Mənbə: Meydan Tv

Göyçay sakini: Bundan sonrakı hadisələrə görə məsuliyyət həm də polisin üzərindədir

“İstəmirəm ki, mənim işimi “çəpəri dağıdılıb” kimi təqdim eləsinlər”

Göyçayın Potu kəndinin sakini Səxavət Qafarov həm mülkiyyət hüququnun pozuntusundan, həm də hüquq-mühafizə orqanlarının baş verənlərə münasibətindən gileylənir. Deyir ki, kənddə ona aid torpaq sahəsini ələ keçiriblər. Kəndin bələdiyyəsindən tutmuş, rayonun polis şöbəsinə qədər hamı olaylardan xəbərdardır. Amma lazımi ölçü götürülmür.

“Əlimdən telefonu aldılar”

34 yaşlı Səxavət Qafarov danışır ki, 1.1 hektar pay torpağı onun ailəsinə 1998-ci ildə verilib. İki il əvvəl Dövlət Reyestr Xidmətindən torpağa mülkiyyət hüququnu təsdiqləyən çıxarış da alıblar. Bundan sonra qohumları - Əlisaab və Pərviz Qafarovlarla problem yaranıb. Səxavət deyir ki, ərazinin təxminən 10 sotunu qohumları ələ keçirib:

“Torpaq atamın adınadı, bağ salmışıq, ora mən baxıram. Ailəmiz onun aldığı təqaüd və bağdan əldə olunan gəlirlə dolanır. Əlisaab Qafarov və oğlu Pərviz martın 24-də bağ sahəsinin yan giriş qapısını dağıdıb, bir hissəni ələ keçiriblər. Xəbər tutan kimi Daxili İşlər Nazirliyinin 102 xidmətinə yığdım, bələdiyyəyə, kənd icra nümayəndəsinə məlumat verdim. Polislə kənd icra nümayəndəsi gəldi, həmin yeri bərpa elədilər. Üstündən bir neçə saat keçəndən sonra yenə dağıdıldı. Həmin gün ikinci dəfə “102"ni yığdım. Bu dəfə heç bir tədbir görülmədi”, - kənd sakini hadisəni belə xatırlayır.

Səxavət çəkdiyi videoları göstərir. Burada bağın çəpərinin sökülməsi, avtomobilinin şüşəsinin necə sındırılması görünür: “Polisə də göstərdim, yenə tədbir görmədilər. Bundan bir neçə gün sonra daha sərt davrandılar. Bağa su açmaq istəyəndə fəhlələrin və mənim üstümə hücum çəkdilər. Əlimdəki telefonu aldılar. Polisə məlumat verirəm, bəhanə eləyirlər ki, mülki məsələdi. Amma bu məsələ mülki çərçivələri aşır. Zəbtetmə, zorakılıq var. Bunun özü cinayətdi. Maşının şüşələrini müxtəlif vaxtlarda sındırıblar. Telefonumun əlimdən alınması cinayət deyil?”

Səxavət Qafarov

Səxavət Qafarov

Mənbə: Meydan TV

“Baş Prokurorluğa teleqram vurmuşdum”

Səxavət Qafarov danışır ki, atası Əlikram Qafarov birinci qrup əlildir. 61 yaşlı kişinin onurğa sütunundakı problemlərdən sonra yerimək qabiliyyəti məhdudlaşıb. Altı nəfərlik ailənin əsas yükü Səxavətin üzərinə düşüb: “Mən də işsizəm, gözümüzü o bağa dikmişik”.

O, qohumlarıyla dil tapmağa çox da ümid etmir. Hesab edir ki, aralarındakı münaqişəni qanunlar yoluna qoymalıdır.

“Baş Prokurorluğa teleqram vurmuşdum. Göyçay Rayon Prokurorluğuna cavab gəlmişdi. Yenə polisə yönləndirilmişdi. Mən mayın 1-də əlimdə olan materialları disk şəklində yerli prokurorluğa təqdim elədim. İstəmirəm ki, mənim işimi “çəpəri dağıdılıb” kimi təqdim eləsinlər. Maşınıma dəyən ziyan var, telefonum əlimdən alınıb. Bağıma icazəsiz girib ağacları kəsiblər. Hamısı cinayət tərkibli əməllərdi. Niyə sənədlərdə təkcə maşının şüşəsindən yazırlar?“, - Səxavət Qafarov belə deyir.

“Yerimə-yurduma gedə bilmirəm”

“İndi vəziyyət necədi?” deyə soruşuruq. Səxavət cavab verir ki, hər an xoşagəlməz nəsə baş verə bilər. Vurğulayır ki, elə bu səbəbdən hüquq-mühafizə orqanlarının vaxtında tədbir görməsini istəyir:

“Bu dəqiqə yerimə-yurduma gedə bilmirəm. Yenə həmin hadisələrin baş verməsi mümkündü. Hətta DTX-nın Göyçay rayon şöbəsində də olmuşam. Dedilər ki, belə işlərə qarışa bilmərik. Mən də dedim ki, təhlükəsizliyimin bərpa olunmasını istəyirəm. Ordan polisə zəng vurdular. Amma yenə vəziyyət dəyişmədi. Polis məni sanki yola verir. Halbuki, vaxtında tədbir görülməsə, ağır nəticələrə səbəb ola bilər. Bundan sonra hansısa hadisə baş versə, məsuliyyət həm də polisin üzərindədir”.

Əlisaab Qafarov

Əlisaab Qafarov

Mənbə: Meydan TV

Ziyan 5000 manatı aşmasa...

Münaqişə tərəflərindən Əlisaab Qafarov Səxavətin əmisidir. O, bağın çəpərini sökməkdə haqlı olduğunu bildirir. İddia edir ki, qardaşı oğlu 10 ildir ki, onunla düşmənçilik aparır. Onun sözlərinə görə, istifadə etdikləri yol və arx S.Qafarovun bağının baş hissəsinə düşür. Ona görə də həmin ərazi açılmalıdır:

“Bu kəndin sakini mənəm, 70 yaşım var. 30 ildən artıq kolxozda işləmişəm. Burada arx hardan gedir, yol hardan gedir - mən onu çox yaxşı bilirəm. Bunlar tüfeyli adamlardır. Məhkəməyə versin, ondan sonra danışaq”, - Əlisaab Qafarovun sözləridir.

Qafarovlar arasındakı münaqişə ilə əlaqədar təkcə aprel ayında Göyçay rayon Polis Şöbəsində üç qərar qəbul edilib. 3, 15 və 20 aprel tarixlərində verilən bu qərarların üçünün də məzmunu eyni olub - Əlisaab Qafarov barəsində cinayət işinin başlanması rədd edilib.

Qərarlardan biri Ə.Qafarovun Səxavətin maşınını əzməsi, ikincisi, onun bağındakı xurma ağaclarını kəsməsi, üçüncüsü isə avtomobilinin şüşəsini daşla vurub sındırmasıyla əlaqədar olub. Təhqiqatçılar bu qərarlarında Ə.Qafarovun o əməlləri qəsdən törətdiyini qeyd ediblər. Amma dəymiş ziyanın məbləğinin azlığına görə cinayət işi başlanmayıb. Məsələn, maşının əzilməsi nəticəsində S.Qafarova cəmi 300 manat, daha sonra şüşənin sındırılmasına görə 60 manat ziyan dəyməsi qənaətinə gəliblər.

“Cinayət Məcəlləsinin 186.1 maddəsində nəzərdə tutulan “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” əməli zərərçəkmiş şəxsə 5000 manat ziyan vurmaqla törədildikdə, məsuliyyət yaranır”, - cinayət işi başlanmasının rədd edilməsi haqda qərarda yazılıb.

S.Qafarovun sözlərinə görə, telefonunun əlindən alınmasıyla bağlı araşdırmaların isə hələ ki, nəticəsi yoxdur.

Səxavət bizimlə söhbətin sonunda çox təəssüflənir. Deyir ki, yazda bağı bir ayrı gözəlliyə bürünürdü...

Ərazi

Ərazi

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tmrcp0

Ən çox baxılan