Emmelin Pankhörst – qadınlara səsvermə hüququ uğrunda vuruşmuş ilk sufrajist

Emmelin təcili surətdə işçi evində şəraitin yaxşılaşdırılması istiqamətində fəaliyyətə başlayır, Qəyyumluq Şurasının islahatçı üzvi kimi məşhurlaşır.

Source: meydan.tv


''Mən bu mitinqi üsyana səsləyirəm''

Emmelin Pankhörst, İngiltərə sufrajistlərinin lideri

Emmelin Pankhörst – İngiltərə sufrajistlər hərəkatının lideri; qadınlara səsvermə hüququ verilməsi uğrunda mübarizənin ən məşhur simalarından biri; İngiltərə hökumətinin, o cümlədən, o dövrdə daxili işlər naziri olmuş Uinston Çörçillin “baş ağrısı”; Birinci dünya müharibəsi başlayanda “silahı” yerə qoymuş; pasifizmi təbliğ etdiklərinə görə iki qızıyla əlaqəsini kəsmiş döyüşkən qadın.

1999-cu ildə “Taym” jurnalı onu “XX əsrin 100 ən görkəmli şəxsiyyəti” siyahsına daxil edib.

****

Sufrajistlər hərəkatına XIX əsrin sonlarında Böyük Britaniya və ABŞ-da, cəmiyyətdəki yerlərindən narazı olan qadınlar tərəfindən start verilmişdi. Termin olaraq ilk dəfə “Daily Mail” qəzetinin jurnalisti Çarlz Hendsin məqaləsində işlədilib – latınca “suffragium” (seçki hüququ) sözünə istinadən. Əslində ironiyayla yazılmış bu söz qadınların ürəyincə olmuş, onlar da özlərini belə adlandırmağa başlamışdılar.

Emmelin Pankhörstə qədər qadınların seçki hüququ uğrunda mübarizəsi təmkinli çıxışlardan, dinc etiraz aksiyalarından ibarətiydi. Bir çox ölkədə (ilk dəfə Yeni Zenlandiyada (1893), ardınca Avstraliyada (1902), Rusiya imperiyasının Böyük Finlandiya knyazlığında (1906), Norveçdə (1913), Danimarka və İslandiyada (1915), Azərbaycan, Gürcüstan, Polşa və Kanadada (1918) və s.) qadınlara səsvermə hüququ verilməsinə baxmayaraq Britaniya parlamentinin buna “qol qoymaması” Emmelin Pankhörst və tərəfdarlarını radikal addımlar atmağa sövq etmiş, onlar mitinqlərdə polislərə müqavimət göstərməyə, ictimai yerlərdə yanğınlar törətməyə, həbsxanalarda aclıq etməyə başlamışdılar.

Qadınların “hoqqalarından” qəzəblənən centlmenlər bəzən onların üstünə London xuliqanlarını göndərimiş, belə hücumların birində Emmelin ayağından ciddi zədə almışdı. Amma heç də gənc olmayan üsyankar qadın bu hadisədən sonra da rəhbəri olduğu təşkilatın radikal üsullardan əl çəkməsi tələblərinə sərt reaksiya vermiş, öz “döyüş” taktikasını – fiziki itaətsizlik aksiyalarını davam etdirmişdi. Maraqlıdır ki, sufrajist qadınları bir təşkilatda birləşdirmək ideyasını ona əri təklif etmişdi. Riçard Pankhörst özü də qadınlara səsvermə hüququ verilməsi uğrunda fəal mübarizə aparanlardanıydı, Emmelinin önə çıxıb məşhurlaşması həm də onun dəstəyi sayəsində mümkün olmuşdu. Özündən 24 yaş böyük ərini Emmelin yəqin ki, bir də bu səbəbdən – arvadının sadəcə “mətbəx qadını” olmasını istəmədiyinə görə çox sevirdi.

Onlar tanış olanda Emmelin rəsmi nikahın əleyhinəydi, hesab edirdi ki, qadın banal rəsmiyyət tələblərinə görə cəmiyyətdəki yerindən məhrum olmamalıdır. Amma Riçard onu inandıra bilmişdi ki, həm hüquqi təminat, həm də ictimai rəy baxımından nikah çox vacibdir – vətəndaş nikahında yaşamaq Emmelinin karyera qurmasına ciddi şəkildə mane ola bilərdi, İngiltərədə buna görə cəmiyyətin qınağına tuş gəlmiş xeyli tanınmış qadın vardı.

****

Emmelin Pankhörstün rəsmi doğum tarixi 15 iyul 1858-ci ildir. Amma o, israrla iyulun 14-də – Bastiliyinanın alındığı gün doğulduğunu deyir və hamının bunu belə qəbul etməsini istəyirdi. O, özünü qalaya hücumda iştirak etmiş inqilabçı qadınlara ruhən doğma hesab edirdi və qeyd edirdi ki, doğum tarixi onun həyatına təsir etmiş ciddi faktorlardan biridir.

Hərçənd Emmelinin dünya görüşünü formalaşdıran əsas faktor ailəsinin, daha çox da anasının siyasi fəallığı olmuşdu – Sofiya əslən Men adasındanıydı (Böyük Britaniyada qadınlara parlament seçkilərində səs vermək hüququnun tanındığı (1181) ilk yer), üzvləri sosial etiraz aksiyalarında iştirak edən Çörək Qanunlarına Qarşı Liqayla əməkdaşlıq edirdi.

O, axşamlar uşaqlarına Harriet Biçer-Stounun məşhur “Tom dayının daxması” əsərini oxuyurdu (Amerikada quldarlığa qarşı mübarizənin populyarlaşmasında bu əsərin böyük rolu olub və deyilənlərə görə, Harrietlə Ağ evdə görüşən prezident Linkoln onu “böyük müharibənin başlamasına səbəb olan kitab yazmış balaca qadın” adlandırıb). Emmelin 1914-cü ildə yazdığı “Mənim şəxsi tarixçəm” avtobioqrafik povestində qeyd edir ki, hələ balacaykən anasıyla birlikdə yeni azad edilmiş qullara yardım məqsədii xeyriyyə tədbirlərinə gedirmiş.

Amma üç yaşında oxumaq öyrənmiş, 9 yaşında “Odisseya”nı, sonrakı illərdə “Fransa inqilabının tarixi”ni oxumuş Emmelinə valideynləri onun qardaşlarından daha az təhsil imkanı yaratmışdılar. On uşaq dünyaya gətirmiş Pankhörstlər (5 oğlan, 5 qız) qızlarının vaxtında ərə gedib yaxşı ev xanımı olmalarını daha vacib hesab edirdilər. Bununla belə, qadınlara səsvermə hüququ ideyasına Emmelin məhz anası sayəsində “yoluxmuşdu”.

Sofiya “Qadınlara səsvermə hüququ haqqında jurnal”a abunəydi və bu vəsiləylə gənc qız nəşrin redaktoru Lidiya Bekkerin yaradıcılığıyla da tanış olmuşdu. Bir dəfə (14 yaşı olanda) məktəbdən evə qayıdan Emmelin qadınlara səsvermə hüququ tələbiylə bağlı etiraz aksiyasına gedən anasıyla rastlaşmış və aksiyada Bekkerin çıxış edəcəyini öyrənib onu da özüylə aparması üçün Sofiyanı dilə tutmuşdu. Sonralar bu hadisə haqda Emmelin belə yazacaqdı: “Həmin mitinqdən mən şüurlu və qatı sufrajist kimi qayıtdım”.

****

Bir il sonra pedoqoji məktədə oxumaq üçün Fransaya gedən Emmelin Paris kommunasını dəstəklədiyi üçün həbs edilmiş jurnalist və siyasətçi Anri Roşforun qızı Noemiylə bir otaqda qalır. Siyasət haqqında çoxlu söhbət etdiyi bu qızla Emmelin möhkəm dostlaşır və təhsilini bitirib evə dönəndən sonra da onunla görüşmək üşün ara-sıra Parisə gedir. Belə səfərlərin birində Naomi onu bir gənclə tanış edir, məsələ evlilik təklifinə qədər gedib çıxır, amma Emmelinin atası qızına cehiz verməkdən imtina etdiyi üçün gənc təklifini geri götürür və Emmelin pərişan halda Mançesterə qayıdır.

Bir müddət sonra (1878) o, Riçard Pankhörstlə tanış olur – uzun müddət qadınların seçki hüquqları, söz azadlığı və təhsil islahatı problemləriylə məşğul olmuş bu adam Emmelindən 24 yaş böyük idi, amma siyasi baxışlarının üst-üstə düşməsi onların yaxınlaşmasına səbəb olmuş və bir gün də sevgiyə çevrilmişdi. Anasının ciddi narazılığına baxmayaraq bir il sonra onlar evlənirlər. Ərinin və dünyaya gətirdiyi beş uşağın qayğısına qalmaq Emmelinin xeyli zamanını alsa da, o, siyasətlə məşğul olmağa da vaxt tapır. Arvadının ictimai fəaliyyətdən kənarda qalmasını istəməyən Riçard bu işdə ona yaxından kömək edir.

1988-ci ildə Lidiya Bekkerin də daxil olduğu Qadın Seçki Hüquqları Milli Cəmiyyətində (NSWS) parçalanma baş verir – üzvlərin böyük qismi mövcud siyasi partiyalara qoşulmaq qərarına gəldiyi üçün. Köhnə və yeni qayda tərəfdarları ayrılır, hər qrup bir təşkilat yaradır. Emmelin qərargahın yerləşdiyi ünvana görə Parlament Küçəsi Cəmiyyəti (Parliament Street Society – PSS) adlandırılmış yenilikçi təşkilata üzv olur. Bu qrupun üzvləri səsvermə hüququna doğru addım-addım irəliləmək tərəfdarı kimi çıxış edirlər. O dövrdə ölkə vətəndaşlarının böyük əksəriyyəti hesab edirdi ki, ərli qadınların səsvermə hüququ olmasa da olar, çünki ərləri onların yerinə də “səs verir”. Ona görə bəzi PSS üzvləri heç olmasa, subay qadınlara bu hüququn tanınmasını istəyir və gələcəkdə buna nail olmağı ciddi uğur hesab edirdilər. PSS çərçivəsində istinasız olaraq bütün qadınların səs verməsi üçün mübarizə aparmağın mümkünsüzlüyü artıq tam aydın olanda (1889-cu ilin yayında) Emmelin ərinin yardımıyla Franşiza Qadın Liqası (WFL) adlı yeni qurum yaradır.

Onların evində keçirilən təsis yığıncağına məşhur abolisionist Uilyam Lloyd Harrison da qatılır və Liqanın üzvlərini ABŞ-da konkret nəticələrə gətirib çıxarmayan təmkinli orta mövqedən çəkinməyə çağırır.

WFL-in əsas uğuru yerli seçkilərdə bəzi evli qadınların səs verməsini təmin etmək olur (Yerli idarəetmə haqqında 1894-cü il qanununa qədər bələdiyyə seçkilərində ancaq bir neçə subay qadına səs vermək hüququ verilmişdi).

Kifayət qədər radikal təşkilat olan WFL sufrajizmdən başqa, boşanma və varislik kimi nikah-ailə münasibətlərində gender bərabərliyi ideyasını da təbliğ etməyə başlayır. Liqa həmçinin Fəhlə İttifaqı (Həmkarlar İttifaqı) ideyasını da dəstəkləyir, sosialist təşkilatlarla əlaqə qurmağa çalışır.

Amma WFL-in radikallığı təşkilat üzvlərinin heç də hamısının ürəyincə deyildi. Lidiya Bekker başda olmaqla, konservatorların təşkil etdiyi (1892) aksiyaya Pankhörstlərin maneə yaratması belələrinin təşkilatdan uzaqlaşmasıyla nəticələnir. Bir il sonra Liqa fəaliyyətini dayandırmalı olur.

Emmeline_Pankhurst2.jpg
Emmelin Pankhörst

1894-cü ilin sonlarında Emmelin Pankhörst “kasıblar haqqında qanunların” icrasına nəzarət üçün yaradılmış Qəyyumluq Şurasına üzv seçilir. Qurumdakı səlahiyyətlərinin icrası zamanı o, Mançesterdəki işçi evində yaşayış şərtlərini görüb dəhşətə gəlir:

“İlk dəfə o evə gedəndə dizlərini yerə qoyub binanın daş dəhlizini yuyan 7-8 yaşlı qızları gördüm və dəhşətə gəlmişdim… Orda fasiləsiz olaraq bronxit epidemiyası hökm sürürdü. Mən orda hamiləliyin son gününə qədər döşəmə silmək məcburiyyətində qalan qadınlar da gördüm… Doğulan körpələrə lazımi səviyyədə qulluq üçün heç bir şərait yoxuydu… Əminəm ki, sosial hüquqlar uğrunda mübarizə aparan döyüşçüyə çevrilməyimin əsas səbəbi o müdafiəsiz qadınlar və onların uşaqları oldu”.

Emmelin təcili surətdə işçi evində şəraitin yaxşılaşdırılması istiqamətində fəaliyyətə başlayır, Qəyyumluq Şurasının islahatçı üzvi kimi məşhurlaşır. Sonrakı illərdə o, bəzi siyasi təşkilatlarla müstəqil fəal statusunda əməkdaşlıq etməyə başlayır və tədcriən cəmiyyətdəki nüfuzu artır. Bioqraflarından biri Pankhörstün həyatının bu dövrünü “Riçardın kölgəsindən çıxma” mərhələsi kimi qiymətləndirir.

O ərəfədə Emmelin Liberal Prtiyasının köməkçi orqanı olan Liberal Qadın Federasiyasında, həm də çox aktiv şəkildə fəaliyyət göstərir. Amma Federasiyanın cəsarətsiz mövqeyi, xüsusilə də İrlandiyanın özünüidarə ideyasını dəstəkləməməsi onun bu qurumdan uzaqlaşıb yeni yaradılmış (1900) Müstəqil Leyboristlər Partiyasına meyylənməsinə səbəb olur. Amma təşkilatın yerli şöbəsi cinsi mənsubiyyətinə – qadın olduğuna görə Emmelini partiyaya qəbul etmir (Sonralar ölkənin bu bir nömrəli sufrajistini MLP-yə ümummilli səviyyədə qəbul ediblər). Sonralar qızı Kristabel yazacaqdı ki, anası MLP-yə üzv olmaqla “siyasi və sosial ədalətsizliklərin həlli üçün işlək vasitələr qazanmaq istəyirdi”.

****

Ərinin ölümündən sonra (1897) Emmelinin qayğıları və borcları artır; uşaqlarıyla birlikdə nisbətən balaca evə köçüb ödənişli iş tapmaq üçün Qəyyumluq Şurasından çıxır; Çorltonda doğuş və ölüm hallarının qeydiyyatçısı olaraq çalışmağa başlayır. Bu, ona bölgənin sosial problemləriylə daha yaxından tanış olmaq imkanı verir. Avtobioqrafiyasında Emmilin o dövrü belə təsvir edir: “Bütün qadınlar mənə öz həyat hekayələrini danışırdılar.

O hekayələrin hamısı kədərli, bəziləri isə çox dəhşətliydi”. Bu vəzifədəki müşahidələri, məsələn, nikahdankənar doğulmuş qadınlarla kişilər arasındakı hüquq bərabərsizliyi onun qadınlara səsvermə hüququ verilməsinin vacibliyinə inamını daha da möhkəmləndirir. Mançesterin məktəb komitəsinə seçildiyi dönəmdə də Emmelin gender bərabərsizliyi, o cümlədən, qızlar üçün daha məhdud imkanlar yaradılması hallarıyla rastlaşır.

1903-cü ildə Pankhörst deputatların qadınlara səsvermə hüququ verilməsiylə bağlı publik çıxışların quru vəddən başqa bir şey olmadığı qənaətinə gəlir (1870, 1886 və 1897-ci illərdə Britaniya parlamenti bununla bağlı qanun layihəsini rədd etmişdi). O, siyasi partiyaların nə vaxtsa bu problemi özləri üçün əsas məsələlərdən biri olaraq görəcəyinə də inanmır və leyboristlər bərabər seçki hüququ uğrunda mübarizəyə diqqət ayırmaq təklifini rədd etdikləri üçün partiyadan çıxır.

Emmelin artıq qəti əminiydi ki, mövcud sufrajist təşkilatları və qrupları dözümlülük taktikasından vaz keçib daha həlledici fəaliyyətə başlamalıdırlar. 10 oktyabr 1903-cü ildə o, bir neçə həmkarıyla birlikdə Qadınların Sosial-Siyasi İttifaqını (WSPU) yaradır. “Birbaşa fəaliyyətə” köklənmiş bu yeni quruma ancaq qadınlar üzv ola bilərdilər.

Pankhörst təşkilatın devizini “Söz yox, əməl!” olaraq müəyyənləşdirir.

Ana səhifəXəbərlərEmmelin Pankhörst – qadınlara səsvermə hüququ uğrunda vuruşmuş ilk sufrajist