Bəsti Əmirova

Mənbə: Foto: Meydan TV

Başlıq: Bəsti Əmirova

İmişli sakini: İmkansızlıqdan az qalır başıma hava gəlsin

“Üzümdə gördükləriniz sadəcə kasıblıqdır”

“Pulumuzu toplayıb, çətinliklə 10 kilo un almışıq. Evdə başqa heç nəyimiz yoxdur. Ərzağın birini alırıq, ikinciyə pul qalmır. Kartof və ya soğanı alana qədər un bitir. Evdə satılmamış 2-3 əşyamız qalıb. Onlar da sınıq-sökükdü, pula getmir. İmkansızlıqdan az qalır başıma hava gəlsin. Uşaqlarım bütün günü acdır. Baxın, hamısı xəstə və zəifdir”.

İmişlinin Bəcirəvan kəndinin sakini 30 yaşlı Bəsti Əmirova belə deyir. Bəsti Əmirova erkən ailə qurub. 32 yaşlı Vasif Əmirovla evliliyindən 3 oğlu var. Deyir, hamısı xəstədir. Hərəsinin bir problemi var. Birinin bronxları, digərinin mədəsi, böyük oğlunun da burnu və boğazında artıq əti var. Ən pis durumda olan böyük oğludur ki, həkim əməliyyat deyib, ancaq etdirə bilmirlər.

“Yoldaşım olanda günü 10 manatdan fəhləlik edir. Onunla da 5 nəfər güc-bəla ilə qarnımızı doyururuq. Fəhləlik də həmişə olmur axı. Mövsümdə qonşuların bostanlarını şumlayır, alaq edir və s. Olmayanda da birdən 3 ay evdə oturur. Onda da acından yata bilmirik”, - Bəsti Əmirova deyir.

"Təmiri yox, son vaxtlar da dam axıdır"

"Təmiri yox, son vaxtlar da dam axıdır"

Mənbə: Meydan TV

Sonra gözü güzgüyə sataşır, özünə baxır. 30 yaşlı birinə bənzəyib-bənzəmədiyini sual edir. Sonra da hönkür-hönkür ağlayır:

“Bir üzümə baxın. Elə bil 50 yaşım var. Halbuki gəncəm, nə yaşım var ki – 30. Amma xalaya oxşayıram. Ağzımda dişim yox. Böyrəklərimdə olan problem gözlərimin altını qaraldıb. Yaxşı gün adamı gözəlləşdirər. Kasıblıq da bu hala salır, baxın. Üzümdə gördükləriniz sadəcə kasıblıqdır”.

Vasif Əmirov illərdir işsizdir. Buna görə kənddə günəmuzd işlərdə çalışır. Qazandığı pul isə ailəsini istədiyi kimi dolandırmasına yetmir. Deyir, dəfələrlə İmişli Rayon İcra Hakimiyyətinə, yerli bələdiyyəyə, icra nümayəndəliyinə, Məşğulluq Mərkəzinə, Sosial Fonda müraciət edib. Ancaq heç kim ona kömək etməyib:

“Dedim, heyvan verin, saxlayım. Elə bir proqram var idi bir ara. Vermədilər, dedilər sənə düşmür. Dedim, acından ölürük, heç olmasa, ünvanlı sosial yardım alaq. Cavab gəldi ki, o da bizlik deyil. İş üçün də az qala hər ay müraciət edirəm. Tapılmır. Yoldaşım deyir, vəziyyətimiz düzələnə qədər uşaqları anasına verib, o da işləyə bilər. Hanı? Mənə iş tapılır ki, ona da tapıla?”

Vasif Əmirov illərdir işsizdir.

Vasif Əmirov illərdir işsizdir.

Mənbə: Foto: Meydan TV

Əmirovlar ailəsi kiçik, bir otaq, bir mətbəxdən ibarət daxmada yaşayırlar. Deyirlər ki, bunu da çox çətinliklə tikib ərsəyə gətirə biliblər:

“Sadəcə tikib, üstünü alayarımçıq vurmuşuq. Təmiri yox, son vaxtlar da dam axıdır. Bir paçka mismar almağa da imkan yoxdur. Qaldı təmir, tikinti edəm. Mən çox bir şey istəmirəm. Ya haqqım olan ünvanlı sosial yardımı versinlər, ya da mənə bir iş tapsınlar. Artıq dözə bilmirik”.

Ailənin evinin tikildiyi ərazidə əlavə 0,39 hektar həyətyanı sahələri də var. Bundan əlavə, Vafif Əmirova atasından kənd təsərrüfatı təyinatlı torpaq da qalıb. Deyir, torpağı əkib-becərməyə imkanı yoxdur. Və həmin torpağın olması səbəbindən İmişli rayon Məşğulluq Mərkəzi onu “Özünəməşğulluq” proqramına yazmaqdan imtina edib:

“Halbuki indiyədək nəinki torpağı, hətta iş yeri, kommersiya obyekti, bahalı xarici avtomobili və bir sürü mal-qarası olan xeyli sayda adam bu proqramdan bəhrələnərək, dövlətdən iri və xırdabuynuzlu heyvanlar alıb. Mən isə illərdir ailəmi dolandırmaq üçün günəmuzd fəhlə işləyirəm. Yer belləyir, odun doğrayır, quyu qazıram. Bir günlük qazancım 10 manatdan çox olmur. Yağışlı, qarlı günlərdə isə işləyə bilmirəm. Belə vəziyyətdə bilmirəm ailəmin dolanışacağını necə təmin edim. Yaxşı olardı ki, dövlət yetkinlik yaşa çatmayan uşaqlar üçün müavinət versin. Hətta bir uşağa görə 20 manat verilsəydi belə, bu, bizə köməklik olardı. Heç olmasa bu pulla istifadə etdiyimiz təbii qaz və elektrik enerjisinin haqqını ödəyərdik”.

Əmirovlar ailəsi kiçik, bir otaq, bir mətbəxdən ibarət daxmada yaşayırlar.

Əmirovlar ailəsi kiçik, bir otaq, bir mətbəxdən ibarət daxmada yaşayırlar.

Mənbə: Meydan TV

Bəsdi Əmirova deyir ki, pis güzəranına görə bəzən həyat yoldaşını qınayır. Ona hirslənir, dalaşırlar. Ancaq tezliklə də peşman olur:

“Deyirəm, get pul gətir. O da başın salır aşağı ki, nə ilə, necə edim? Deyirəm, hamı necə, sən də elə. Sonra ürəyim pis olur. Əllərinə baxıram, qabar-qabar, qapqara, pis gündə, peşman oluram. Belə olan halda, hökumət əl tutmalıdır. Ya sosial yardım versinlər, ya heyvan, ya da uşaqpulu. Nə bilim, əl tutsunlar. Biz dolana bilmirik”.

İmişli Rayon İcra Hakimiyyətindən Meydan TV-yə vətəndaşla maraqlanacaqlarını söyləyiblər. Daha sonra isə daha yaxşı kömək etməsi üçün Vasif Əmirovun yaşadığı Bəcirəvan kəndinin icra nümayəndəsi Asəf Balakişiyevə yönləndiriblər.

Asəf Balakişiyev isə Meydan TV-yə deyib ki, o ailənin ağır durumda yaşamasından xəbərdardır. Ancaq onun və icra hakimiyyətinin ailəyə kömək etməyə imkanı yoxdur:

“Bakıya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidirlər. Bunun üçün də ASAN Xidmətə gedib, elektron müraciət forması doldurmalıdırlar. Ancaq əgər başları çıxmır, bu işi görməkdə çətinlik çəkirlərsə, mən onlara hər cür kömək etməyə hazıram. Buyurub, gəlsinlər. Mən onlarla birgə gedib, müraciət etmələrinə kömək də edə bilərəm. Əgər yaza bilmirlərsə və ya ərizə formasını doldurmaqda hər hansı çətinlikləri varsa, bu baxımdan da əlimdən gələn köməyi etməyə hazıram. Nə lazımdır kömək ediləcək”.

"Biz dolana bilmirik”.

"Biz dolana bilmirik”.

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2vwe1d

Ən çox baxılan