Əliyevlərə bağlı aviaşirkət Amerikadan kredit zəmanətləri, hərbi müqavilələr, təyyarələr alıb

“Azərbaycan iqtisadiyyatı icarə toplayan, yalnız bir ailənin faydalandığı mərkəzləşdirilmiş, şaquli piramida kimi təsvir edilə bilər”

Source:


“Azərbaycan iqtisadiyyatı icarə toplayan, yalnız bir ailənin faydalandığı mərkəzləşdirilmiş, şaquli piramida kimi təsvir edilə bilər”

“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi”nin (OCCRP) jurnalistinin 2016-cı ildə ABŞ-da İnformasiya Azadlığı Aktına (FOIA) əsasən əldə etdiyi sənədlərə görə, vaxtilə Azərbaycanın hakim Əliyevlər ailəsinə bağlı olan bir şirkətə məxsus yük aviaşirkəti ABŞ ordusundan qeyri-şəffaf müqavilələr əldə edib.

2005-ci ilin sonunda, Əfqanıstandakı müharibənin dördüncü ilində ABŞ hökuməti ABŞ-da təlim keçmiş əfqan qüvvələrinə və ölkədəki Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) sursat və digər qeyri-döyüş materialları daşıması üçün “Silk Way Airlines” ilə müqavilə bağlamağa başlayıb.

“Silk Way” ABŞ Müdafiə Departamentinin Nəqliyyat Komandanlığı ilə 10 ildən çox müddətə dəyəri 400 milyon dollardan artıq müqavilə bağlayıb. ABŞ-ın İxrac-İdxal Bankı isə şirkətə “Boeing”-dən üç ədəd 747-8 yük təyyarəsi alması üçün 420 milyon dollarlıq kredit verib.

Aviaşirkət müzakirə mövzusuna çevrilib. Belə ki, ötən iyul ayında Bolqarıstanın veb səhifəsi “Trud Silk Way” şirkətinin 2014-2017-ci illərdə diplomatik icazəsi olan azı 350 uçuş həyata keçirərək, Yaxın Şərqdə və digər yerlərdəki müharibə zonalarına “yüzlərlə ton silahı” gizlicə daşıdığını göstərən Azərbaycanla Bolqarıstan arasındakı sızdırılmış yazışmaları ortaya çıxarıb.

Ancaq “Boeing” bunu önəmsəməyib, “Silk Way” ABŞ-ın aviasiya nəhəngi ilə biznes əlaqələrini davam etdirib və 2017-ci ilin aprelində şirkətdən 10 yeni 737 MAX sərnişin təyyarəsinin almaq məqsədilə 1 milyard dollarlıq sazişi imzalayıb. Ancaq bu sazişə ABŞ tərəfdən heç bir zəmanət verilməyib və necə maliyyələşdiriləcəyi məlum deyil.

Ötən ilin oktyabr ayında aviaşirkətin rəsmiləri “Silk Way” şirkətinin daha iki 747-8 yük təyyarəsinin almağı planlaşdırdığını açıqladı. Yenə də maliyyələşdirmə ilə bağlı məlumat verilmədi. “Silk Way” şirkətinin rəsmiləri jurnalistlərin şərh istəklərinə cavab vermədi. “Boeing” şirkəti də mövzuya aydınlıq gətirmək istəmədi.

“Boeing”-in sözçüsü Elena Aleksandrova (Elena Alexandrova) “Biz müştərilərimizin hər hansı bir müqavilə şərtlərini müzakirə etmirik”,- dedi.

Nə kredit zəmanəti, nə də Pentaqonun “Silk Way” hava yolu şirkəti ilə 2005-ci ildə başlayan və bugünədək davam edən əlaqələri barədə informasiya verilməyib.

Kiçik otaqdakı skeletlər

Aviaşirkət ən azı bir nöqtədə Azərbaycanın hakim ailəsi ilə (təyyarələri şəxsi səfərlər üçün istifadə edib) sıx əlaqəsi olan və dövlət layihələrindən qazanan “Silk Way” Qrupuna məxsusdur. İnformasiya Azadlığı Aktına əsasən əldə edilən sənədlərdən görünür ki, “Silk Way” aviaşirkəti ola bilsin ki, ABŞ-ın dəyərli kreditlərini və hərbi müqavilələr əldə etmək şansını artırmaq üçün sahiblərinin kimliyini gizlətməyə çalışıb.

Bu gərginliyin mümkün səbəbi Azərbaycanda korrupsiya və insan hüquqlarının pis vəziyyətdə olmasıdır. Ölkə “Transparency International” təşkilatının korrupsiya indeksində 180 ölkə arasında 122-ci yeri tutub və Prezident İlham Əliyevin ailəsi dünya miqyasında 140 milyon dollardan çox dəyəri olan lüks əmlaka malikdir. Panama sənədləri və digər sızdırılmış sənədlərdən ölkənin birinci ailəsinin otelçilikdən mədənçiliyə, bank sektoruna qədər demək olar ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində payı olduğu məlum olur.

2010-2011-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayzanın (Matthew Bryza) sözlərinə görə, “Silk Way” Azərbaycan-Orta Asiya marşrutu üçün çox əhəmiyyətli tərəfdaş olub və qeyri-öldürücü materialların üçdə birini Əfqanıstana daşıyıb:

“ABŞ ordusu düzgün olaraq fokusu demokratiyadan daha çox, təcili əməliyyat-logistik ehtiyaclarına yönəldib”. Keçmiş səfir əlavə edib ki, demokratiyanın təşviqi ABŞ-ın əsas maraqlarından biridir, lakin digər məsələlərlə tarazlaşdırılmalıdır.

Ancaq illərdir ki, Azərbaycanı izləyən insan hüquqları fəalları “Silk Way” aviaşirkətindən istifadə etməklə bağlı qərarın uzaqgörənlik olmadığına inanır.

“Demokratiyanın təşviqi və təcili hərbi ehtiyaclar arasında olan dilemma çox vaxt belə bir şəkildə qoyulur, amma ABŞ xarici siyasətinin ənənəvi olaraq uzunmüddətli hədəfləri var. Bunlar hüququn aliliyinin, iqtisadiyyatın şaxələndirilməsinin, daha hesablı idarəetmənin və demokratikləşmənin təşviq olunmasıdır” – ABŞ-da yerləşən və bütün dünyada demokratiya və insan haqları məsələlərinə nəzarət edən qeyri-kommersiya təşkilatı olan “Freedom House” təşkilatının “Keçid Ölkələri” hesabatının layihə direktoru Nate Şenkkan (Nate Schenkkan) deyib.

İpək kimi yumşaq bir razılaşma

Vaşinqton çox pul ödədi. ABŞ-ın İxrac-İdxal Bankı (EXIM) vasitəsilə 2014-cü ildə ABŞ hökuməti “Silk Way” şirkətinə üç ədəd “Boeing 747-8”z yük təyyarəsini alması üçün 419.5 milyon dollarlıq kredit verib.

Müqavilə səxavətli olduğu qədər də mübahisəli idi. Kredit zəmanəti müqaviləsinə əsasən, özəl hava şirkəti krediti ödəyə bilməsə, itkini onun səhmdarları deyil, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı ödəməlidir.

Bundan sonra 2017-ci ilin aprelində daha 10 sərnişin təyyarəsinin alınması üçün “Silk Way” ilə 1 milyard dollarlıq əlavə müqavilə imzalanıb və eyni ilin oktyabrında daha iki 747-8 yük təyyarəsi alınması planlaşdırılıb. İxrac-İdxal Bankı (EXIM) bu razılaşmaya cəlb edilməmişdi, çünki bank onu bağlamaq istəyən siyasətçilərin təzyiqi altında kreditləri məhdudlaşdırmışdı.

ABŞ hökuməti tərəfindən dəstəklənən kreditin qaytarılması baxımından heç bir təhlükə olmadığından ABŞ hökumətinin 2014-ci ildəki kredit zəmanəti “Silk Way” aviaşirkətinə aşağı faiz dərəcəsi ilə borc götürməyə imkan verdi. İxrac-İdxal Bankının (EXIM) idarə heyətinin iclas protokollarına əsasən, “Boeing” ilə əməliyyatlar aparılması üçün verilən kredit “Boeing”, GE və “Gulfstream”-də təxminən 2,800 işi dəstəkləməli idi.

Bununla yanaşı zəmanət Azərbaycan dövlət bankının aviaşirkətin borcunu ödəyə bilmədiyi halda ABŞ-dakı vergi ödəyicilərinin hədəfdə olacağı anlamına gəlirdi. Zəmanət “Silk Way” aviaşirkətinin üç aylıq Libor müsbət 0,6 faiz dərəcəsi ilə borc götürməsinə icazə verdi (Libor bankların bir-birinə borc vermək üçün ödəniş etdiyi faiz dərəcəsidir).

Bu bir aylıq müddətə Libor müsbət 0,5 faiz dərəcəsi ilə İxrac-İdxal Bankından deyil, başqa bankdan kredit alan ABŞ-ın daha yüksək kredit dərəcəsi olan “General Electric Capital” şirkətinə altı ay sonra verilən kreditlə eyni faizlidir. Başqa sözlə, “Silk Way” aviaşirkətinə verilən kreditlə “General Electric Capital” şirkətinə verilən kredit eyni faizlidir.

İxrac-İdxal Bankı (EXIM) və onun tənqidçiləri

EXİM və ya ABŞ İxrac-İdxal Bankı ABŞ hökumətinin rəsmi ixrac kredit agentliyidir. 1934-cü ildə yaradılıb və məqsədi kommersiya kreditorları ilə rəqabət etmək deyil, əksinə maliyyə və ya siyasi riskləri boynuna götürmək istəməyən digər kreditorları əməliyyatlar və investisiyalar üçün kapitalla təmin edir.

İxrac-İdxal Bankı kölə əməyindən istifadə etməkdə ittiham olunan mədənçilik şirkətinə, iş yerində itkilər və partlayışlar baş verməsi kimi tarixçəyə malik Meksikanın dövlət neft şirkəti “Pemex”-ə və ətraf mühitə zərər verən digər lahiyələrə kredit verdiyini ortaya çıxaran bir sıra araşdırmalardan sonra çətinə düşüb.

2008-2009-cu illərdə Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri vəzifəsini icra edən Deyvid Kramer (David Kramer) qeyd edir ki, İxrac-İdxal Bankı borcunu ödədiyi müddətcə kimə kredit verdiyi ilə bağlı narahaqlı keçirmir:

“Mən Dövlət Departamentində çalışdığım vaxt baş verən bir hadisəni xatırlayıram. Mən onlara “əli qana batmış bir şəxsə məxsus müəyyən bir şirkət kredit almamalıdır” dedim. Onların sualları isə “nə qədər qan?” oldu”.

Geri ödəmə ilə əlaqədar narahatlıqları aradan qaldırmaq üçün İxrac-İdxal Bankı rəsmiləri “Silk Way” aviaşirkətinin borcunu geri ödəyə bilmədiyi halda onun borcunu ödəməsi üçün dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankından zəmanət aldılar.

“İşçi heyəti hesab edir ki, “Silk Way” şirkətinin maliyyə vəziyyəti bu məbləğdə maliyyələşdirməni doğrultmaq üçün kifayət qədər güclü deyil və buna görə də Azərbaycan Beynəlxalq Bankı əməliyyatlara zəmanət verəcək. Ən güclü zəmanətçi kimi ABB kreditin qaytarılmasının əsas mənbəyi olacaq” – 2014-cü ilin iyun ayında İxrac-İdxal Bankının idarə heyətinin iclas protokollarında deyilir.

“Freedom House” təşkilatının layihə direktoru Şenkkan (Schenkkan) qeyd edir ki, bu Amerika Birləşmiş Ştatlarının ənənəvi olaraq tərəfdaş ölkələr və müttəfiqlər ilə necə əməkdaşlıq edəcəyini görmək istəməsi deyil:

“Beləliklə, İxrac-İdxal Bankının nəzarət etmək rolu olmasa belə, kimsə bunu nəzərdən keçirməli və təsdiq etmək istədiyimiz budurmu deyə gözdən keçirməlidir”.

“Bir ailənin iqtisadi və siyasi cəhətdən dominant olduğu və özünün iqtisadi layihələrini dəstəkləmək üçün dövlət qurumlarından istifadə etdiyi Azərbaycanda açıq şəkildə maraqların toqquşması var”, – o, əlavə etdi.

Xüsusilə, 2014-cü ildə İxrac-İdxal Bankının əməliyyatından bir neçə ay öncə Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankında 500 milyon ABŞ dolları infuziya olacağı ilə bağlı “daha öncə görülməmiş” bəyanat yaydı. Bu, İxrac-İdxal Bankının idarə heyətinin əməliyyat təsdiq olunmamışdan öncə qeyd etdiyi bir fakt idi.

Azərbaycan Beynəlxalq Bankı o qədər də etibarlı bir zamin deyildi. 2015-ci il neft qiymətlərinin aşağı düşməsi ilə yanaşı milli valyutanın iki dəfə devalvasiyaya uğraması banka mənfi təsir edib, bank 3,3 milyard dollar borclanıb və Nyu-Yorkda müflisləşmə ilə bağlı məhkəməyə 15-ci maddəyə əsasən qorunmaq üçün müraciət edib. Bu, Azərbaycan hökumətinə addım atmağa və 2018-ci ilin martında bankın 2,2 milyard dollar həcmində olan xarici borcunu öz üzərinə götürməyə vadar etdi.

ABŞ hökuməti ilə əlaqələrinə əlavə olaraq “Silk Way” Airlines Kanada Milli Müdafiə Nazirliyi, Almaniya Silahlı Qüvvələri və Fransa ordusu üçün bir subpodratçı olaraq çalışmışdır. Amerika hökuməti 400 milyon dollardan nə qədərinin “Silk Way” aviaşirkətinə xərcləndiyini dəqiq deyə bilmədi, çünki müqavilələr vasitəçi şirkətlə deyil, tərəfdaş şirkətlə imzalanıb. Keçmiş hökumət rəsmiləri aviaşirkət ilə işləməyin vacibliyinə açıq fikir vermişdi.

Mütləq birinci sinif

“Silk Way” şirkətinin Azərbaycanın hakim ailəsi ilə əlaqəsi uzun müddətdir ki, ortaya çıxarılıb. Azadlıq Radiousunun 2010-cu ildəki bir araşdırmasında prezidentin kiçik qızı Arzu Əliyevanın “Silk Way” Holdinqin maliyyə qolu “Silk Way Bank”ın üç sahibindən biri olduğu göstərilib. Bu məlumatlar ortaya çıxdıqdan sonra prezidentin sözçüsü onun müstəqil iş qadını olmaq hüququ olduğunu dedi.

“Silk Way Bank”ının 2017-ci ildəki illik hesabatına əsasən nə Əliyev ailəsi, nə də “Silk Way Qrup”un bankda heç bir payı yoxdur.

“Silk Way” Holdinq və “Silk Way Group” (SW Group) kimi də tanınan şirkətin rəsmi saytında hazırda onun portfelində aviaşirkət də daxil olmaqla, 11 şirkətin olduğu qeyd olunur. 2017-ci ilin iyun ayına qədər “Silk Way Bank” da daxil olmaqla, 14 müxtəlif şirkətin siyahısı təqdim olunmuşdu (Bu araşdırmanın hazırlandığı müddətdə saytdan çıxarıldı).

“Silk Way Hava Yolları”, “Silk Way İnşaat” və “Silk Way Sığorta” şirkətlərinin daxil olduğu “Silk Way” Qrupu illər ərzində Azərbaycan aviasiya sektorunda böyük pay sahibidir. Buna görə ABŞ da yerləşən rəqib “Kalitta Air” şirkəti 2014-cü ildə “Silk Way West” şirkətinin ABŞ-ın Nəqliyyat Departamentindən xarici hava daşımaları üçün icazə almasına qarşı çıxdı. “Azərbaycan ABŞ daşıyıcıları üçün açıq və rəqabətli bazar deyil – əlbəttə ki, əgər onlar “Silk Way” ilə müqavilə bağlasalar”.

“Silk Way” Holdinq ölkənin aviasiya sektorundakı hökmranlığına görə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən dövlət aviaşirkəti AZAL-ın 2003-cü ildəki özəlləşdirilməsinə borcludur. Köhnə dövlət aviaşirkətlərinin bir çox hissəsinin “Silk Way” tərəfindən ələ keçirildiyi bu proses gizli şəkildə, təklif və tender elan edilmədən həyata keçirildiyi üçün maliyyə eksperti tərəfindən “başlanğıcda təhlükəli” kimi qiymətləndirilmişdi.

Əliyevlərin digər bütün mülklərdə barmağı var. OCCRP-nin telekommunikasiya sektorunun özəlləşdirilməsi ilə bağlı araşdırmasına əsasən ailənin təxminən 1 milyard dollar dəyərində pul və səhminin olduğu üzə çıxarıldı. Araşdırmada pulun müxtəlif ofşor şirkətlər vasitəsilə birinci ailəyə ötürüldüyü göstərilir. Bu şirkətlər Əliyevlərə Azərbaycanda qızıl mədənləri, telekommunikasiya və tikinti bizneslərindəki paylarını idarə etmək imkanı yaradır.

“Silk Way” Holdinqin formalaşması kölgədə fəaliyyət göstərən və idarəetməsində əsas rol oynayan ofşor şirkəti Beynəlxalq Daşıma Şirkətinə məxsusdur (IHC).

Karayibə İpək Yolu

“Silk Way Airlines”-ın mülkiyyətinə aid olan ən ilkin istinada “AMC Form 207” adlı bir sənəddə rast gəlinir ki, bunun bir nüsxəsini “Silk Way” 2006-cı ildə İnformasiya Azadlığı Aktının (FOIA) tələbi ilə təqdim etmişdir. ABŞ ordusu üçün yük daşımaq istəyən hər hansı bir hava yolu şirkəti bu formanı təqdim etməlidir.

“Silk Way Airlines” öz müraciətində Britaniyanın Vircin adalarında yerləşən ofşor şirkəti İHC-yə məxsus olduğunu qeyd edib. Müraciət formasında açıq şəkildə qeyd olunması tələb olunsa da İHC-nin kimə məxsus olmasına dair heç bir məlumat verilməyib. Britaniyanın Vircin adalarındakı məxfilik qanunlarına əsasən IHC-nin sahibi müstəqil şəkildə müəyyən edilə bilməz.

ABŞ Nəqliyyat Komandanlığı “Silk Way” aviaşirkəti kimə məxsus olduğunu bildirmədiyi halda nə üçün onun orduya yük daşımasına icazə verilməsi ilə bağlı jurnalistlərin suallarına cavab vermədi. Halbuki, bu kimi hallarda bu standard tələbdir.

2007-ci ildə Vaşinqtonda Nəqliyyat Departementinə ayrı bir ərizə verildi, “Silk Way Airlines” şirkətinin 40 faizinin IHC-yə məxsus olduğunu, 60 faizinin isə artıq Azərbaycan vətəndaşı Zaur Axundov tərəfindən “effektiv şəkildə idarə olunan” SW Holdinqə məxsus olduğu bildirildi. Bir daha aviaşirkət İHC-nin sahibləri barədə açıqlama vermədi.

IHC 2016-cı ildə də “Silk Way Bank”ın nəzarət heyətində olan direktor Jaouad Dbila vasitəsilə Əliyev ailəsi ilə bağlıdır. Bundan əlavə, daha öncə Dbilanın keçmişdə birinci ailənin biznes maraqları üçün “proxy” olduğu ortaya çıxarılmışdı.

Müstəqil xəbər saytı Meydan TV-in araşdırmasına əsasən, 2012-ci ilin əvvəlindən 2013-cü ilin sonlarına qədər “Silk Way Inn”-in direktoru olan Dbila Əliyev və qonşu Gürcüstandakı biznes tərəfdaşlarının investisiyalarını idarə etmələri üçün bir sıra qeydlər hazırlayıb. 2014-cü ildə Dbila Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Mülki aviasiya sahəsində xidmətlərinə görə” medalla təltif olunub.

Hava nəqliyyat sənayesində informasiya texnologiyaları şirkəti olan SITA tərəfindən nəşr olunan bir sənaye nəşrində verilən məlumata görə, 2015-ci ildə Dbila Bakı Beynəlxalq Hava Limanında yeni bir nömrəli Terminalın direktoru idi. “Silk Way Airlines” şirkətinə və aviaşirkətin Çikaqodakı nümayəndəsi olan qardaşı Mayk Dbilaya (Mike Dbila) bir neçə email göndərməyimizə baxmayaraq, Jaouad Dbiladan şərh ala bilmədik.

Asan kredit yoxdur

“Wikileaks” tərəfindən ortaya çıxarılan ABŞ-ın diplomatik teleqramlarına əsasən daha sonra 420 milyon ABŞ dolları məbləğində kreditə müraciət etmək planı ilk dəfə 2008-ci ildə ABŞ-ın İxrac-İdxal Bankının prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycan Hava Yollarının baş meneceri tərəfindən gündəmə gətirildi.

Hələ də məlum olmayan səbəblərə görə kredit müraciəti yalnız altı il sonra, 2014-cü ilin əvvəlində edildi. O zamandan bəri İHC ümumi rəsmdə görünmürdü – ən azı sahiblər və səhmdarlar haqqında məlumatın tələb olunduğu rəsmi kredit sənədlərində qeyd adı çəkilmirdi.

2007-ci ildən 2014-cü ilədək IHC “Silk Way”-dəki payını vermişdi. Ancaq İHC, mülkiyyət payını ləğv etsə də (ən azından kağız üzərində), aviaşirkət üzərində nəzarətdən əl çəkmədi.

Lüksemburqun rəsmi qəzetinə görə, 2011-ci ildə Rusiya doğulan menecer Qriqoriy Yurkova (Grigory Yurkov) “Silk Way” Holdinq və İHC üçün etibarnamə verildi. Etibarnaməyə əsasən, Yurkov vasitəsilə IHC hava yolu şirkətinin rəsmi mülkiyyətindən asılı olmayaraq, “Silk Way Airlines” adından müqavilələrə daxil ola və maliyyə öhdəlikləri əldə edə biləcəkdi.

“Belə bir strukturun olması qanundan kənar olmasa da, belə bir mülkiyyət strukturu açıqlama öhdəliklərini, maraqların münaqişələrini və ya iştirak edən şəxslərin kimliyini gizlətmək, yaxud aradan qaldırmaq üçün istifadə edilə bilər” – şirkətin mülkiyyət tarixini nəzərdən keçirən “Dorsey & Whitney LLP” hüquq şirkətinin həmkarı Tom Qorman (Tom Gorman) bildirdi.

“Bu cür gizli bir qarşıdurma mənfi siyasi nəticələrə səbəb ola bilər” – o, 2010-cu ilin əvvəlindəki araşdırmalara əsasən, prezidentin qızı Arzunun “Silk Way” şirkətlər qrupuna daxil olan “Silk Way Bank”ın qismən sahibi olması faktını xatırladaraq əlavə etdi.

2015-ci ildə Vaşinqtonda Nəqliyyat Departementinə “Silk Way” şirkəti tərəfindən göndərilən sənədlərdə həmçinin IHC-nin “Silk Way Airlines” tərəfindən istifadə olunan 11 ədəd təyyarədən beşinə sahibi olduğu göstərilir. Bir ekspert bunu İHC sahiblərinə pul qazandırmaq üçün mümkün bir mexanizm olaraq görür. “Silk Way” isə bu təyyarələrin kirayəsi üçün şişirdilmiş miqdar ödəyir.

Sahibkarlığı formal dəyişidirildiyi üçün İxrac-İdxal Bankı İHC və ya kreditləri təsdiq etməzdən öncə onun rolu barədə heç bir suala cavab vermədi. Baxmayaraq ki, ofşor şirkəti aviaşirkət üzərində davamlı təsirə malik idi.

Bu barədə soruşulduğunda İxrac-İdxal Bankının sözçüsü jurnalistləri bankın idarə heyətinin İHC barədə heç bəhs edilməyən yığıncaq protokollarına yönləndirdi

Sirli adamla tanış olun

“Silk Way” və biznes əlaqələri haqqında bir çox cavabsız sual qalır. Baxmayaraq ki, şirkətin 2014-cü ildəki kredit zəmanətinə dair sənəd bir vacib faktı ortaya qoydu: o vaxta qədər Azərbaycan hökumətinin keçmiş rəsmisi olan Zaur Axundov bütün “Silk Way” qrupunun 100 faiz sahibi idi. Həmin vaxt firma və onun bir çox holdinqlərinin milyardlarla dollar dəyəri var idi.

Nisbətən bioqrafiyasını gizli saxlamağa müvəffəq olmuş Axundov haqqında çox az məlumat var. Azərbaycanda korrupsiya qalmaqallarını izləyən müşahidəçilər bunun oxşar bir nümunə olduğunu deyirlər.

“Bu, Azərbaycanda korrupsiyaya məruz qalmış kommersiya əməliyyatlarının təkrarlanan bir aspektidir. Kimsə haradansa çıxacaq və şirkətin üzü olacaq, lakin onlar tam sahibləri olmayacaq ” – 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kauzlariç (Richard Kauzlarich) qeyd etdi.

“Mən Axundovu şəxsən tanımıram, ancaq bu oxşar model kimi görünür. Bu biznes modeli illər ərzində Azərbaycandakı əməliyyatların əsas xüsusiyyətidir”, – o, Azərbaycan neft şirkəti barədə “Global Witness” araşdırmasını vurğulayaraq qeyd etdi.

Axundov 2010-cu ildə “Silk Way Bank”ın nəzarət şurasının sədri olub. Həmin sənəddə həmçinin prezidentin qızı bankın təsisçi səhmdarı qismində göstərilib.

“Silk Way Airlines” şirkətinin İxrac-İdxal Bankı ilə olan sənəddə Axundovla bağlı daha öncə ortaya çıxarılmayan şəxsi məlumatlar açıqlanıb və onun Vaşinqtondakı vəkillərinə bir neçə elektron poçt vasitəsilə sorğu göndərilməsinə və zəng edilməsinə baxmayaraq, şərh ala bilmədik.

Hal-hazırda 50 yaşı olan Axundov həyatının çox hissəsini müxtəlif vəzifələrdə Azərbaycan hökuməti üçün işləyib. Karyerasına 1991-ci ildə Azərbaycan hökumətinin Planlaşdırma Komitəsində başlamış, sonra isə Xarici İqtisadi Əlaqələr Nazirliyində davam etmişdir. 1997-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutundan iqtisad elmləri doktoru dərəcəsi alıb, bundan sonra üç il müddətinə dövlətə məxsus “AZAL” ın “Cargo Aviation” şirkətinin direktoru vəzifəsinə təyin edilib.

Axundov 2003-cü ildə özəlləşdirmə dalğası zamanı Bakı hava limanının direktoru olub. Bu zaman, bir çox aviaşirkət “Silk Way” Holdinq tərəfindən ələ keçirilib. O, “Silk Way Airlines” şirkətini 2001-ci ildə qurub və 2005-ci ildə onun prezidenti təyin olunub. 2006-cı ildə isə “Silk Way” Holdinqin rəhbərliyinə gətirilib.

Hökumət işçisi kimi çalışdığını nəzərə alsaq, Axundovun bir milyard dollarlıq 10-dan çox təyyarə, bir sığorta şirkəti, bir tikinti şirkəti və bir təyyarə təmir şirkətinə, “Silk Way” qrupunda adı çəkilən bir neçə müəssisəyə necə sahib olduğu məlum deyil.

Onun qrupun mülkiyyət hüququnu İHC-dən necə aldığı və ya İHC-nin “Silk Way Airlines” adından müqavilələr bağlamaq və öhdəlik götürmək haqqının hələ də niyə davam etdiyi aydın deyildi.

“Freedom House” təşkilatının layihə direktoru Şenkanın (Schenkkan) da bildirdiyi kimi “Azərbaycan iqtisadiyyatı icarə toplayan, yalnız bir ailənin faydalandığı mərkəzləşdirilmiş, şaquli piramida kimi təsvir edilə bilər”:

“Bu, yalnız vergi və ictimai fondları ehtiva edən rəsmi dövlət əməliyyatları deyil, adətən bizim özəl sektor kimi nəzərdə tutduğumuz sahələrdəki (idxal-ixrac, istehlak malları, nəqliyyat) bütün əməliyyatları əhatə edir”.


Bu araşdırma Kolumbiya Universitetinin Araşdırmaçı Jurnalistika Stabil Mərkəzi ilə birgə

hazırlanıb.

Ana səhifəAraşdırmaƏliyevlərə bağlı aviaşirkət Amerikadan kredit zəmanətləri, hərbi müqavilələr, təyyarələr alıb