Seymur Həzi

Mənbə: Foto: Meydan TV

Başlıq: Seymur Həzi

Əliyevdən islahat gözləyənlər

Məqalə yeniləndi:  30 Dekabr 2019

Yaxud Əliyevə “mane olan” Əliyev imiş

Artıq 2019 cu il arxada qaldı. Bu ilin ən mühüm hadisələri, 19 yanvar mitinqi, hakimiyyətin sosial güzəştlər siyasəti, may ayında Avropa İttifaqı ilə sazişin baş tutmaması, 8 oktyabr piketi və yürüşü, 19 oktyabr razılaşdırılmamış mitinqi, parlamentin buraxılması, növbədənkənar patlament seçkilərinin təyini və nəhayət, 23 dekabrda keçirilən bələdiyyə “seçkiləri” idi. Budur, biz 2020-ci ili qarşılamağa çox az qalmış bir vaxtda tamam fərqli məsələlərə münasibət bildirmək fikrindəyik. 2019-cu ildə cəmiyyətin fəal kəsiminin o qədər də böyük olmayan bir hissəsi belə fikriləşir və iddia edirdi ki, İlham Əliyev hakimiyyəti siyasi islahatlar etmək fikrindədir. Bu polemika uzun zaman almasa da, az da çəkmədi. Bu islahatlar gözləntisi fonunda seçkilərə qatılıb-qatılmamaq məsələləri də müzakirə olundu. Söhbət 2020-ci ilin fevralına təyin olunmuş növbədənkənar parlament seçkilərindən gedir. Bu proses barədə kimin nə düşündüyünü burada yazamağa ehtiyac duymadan islahatlar mövzusuna diqqət çəkməyi zəruri hesab edirəm. Məhz ona görə ki, ilin sonunda baş vermiş bir neçə olay islahatlar məsələsinə ciddi işıq tutdu.

İlham Əliyev özü şəxsən...

Cəmiyyətdə uzun zaman belə bir fikir gəzirdi ki, İlham Əliyev baş verənlərin mahiyyətindən xəbərsizdir. Bütün repressiyaları və qeyri- adekvat ritorikanı onun siyasi məsləhətçiləri və köməkçiləri edir. Əsasən də, Ramiz Mehdiyev və Əli Həsənovun adları çəkilirdi. Lakin son olaylar göstərdi ki, bu məsələlər söylənilən kimi deyil. Sistemin başında duran özü onun işinin bu cür təşkilində birbaşa iştirak və rəhbərlik edir. Ramiz Mehdiyevin və Əli Həsənovun məsliyyəti isə əlbəttə böyükdür, amma əsas təşkilatçıdan sonra. İlham Əliyev son çıxışlarında demək olar ki, məhəllə standartlarına cavab verməyən leksikonla danışaraq, özünün qəzəb və isterikasını gizlədə bilmirdi. Üstəlik siyasi müxalifətə qarşı baş verən işgəncə və təqibləri guya hansısa üçüncü qüvvənin təşkil etidiyini və bununla da rəhbərin imicinə zərbə vurmağı düşündüyünü iddia edən qüvvələr yanıldıqlarını gördülər. İlham Əliyev vaxtaşırı bu işgəncələrdən ironik tonda söz açaraq göstərdi ki, baş verənlərdən xəbəri var və özü əsas təşkilatçıdır. Bu kontekstdə islahat gözləntisinin nəyə ümid etdiyini düşünmək bir qədər çətinləşir. Fəqət hər şey bununla bitmədi.

Bələdiyyə seçkisi- seçki haqqında epitafiya

Mübarizə aparmaq, insanları fəallaşdırmaq hər zaman təqdir edilir. 2020-ci ilin seçkilərində iştirakla bağlı qərar verən qüvvələr iki yerə bölünür. Nəzəri olaraq seçkilərin hüquqi fəlsəfi mahiyyətinə istinad edib, iştirakın vacibliyini irəli sürənlər. İkinci qrup isə özünü sınamaq istəyənlər və prinsipial mübarizənin bu platformada olmadığını təsdiqləyənlər. Bütün hallarda baş vermiş ( məhz “baş tutmuş” deyil) bələdiyyə seçkiləri göstərdi ki, İlham Əliyev qarşıdakı parlament seçkilərinə bu bələdiyyə seçkisi kontekstində heç bir ümid vemək istəmir. Ölkənin bir neçə bölgəsində xalq öz seçdiyi müstəqil insanların qələbəsini qorumaq istəsə də, saxtakarlıq total qaranlığını bütün ölkəyə yaydı.

Mehman Hüseynovla son nöqtə

Müxaliət liderlərinə qarşı olan işgəncələri ikibaşlı şərh edənlər də tapılmışdı. Reper Pərviz Quluzadənin həbsinə sadəcə bir pankart qaldırmaqla etiraz edən bloger Mehman Hüseynova qarşı 6 polis əməkdaşının törətdiyi zorakılıq və işgəncə hamını bir daha düşünməyə vadar etdi. Məlum oldu ki, İlham Əliyevin nifrət etdiyi şəxslər təkcə prezidentlik kürsüsünə təhlükə olanlar deyil, həm də bir rayon bələdiyyəsi üzvünün yerinə iddia edən gənclərdir. Çünki o gənc də sistemin mahiyyətinə təhlükə yarada biləcək düşüncə daşıyıcısıdır. Bu mənada 2020-ci ilin başlanğıcında hamı addımlarını yenidən götür-qoy etməli olacaq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  30 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l4rmww

Ən çox baxılan