13 saylı Cəzaçəkmə Müəssisəsi

Mənbə: Foto: google.az

Başlıq: 13 saylı Cəzaçəkmə Müəssisəsi

İlkin Rüstəmzadə: Bir gün əvvəl Mehman Sadıqov həbsxanalarda koronavirusun olmadığını demişdi

Məqalə yeniləndi:  13 May 2020

Bəşir Süleymanlı: “Cəmiyyət üçün təhlükəsi olmayan şəxslər azadlığa buraxılmalıdırlar”

Ədliyyə Nazirliyi mayın 12-də 13 saylı Cəzaçəkmə Müəssisəsində 33 məhbusda COVID-19 infeksiyasının aşkar olunduğu haqqında məlumat yayıb.

Nazirlik bildirib ki, test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb. Xəstələrin vəziyyəti hazırda stabildir və onlar həkim nəzarətində saxlanılır.

Nazirlik virusun yayılma riskinin tam lokallaşdırıldığını iddia edib:

“Xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatı mövcuddur. Penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlər davam etdirilir”.

Keçmiş siyasi məhbus, 4.2 il 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlkin Rüstəmzadə Ədliyyə Nazirliyinin məlumatının reallığı tam əks etdirmədiyini bildirib:

“COVİD-19 infeksiyasının həbsxanalarda yayılması barədə xəbərlər mənə əvvəl çatsa da, dəqiqləşdirmək imkanım olmadığından və panika yaratmamaq üçün məsələni ictimailəşdirmədim. Amma 5-6 müəssisədən məlumat alırdım ki, həddən artıq qızdırmalı məhkumlar var. Eyni zamanda, Mərkəzi Hospitaldan da oxşar xəbərlər alırdım. Ona görə nazirliyin addımları kifayət deyil”.

O deyib ki, Penitensiar Xidmətin tibb hissələri öz fəaliyyətinə uyğun olan xidmət göstərmirlər. İ.Rüstəmzadə qeyd edib ki, onlar hotel kimi fəaliyyət göstərirlər.

“Kimin pulu varsa, orada qala bilir. Mənə 13 saylı Cəzaçəkmə Müəssisəsindən saxlanılan məhkumların yaxınları demişdilər ki, həbsxana ərazisindəki klubu xəstəxanaya çevirib şübhəli məhbusları ora köçürüblər. Hər hansı məhbusda xəstəliyin COVİD-19 olduğu dəqiqləşəndə Müalicə Müəssisəsinə göndərirlər”.

İlkin Rüstəmzadə

İlkin Rüstəmzadə

Mənbə: Foto: sosial şəbəkə

İ.Rüstəmzadənin sözlərinə görə, həbsxanalarda əsas təhlükə sıxlıqdır. Konkret olaraq, 13 saylı Cəzaçəkmə Müəssisəsi 320 nəfər üçün nəzərdə tutulsa da, 1400 məhbus saxlanılırdı. Başqa həbsxanalarda da oxşar mənzərə idi:

“COVİD-19 infeksiyasının həbsxanalarda qat-qat artıq yayıldığını düşünürəm. Ədliyyə Nazirliyi təcili tədbir görməli, ictimaiyyətə dəqiq hesabat verməlidir. Biz Penitensiar Xidmətin həmişə yalan məlumatlar yaydığını bilirik. Mətbuat katibi Mehman Sadıqov bir gün əvvəl həbsxanalarda koronavirusun olmadığını demişdi.

Ardınca rəsmi məlumat yayıldı ki, 33 nəfər yoluxub. Təəssüf ki, Mehman Sadıqov vəziyyətə adekvat yanaşmır, yalan məlumatlar yayır. Penitensiar Xidmət təkbaşına ağır vəziyyətin altından çıxmaq iqtidarında deyil”.

Keçmiş siyasi məhbus, Vətəndaş Hüquqları İnstitutunun (VHİ) rəhbəri Bəşir Süleymanlı Meydan TV-yə deyib ki, həbsxanada koronavirusun yayılması çox təhlükəli hesab olunmalıdır.

“Həbsxananın qapalı məkan olması və qidalanmanın istənilən səviyyədə olmaması infeksiyaların yayılması üçün münbit şərait yaradır. Məhbuslar istədikləri qidaları əldə edə bilmirlər, immuniteti gücləndirəcək meyvə-tərəvəz almaq imkanı yoxdur. Həm də qapalı şəraitdə onların virusa yoluxması təhlükəsi çoxdur. Nəzərə alın ki, cəzaçəkmə müəssisələrində məhbus sayı daha çoxdur. Yəni vaxtilə müəssisələr 500-600 məhbus üçün tikildiyi halda, sonradan məhkumların sayı artdığından 15 nəfərlik yerdə, 40, bəzən 60 nəfər saxlanılır. Açıq demək lazımdır ki, Azərbaycanda cəzaçəkmə müəssisələri beynəlxalq normalara uyğun deyil”.

Bəşir Süleymanlı

Bəşir Süleymanlı

Mənbə: Foto: Meydan TV

Bəşir Süleymanlı hesab edir ki, təcili olaraq cəzaçəkmə müəssisələrində yüksək səviyyədə dezinfeksiya işləri aparılmalı, məhbuslar testlərdən keçirilməlidirlər. Onun fikrincə cəzaçəkmə müəssisələrində sıxlıq müəyyən qədər azaldılması üçün cəmiyyətə təhlükəsi olmayan, ilk dəfə məhbəs həyatı yaşayanlar, o cümlədən, siyasi məhbuslar azad edilməlidir. O qeyd edib ki, əgər bu tədbirlərlər görülməsə, COVİD-19 koronavirusunun yayılması təhlükəli həddə çatar.

“Mən 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılırdım. Bir nəfər qrip, yaxud vərəm olurdusa, bu, çox tez yayılırdı. Xüsusilə təcridxanalara diqqət göstərilməlidir. Cəzaçəkmə müəssisələrində məhbuslar gündə bir neçə dəfə açıq havada gəzə bilirlər, amma təcridxanalarda belə qayda yoxdur. Bir otaqda 10-15 nəfər saxlanılır”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində və təcridxanalarda COVİD-19 infeksiyasına qarşı kifayət qədər sərt tədbirlər görüldüyünü bildirib:

Səadət Bənənyarlı

Səadət Bənənyarlı

Mənbə: Meydan TV

“Hələ koronavirus yalnız 13 saylı Cəzaçəkmə Müəssisəsindədir. Çalışırlar ki, geniş yayılmasın və başqa müəssisələrə keçməsin. Tədbirlər görülməyinə baxmayaraq yenə də təhlükə var”.

Səadət Bənənyarlı hesab edir ki, prezidentin 65 yaşdan yuxarı məhbusların azad olunması haqda göstərişi müsbət idi:

“Biz təklif etdik ki, vaxtından əvvəl şərti azad olunmanı bütün məhkumlara şamil etsinlər. Qanuna görə hər bir məhbusun vaxtından əvvəl azad olunma imkanı yaranır. Onların müəyyən islah olunması məqamlarını nəzərə almaqla bu barərə qərarı məhkəmə verir. Biz istəyirik qanun bütün məhkumlara şamil olunsun”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ad8dmt

Ən çox baxılan