Mənbə: Meydan TV

Hakimiyyətdə olan qadınlar: qadın hüquqlarının müdafiəsinin qarantı, yoxsa sadəcə "pərdə"?

Məqalə yeniləndi:  30 Mart 2020

Hakimiyyətdə olan qadınlar: qadın hüquqlarının müdafiəsinin qarantı, yoxsa sadəcə "pərdə"?

Azərbaycanda 2020-ci il fevralın 9-da keçirilən erkən parlament seçkiləri təkcə bir çox beynəlxalq müşahidəçi missiyasının qeyd etdiyi ümumi pozuntularla deyil, həm də müasir Azərbaycan parlamentinin tarixində spiker postuna ilk qadın spikerin seçilməsi ilə yadda qalıb.

Sahibə Qafarova kimdir?

Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Sabihə Qafarova 2010-cu ildən deputatdır. Bu, onun sayca üçüncü deputatlıq dönəmidir. Filologiya elmləri doktoru olan Sahibə Qafarova daha əvvəl Bakı Slavyan Universitetində prorektor vəzifəsini icra edib. O, həm də parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini olub.

Sahibə Qafarovanın spiker təyin edilməsindən sonra hökumətyönlü mətbuatda yayımlanmış məqalələrdən həm də öyrənirik ki, o, 2015-2017-ci illərdə “AŞPA-da Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçi seçilib, həmin qurumun "Qadınlara qarşı zorakılığa yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri olub, həmçinin AŞPA-nın gender bərabərliyi və ayrı-seçkilik üzrə alt komitəsinin rəhbəri olub

Belə təsiredici iş tarixçəsinə baxmayaraq, Sahibə Qafarovanın "qadın məsələsi"ndə hər hansı təşəbbüsü və ya əməli işi barədə heç nə məlum deyil. Onun özünü ölkədə az adam tanıyır.

“İndi işə gedəndə radioda eşitdim ki, parlament spikeri postuna hansısa Sahibə Qafarovanın namizədliyini irəli sürüblər. O kimdir, kimsə onu tanıyırmı?”, - sosial şəbəkə istifadəçiləri Sahibə Qafarovanın spiker seçilməsindən sonra belə yazırdı.

Hazırki Azərbaycan parlamentinə 22 qadın deputat seçilib. Parlamentin ötən çağırışda isə qadın deputatların sayı 21 olub. Yeni parlamentdə kişi deputatların sayı isə 99-dur.

Rəhbər qadınlar

Parlamentdə qadınlar iki komitəyə rəhbərlik edirdilər: Ailə, qadın və uşaq məsələləri komitəsi və Mədəniyyət komitəsi.

Azərbaycanda hazırda səlahiyyətlərinə görə, Prezidentdən sonra ikinci şəxs olan I vitse-prezident vəzifəsini qadın icra edir. Bu post 2017-ci ildə yaradılıb və buraya ölkənin Birinci xanımı Mehriban Əliyeva təyin edilib.

Mehriban Əliyeva bundan öncə uzun illər parlamentin deputatı olub.

Bundan başqa, Azərbaycanda Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri və İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman postlarını illərdir qadınlar icra edir.

Bundan əlavə, İlham Əliyevin göstərişi ilə, ölkənin bütün icra hakimiyyəti orqanları başçılarının müavinlərindən azı biri mütləq qadın olmalıdır.

Bütün bunlar “kağız üzərində” gözəl görünür. Bəs, bu, ölkədə çox sayda olan “qadın problemlərinə” həqiqətdə necə təsir edir?

Zorakılıq, qətl, erkən evliliklər

Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya hələ 1995-ci ildə qoşulsa da, gender ayrı-seçkiliyi və gender problemləri özünü iqtisadi, sosial və məişət səviyyəsində göstərir.

Azərbaycan ötənilki gender bərabərsizliyi indeksinə görə, 162 ölkə arasında 70-ci yeri tutub.

Ölkədə hələ də selektiv abortlar, erkən nikahlar, femisid kimi problemlər çox kəskin qalmaqdadır.

Hazırda Azərbaycanda hər 100 yeni doğulmuş qız uşağına 117 oğlan düşür, normada isə bu göstərici 105 qıza 107 oğlan olmalı idi. https://www.meydan.tv/az/article/qaynanam-dedi-qizini-oldurmesen-seni-bosayacagiq/?ref=list-video

Femisidlə, yəni, gender əsaslı qadın qətlləri barədə rəqəmlər də ürəkaçan deyil. Təkcə rəsmi məlumatlara görə, 2018-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı cinayətlərin qurbanlarının 74.9 faizi qadın olub.

Ötən ilin oktyabr ayında 12 qadın öldürüıüb, onlardan 6-sı öz övladlarının gözü qarşısında öldürülülb.

https://www.meydan.tv/az/article/femisid-ferqinde-ol-ve-qarsisini-al/?ref=search

Azərbaycan indiyədək İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”nı imzalamayıb. Halbuki, Azərbaycan BMT-nin “Qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması Komitəsi”-nin (SİDO Komitəsi) üzvü kimi üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq bu konvensiyanı imzalamalıdır. Avropa Şurasına üzv olan 47 ölkədən təkcə Azərbaycan və Rusiyadan bu sənədi imzalamayıb.

Məhz bu konvensiyanın imzalanması və çoxsaylı qadın qətlləri, selektiv abortlar, gender əsaslı zorakılıq, erkən evliliklər, qızların təhsildən məhrum edilməsi, məcburi evliliklər kimi gender problemlərinin həlli feministlərin Bakıda 20 oktyabrda keçirilən son aksiyası və 8 martda keçirilən aksiyasında səslənən tələblərdən idi. Eyni zamanda, aksiya iştirakçılarının özləri də polisin sərt müqaviməti ilə üzləşib, jurnalistlər də daxil olmaqla onlarla qadın zədələnib.

Azərbaycanda hakimiyyətdə olan rəhbər qadınlardan polisin sərt rəftarına reaksiya verən olmadı, etirazçılar onlardan tələblərinə dəstək də görmədilər.

“Son dəfə hansı vəzifədə olan qadının dilindən eşitmişik ki, ölkədə hansı məişət zorakılığı faktları var və bununla bağlı hansı ölçülər götürüləcək?

Ötən ilin oktyabr ayında 12 qadın qətlə yetiriləndə hakimiyyətdə olan rəhbər qadınlardan kimsə bu məsələni gündəmə gətirdimi, əhaliyə hansısa açıqlama ilə müraciət etdimi? Konkret hansı addımlar atıldı? Həmin şəxslərin ailələrinə psixoloji yardımlar göstərildimi?”, - deputatlığa keçmiş namizəd, ictimai fəal Günel Səfərova sual edir.

Parlamentdəki qadın deputatların işi də asan deyil

Azərbaycanda fevral ayında keçirilmiş parlament seçkisində iştirak etmiş qadın namizədlər öz platformalarında gender bərabərliyi, qadın problemləri, məişət zorakılığı kimi məsələlərə ya heç toxunmurdular, ya da pozulan əsas hüquqlar fonunda sönük görünən xırda məsələlərdən bəhs edirdilər.

Namizədlərdən cəmi bir neçəsi platformalarında qadınların cəmiyyətdə fəallaşması, iş təminatı və sairə kimi məqamlara yer ayırmışdılar.

Halbuki, onların fikrincə, biz burada da Qərb üçün nümunə ola bilərik.

“Qərbdə həllinə çalışılan bir çox məsələlər bizdə artıq həllini tapıb”, - Sahibə Qafarova özünün azsaylı müsahibələrindən birində qadın əməyinin ödənilməsində və qadın məşğuliyyəti məsələsində qeyri-bərabərlik problemini nəzərdə tutaraq deyir.

Lakin onun bu bəyanatı hətta Dövlət Statistika Komitəsinin rəqəmləri ilə ziddiyyət təşkil edir.

Bəzi daha aktiv qadın deputatların özləri parlamentdə diskriminasiya ilə üzləşiblər.

Parlamentdə bir neçə çağırışda deputat olan Qənirə Paşayeva, Ailə, Qadın Uşaq problemləri uzrə Dövlət Komitəsinin sədri keçmiş sədri, keçmiş deputat, hazırda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova müxləlif vaxtlardakı çıxışlarında Azərbaycanda qadın hüquqları məsələlərinə toxunublar və buna cavab olaraq sərt reaksiya ilə üzləşiblər.

2006-cı ildə Milli Məclisin o vaxtkı deputatı Elmira Axundova parlamentdəki çıxışı zamanı ölkədə erkən evliliklərə, qadınların 80 faizinin məişət zorakılığı ilə üzləşməsinə, qadınların polisə müraciət etsə belə, sonda ailəsinə qayıtmağa məcbur olmasına etiraz edib. O zaman onun çıxışı parlamentin əsasən kişi deputatları tərəfindən etirazla qarşılanmışdı.

Bu zaman iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva etiraz edən deputatlara müraciətində deyib ki, Elmira Axundovanın çıxışına sərt reaksiya elə parlamentdə qadına psixoloji zorakılıqdır.

“Burada daha çox kişilər danışır, ancaq qadınlar danışsa, daha yaxşı olardı. Mən çox xahiş edirəm, kişilərimiz qadınların çıxışlarına belə sərt reaksiya verməsinlər... Bunun özü də əslində bir psixoloji zorakılıqdır. Çünki təkcə fiziki zorakılıqdan deyil, həm də mənəvi və psixoloji zorakılıqdan söhbət gedir”, - Qənirə Paşayeva o zaman deyib.

Parlamentdə qadın spiker seçilməsindən sonra çoxları rəhbər qadınların sadəcə simvolik fiqur olduqları, hakimiyyətin onlardan ölkədə gender bərabərsizliyinin hökm sürməsi barədə bəyanatlara arqument “pərdə” kimi istifadə etməsi barədə daha aktiv danışmağa başlayıblar.

“Onu 1) ingilisdilli olması, 2) az-çox mədəni olması 3) ambisiyasız olması 4) itaətkar olması prinsiplərinə görə seçiblər”, - bu, sosial şəbəkələrdə Sahibə Qafarovanın seçilməsi ilə bağlı yazılan postlardan biri idi.

Onların orada olması artıq yaxşı haldır”

“Mən qadınların yüksək vəzifələrdə təmsil olunmağının tərəfdarıyam. Biz uzun müddət bunu təbliğ edirdik ki, qadınlar qərarverici postlarda olsunlar və səlahiyyətləndirilsinlər. Mənim fikrimcə, qadının spiker kimi təmsil olunması çox yaxşı haldır”, - deputatlığa keçmiş namizəd Günel Səfərova deyir və əlavə edir ki, onların daha aktiv fəaliyyətini, həmçinin qadın hüquqları sahəsində işlərini görmək istəyərdi.

Lakin o hesab edir ki, bu proses “mütləq bir qadın yüksək vəzifədə olmalıdır” prinsipi ilə yox, seçilən/təyin olunan şəxsin təcrübəsinə, bilik və bacarığına əsasən aparılmalıdır.

“Onların orada olması artıq yaxşı haldır”, - Günel Səfərova hesab edir. - Beləliklə, insanlar Azərbaycanda qadınların qərarverici postda olmasına öyrəşərlər. Bundan sonra, onlar bəlkə də, qadınların hüquqlarını daha fəal şəkildə müdafiə edə biləcəklər”.

Mediaşəbəkə”nin dəstəyi ilə

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/f28noh

Ən çox baxılan