əsasında evdə müalicə təhükəlidir

“Nəticədə xəstəliyin gedişi ağırlaşır”

Vüqar Cavadzadə, Foto: report.az


"Antibiotiklər yalnız həkim müayinəsindən sonra təyin edilməlidir"

“Hazırda apteklərdə müxtəlif antiviral preparatlar satılır. İnsanlar bəzən bir neçə antiviral dərmanı alıb qəbul edirlər. Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə, bu preparatları qəbul edir. Bu da sonradan müxtəlif fəsadlara səbəb olur”.

İnfeksionist Vüqar Cavadzadə belə deyir.

Onun sözlərinə görə, COVID-19 infeksiyasının müalicəsində effektiv təsir göstərən hər hansı bir antiviral preparat mövcud deyil: “İnfeksiyanın müalicəsində antiviral preparatların effektivliyi elmi-tədqiqatlarla sübuta yetirilməyib. Virus bütün dünyada yayılanda bir sıra antiviral preparatlar tətbiq etdilər, lakin klinik laborator nəticələr təhlil edildikdən sonra həmin preparatlar müalicədən çıxarıldı. Ona görə də bu preparatların qəbulu doğru deyil”.

Həkim deyir ki, virusa yoluxanların bir çoxu müxtəlif qruplardan olan antibiotiklər qəbul edir.

O əlavə edir ki, antibiotiklər yalnız həkim müayinəsindən sonra təyin edilməlidir: “Bəzi hallarda isə zərurət olmadan ilkin olaraq ehtiyat antibiotiklərdən istifadə edilir. Antibiotiklərin düzgün seçimi üçün antibiotikoqramma aparılmalıdır. Xəstəliyi simptomsuz və yüngül keçirən şəxslərə antibiotik vurulmur. Vəziyyəti orta ağır olanlara isə antibiotiklər laborator müayinələrin nəticələrinə əsasən təyin edilməlidir. Antibiotiklərin gündəlik dozası, təyin olunma müddəti mütləq həkim tərəfindən müəyyən edilməlidir. Bəzən antibiotiklərin təyininə zərurət olmadığı halda xəstələr uzun müddət antibiotiklər qəbul edir, bu da sonradan ağırlaşmalara səbəb olur”.

İnfeksionist bildirir ki, bir çoxu yeni növ koronavirusdan sağalanların resepti əsasında müalicə alırlar: "Bu da çox təhlükəlidir. Ev şəraitində mülaicə olunan xəstələr də mütləq həkimə müraciət etməlidirlər. Həkimsiz, ev şəraitində özbaşına müxtəlif antibiotiklər, antiviral preparatlar, qan durulducu, hormonal və sair kimi preparatlar qəbul edirlər. Bir çox hallarda insanlar ehtiyac olmadığı halda, günlərlə venadaxili infuziyalardan çəkinmirlər. Nəticədə xəstəliyin gedişi ağırlaşır. Bir çoxları elə düşünür ki, virusa yoluxmuş şəxslərin hamısına eyni müalicə aparılır, bütün xəstələrə eyni dərmanlar təyin edilir. Qeyd edim ki, dərmanlar həkim tərəfindən təyin ediləndə, dərmanların göstəriş və əks-göstərişləri, əlavə təsirləri mütləq nəzərə alınır. Bəzi hallarda xəstələr həkimlərə yox, tibb bacılarına müraciət edirlər. Tibb bacıları xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmadan müxtəlif preparatları xəstələrə vururlar ki, bu da ağırlaşmalara səbəb olur”.

Operativ Qərargahın aprelin 21-i tarixində olan məlumatına əsasən, Azərbaycanda indiyə qədər 305 min 933 nəfərin yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 269 min 965 nəfər müalicə olunaraq sağalıb, 4235 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 31733 nəfərdir. 3 milyon 141 min 335 test aparılıb.

Ana səhifəSağlıqİnfeksionist: Sağalmış xəstələrin reseptləri əsasında evdə müalicə təhükəlidir