Guruldadılar. Yağmayacaqlar…

Sanki seçki Azərbaycanda deyil, Tanzaniyada keçirilir.

Source: Meydan.tv

Seçkiqabağı proqnız

Son 30 ildə işim-peşəm bəşəriyyətə çoxdan məlum, fəqət əhalimizin siyasi fəal hissəsinə və hakimiyyət marallarına tam naməlum həqiqətləri ucadan söyləyib əvəzində tənə və rişxənd qazanmaq olub.

Sadəcə zaman keçdikcə dediklərim çin çıxanda, düşünmək qabiliyyətini tam itirməmiş hansısa siyasi fəal gəlib məni tapır və sadəlövlüklə soruşur ki, “Sən bunu haradan bilirdin?”

Hakimiyyət maralları isə heç vaxt soruşmayıblar, zira yüksək vəzifə kətillərində müəyyən müddət əyləşməyin labüd bir nəticəsi olur: insan, ümumiyyətlə, məntiqi düşünmək və xalq qarşısında məsuliyyət daşımaq qabiliyyətini itirir. Vəzirov, Mütəllibov və Elçibəy hansı məsuliyyəti daşıdılar? Nəyin cavabını verdilər? İlham Əliyev kimin qarşısında məsuliyyət daşıyır? Nə zaman və necə?

Mənə qalır sadəlövh sual ünvanlayan siyasi fəala acı-acı gülümsəmək. Nə deyim? Deyim ki, bəşəriyyətin savadlı hissəsinə bu adi həqiqətlər çoxdan bəllidir, təkcə siz bunu bilməyirsiniz, yenə məni anlamayacaq.

Nə isə, yenə sadə bir fikir söyləyim, əgər sizə maraqlıdırsa, baxın görün siyasi fəallar və hakimiyyət maralları buna necə münasibət göstərəcək.

Bu sadə fikir ondan ibarətdir ki, 2020-ci ilin fevral ayının 9-da keçirilməsi nəzərdə tutulan erkən parlament seçkiləri nə hakimiyyətə, nə də müxalifətə zərrə qədər xeyir gətirməyəcək, ümumiyyətlə, mənasız siyasi tədbir kimi tarixin qaranlıq səhifələrində itib-batacaq. Yəni onun siyasi xeyri, tutalım, "Eurovision”dan və ya qadınlar arasında Bakıda keçirilmiş futbol çempionatından artıq olmayacaq.

Hakimiyyət, maşallah-namxuda, ölkəni elə möhkəm minib ki, Sindbadın nağılındakı Qayışbaldır qoca onun yerində toya getməlidir. Yəni dövlət dönüb olub klassik zülm və istibdad aləti. Hakimiyyət artıq heç nədən və heç kimdən utanmadan açıq terrordan açıq informasiya müharibəsinə qədər bütün müharibə cəbbəxanasını əhaliyə qarşı istifadə edir ki, qarət və talan aləti olan dövləti öz inhisarında saxlasın.

Əhaliyə qarşı növbəti gediş “islahat” nağılıdır. Guya islahat gedir. Guya islahat naminə kadrlar dəyişir. İslahat naminə parlamenti boşlayırlar.

Belə çıxır ki, bu parlament islahatların yolunda alınmaz qala kimi dururmuş. Bu, cox gülünc dəlildir.

Bu parlamentin hansı səlahiyyətləri və iradəsi var idi ki, islahatlara mane olsun? Və ya islahatlara dayaq olsun? Bu parlament sırf siyasi görüntü vəzifəsini icra edirdi və əslində Prezident Aparatının oyuncağından başqa bir şey deyildi.

Oyuncaq kimə isə mane ola bilərdimi? Oyuncaq nəyə isə dayaq ola bilərdimi? Ət-tövbə!

Bəs onda bizim bir ağıldan ibarət hakimiyyət bu parlamenti nə üçün boşlayır? Hər ehtimala qarşı. “Ehtiyat igidin yaraşığıdır”. İndiki parlamentin formalaşması zamanı deputatların siyahısını Ramiz Ənvəroviç Mehdiyev tutmuşdu. Heç kim zəmanət verə bilməz ki, orada gizlincə hansısa saat mexanizmi olan bomba qoymayıbmış.

Xatadan uzaq, buraxaq getsin, 100 faiz sadiq və sözəbaxan yenilərini təyin edək.

Görün neçə deputat olmağı arzulayan və hakimiyyət marallarının bəxtəvər sıralarına qoşulmaq istəyən müti vücud sıraya düzülüb!

Mövcud şəraitdə tam müti yeni parlament formalaşdırmaq əsla müşkül deyil. Parlament binasını istənilən sayda istənilən meyarlara cavab verən məxluqlarla doldurmaq mexanizmi Azərbaycanda dünyada analoqu olmayan səviyyədə təmin edilib. Parlamentə zati-aliləri cənablarının bəyənmədiyi bir məxluq belə düşə bilməz!

Düzdür, yeni, daha müti parlament formalaşandan sonra “bu bir ağıl gücündə olan hakimiyyət sərt gerçəkliyin amansız çağırışlarına necə cavab verəcək” sualı dərin və kədərli şübhələr oyadır, lakin bu şübhələri tərk edək vətən dərdi çəkən mütləq azlığa.

Bizim hakimiyyət böylə uzağa baxmağı özünə rəva qılmır. Büdcədən büdcəyə düşünür.

Təbii ki, bu hakimiyyət sizin bəndeyi-həqirdən heç zaman heç nə soruşmaz, biz kəsişməyən paralel dünyalarda yaşayırıq.

Keçək müxalifətin gələcəklə bağlı baxışlarına. Hakimiyyət erkən seçki qərarını açıqlayandan sonra Milli Şura dekabrın 1-də açıq tədbir keçirib elan etdi ki, hakimiyyət seçki qanunlarını demokratikləşdirib seçki komissiyalarına müxalifətin təsirli sayda nümayəndələrini salmasa və ədalətli seçki rəqabəti mühiti yaratmasa, yəni müxalifətə istədiyi yerdə və istədiyi zaman mitinq keçirməyə icazə verməsə, bu sayın müxalifət seçkiləri boykot etmək barədə düşünməyə məcbur olacaq.

İstənilən ölkədə belə qərar tam məntiqi və məqbul sayıla bilər. Seçkidə iştirak hüququ olan seçki subyekti özü üçün ədalətli rəqabət təminatı tələb edir. İstənilən normal ölkədə… Azərbaycan isə anormal ölkədir. Bu anormal ölkənin hakimiyyəti də, müxalifəti də, lap elə açıq danışsaq, seçici xalqı da anormaldır.

Başlayaq ən bəsit ünsür olan hakimiyyətin seçkilərə münasibətindən. İndidən bəllidir ki, hakimiyyət Milli Şuranın tələblərinin heç birinə qara qəpiklik dəyər verməyəcək. Yəni onların heç birini nəzərə almayacaq.

Niyə?

Niyə də alsın? Məgər bu tələbləri irəli sürən siyasi qüvvənin arxasında gerçək güc var? Siyasətdə güc ilə hesablaşarlar. Bu müxalifətin arxasında bir neçə milyon insanmı durub? Bu müxalifəti cəmiyyətdə böyük nüfuzu olan hansısa kəsim dəstəkləyir? Bəlkə onun geniş maliyyə qaynaqları var? Aya, yoxsa onun hədsiz yüksək zəka potensialı var? Bəlkə onun ölümə hazır minlərlə fədaisi var?

Heç biri yoxdur. Güc yoxdursa, “tı kto takoy, davay do svidaniya”. Odur ki, bu meyxananı hakim rejim 1993-cü ildən bəridir ki, usanmadan oxuyur. Oxuyur, oyuncaq parlamentə can atan oyuncaq müxalifəti barmağına dolayır və mütəmadi bihörmət edir. Bu müxalifət isə bu oyuna bilərəkdən gedir.

Çünki onun xəmiri əzəldən belə yoğrulub. Yəni alət və oyuncaq olmaq onun fitri adətidir.

Çox güman ki, hakimiyyət müxalifətin bu tələblərinə məhəl qoymayandan sonra gələcək oyuncaq parlamentə düşmək naminə pərdəarxası gizli sövdələşmələr başlayacaq. Həmişə olduğu kimi, hakimiyyət bu zaman özünün sevimli “ayır-buyur” fəndini işə salacaq, deputat mandatından şirnikləndirici amil kimi istifadə edib özünü yalan-doğru müxalifət adlandıran zümrənin bəzi nümayəndələrini seçilənlər siyahısına salmaqla arzuladığı “demokratik və plüralistik” Milli Məclisi formalaşdıra biləcək.

Bundan əvvəl müxalifət müxtəlif səviyyəli və dərəcəli 17 seçkini uduzub utanmadan öz səmərəsiz fəaliyyətini davam etdirmişdi. Əminəm ki, 18-ci biabırcasına uduzulmuş seçkidən sonra da öz siyasi xəttini və davranışını dəyişməyəcəkdir.

Keçək seçki üçbucağının üçüncü, nəzəriyyə baxımından ən əhəmiyyətli, lakin hakimiyyətimizin və müxalifətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində ən bivec varlığına çevrilmiş sevimli xalqımıza, daha doğrusu, bu ərazidə yaşayan-sürünən seçici kütləsinə.

Siyasi müstəvidə canlanma, vurnuxma, həyəcan və təşviş müşahidə olunur. Seçicilər isə tam biganə və laqeyddirlər.

Sanki seçki Azərbaycanda deyil, Tanzaniyada keçirilir.

Dərindən düşünəndə elə düz edirlər. Hakimiyyətin və bu müxalifətin birgə səyləri ilə vətənimiz Azərbaycanın taleyi bu xalqdan uzaqlaşa-uzaqlaşa gedib çıxıb Tanzaniyaya.

1988-ci ilin noyabrında Dirçəlmiş, 1989-cu ilin dekabrında Həmrəyləşmiş, 1990-cı ilin Yanvarında imperiya ordusuna qəhrəmancasına sinə gərmiş və bu üç nadir qəhrəmanlığın nəticəsində 1993-cü ildə Qurtulmuş xalq öz müqəddəratına elə belə də yanaşmalıdır.

Bizə nə dəxli var Tanzaniyada kim yeyəcək bu xalqın malını, kim satacaq onun torpağını?

Tanzaniya hakimiyyətinin halal xoşu olsun.

Ana səhifəXəbərlərGuruldadılar. Yağmayacaqlar…