Həyat yoldaşı: Əfqan Sadıqov həyatını itirsə, buna görə ölkə başçısı məsuliyyət daşıyır

Həyat yoldaşı S.Sadıqova da deyir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov bu işdə sadəcə, icraçıdır, sifariş isə daha yüksək vəzifəlilərdən gəlib.

Source:


“Dövlət rəhbərliyi müraciətlərə reaksiya verməlidir”

“Azel TV” saytının həbsdə olan təsisçisi və baş redaktoru Əfqan Sadıqovun aclıq nətivcəsində durumunun pisləşdiyi, bu üzdən Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü bildirilir. Həyat yoldaşı Sevinc Sadıqova Meydan TV-yə deyib ki, dekabrın 22-də Müalicə Müəssisəsində onunla görüşüb. Onun sözlərinə görə, həyat yoldaşı 49 gündür ki, aclığı davam etdirir. Çəkisi 90 kiloqramdan 45 kiloqrama düşüb.

S.Sadıqova bildirib ki, həyat yoldaşının durumu ağırdır: “Qaraciyər və böyrəyində, qanın laxtalanmasında problem var. Müalicə Müəssisəsinin baş həkimi ilə də danışmışam. O da təsdiqlədi ki, vəziyyəti ağırdır, hər an komaya düşə bilər. Çox təəssüf ki, hələ də Penitensiar Xidmət, Ədliyyə Nazirliyi real durum haqda rəsmi açıqlama vermir. Əfqan Sadıqov həyatını itirərsə, baş verənlərə görə ölkə başçısı məsuliyyət daşıyır. Dövlət rəhbərliyi müraciətlərə reaksiya verməlidir. Mən Prezident Administrasiyasının, Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında dəfələrlə aksiyalar keçirmişəm. Kimsə deyə bilməz ki, ölkə rəhbərliyinin xəbəri yoxdur. Var, eşidir, bilir, sadəcə, laqeyd yanaşır”.

Rəsmi ittihamda bildirilir ki, Ə.Sadıqov Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən onları rüsvay edən materiallar yaymaqla hədələyərək, bunun müqabilində tələb etdiyi pulu alarkən saxlanılıb. Ə.Sadıqov isə ittihamı qəbul etmir, tənqidçi jurnalist fəaliyyətinə görə sifarişlə həbs olunduğunu iddia edir.

Həyat yoldaşı S.Sadıqova da deyir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov bu işdə sadəcə, icraçıdır, sifariş isə daha yüksək vəzifəlilərdən gəlib.

Ə.Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılır. Dekabrın 25-də bu iş üzrə məhkəmənin ilkin baxış iclası keçiriləcək. S.Sadıqova bu məhkəmədən də ədalətli nəticə gözləmədiyini deyir: “Ədalət olsaydı, Əfqan hazırda ölümlə çarpışmazdı”.

Ə.Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən dərhal sonra aclığa başlayıb. O, özünü təqsirli bilmir. Cinayət işinin materiallarında isə iddia olunur ki, Ə.Sadıqovun tələb etdiyi pulu almasını sübut edən faktlar var.

Penitensiar Xidmət Ə.Sadıqovun aclıq etməsi haqda rəsmi açıqlama verməsə də, Ombudsman Aparatı aclıqla bağlı xəbəri təsdiqləyib. Ombudsman Aparatından bildirilib ki, həyat yoldaşının müraciətini nəzərə alaraq, Ombudsman Aparatının Milli Preventiv Qrupunun üzvləri təcridxanada konfidensial qaydada Ə.Sadıqovla görüşüb. Görüş zamanı Ə.Sadıqov özü haqqındakı cinayət işi və məhkəmə hökmündən narazılığını əsas göstərərək, aclıq etdiyini bildirib.

Ana səhifəSiyasətHəyat yoldaşı: Əfqan Sadıqov həyatını itirsə, buna görə ölkə başçısı məsuliyyət daşıyır