Elnur Astanbəyli

Mənbə: Foto: Meydan tv

Başlıq: Elnur Astanbəyli

Elina işi

Və bu ədalətsiz mühitdə iki övlad böyütdüyümə görə həm utanır, vicdan əzabı çəkir, həm də qorxuram!

Azərbaycan məhkəmə-məzhəkələri “Elina işi” ilə bağlı qərar verdi: onun oxumaq üçün gəldiyi, sonunda isə intihar etməli olduğu məktəbin direktoruna 2 il 2 ay 14 gün (ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla) azadlığın məhdudlaşdırılması cəzası çıxarıldı. Əslində, buna cəza deməyə də adamın dili gəlmir, kimsə qüsura baxmasın, həmin hökm gerçəklikdə mükafatdan başqa bir şey deyil!

Həmin məktəb direktoru öncədən himayə olunurdu, barəsində “ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaq” kimi yüngül ittiham irəli sürülmüşdü və elə bundanca aydın idi ki, prosesin məqsədi ədaləti təmin etmək deyil, 14 yaşlı bir qızcığazın faciəsini palaz altına süpürməkdir!

***

Düzünə qalsa, bizim məhkəmə-məzhəkələrin heç ədalət adlı dərdi də yoxdur, orada onsuz da uzun illərdir “pulu kim verirsə, musiqini də o sifariş edir”.

Əks təqdirdə, misal üçün, yaxın tariximizə “Rabitə işi” kimi düşən məhkəmə-məzhəkədə milyonlarla manatlıq korrupsiyada suçlandırılan, buna görə ağır cəzalar alanlar çox keçmədən bircə-bircə həbsdən buraxıldığı halda, məsələn: şərlənərək həbs edilən, boynuna “95 min manat rüşvət ittihamı” qoyulan, bu qondarma ittihamla da 6 illik cəzasının 5 ildən çoxunu çəkən vəkil Əliabbas Rüstəmov qanunvericiliyin tələbinə görə heç olmasa həmin haqsız cəzanın çəkilməmiş hissəsindən azad edilər, yaxud “bir nəfərin 6 min 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə” günahlandırılan Qarabağ qazisi Asif Yusifli sırf müxalifətçi olduğuna görə ona verilən cəzanı günbəgün çəkməyə məhkum qılınmazdı. Ya da tənqidçi jurnalist Seymur Həzi öyrədilərək üzərinə göndərilən “işverən”ə, onun hücumundan qorunmaqdan ötrü plastik şüşə atdığı halda 5 il siyasi sifarişli həbs cəzası alıb, axırda da bu siyasi sifarişli cəzanı son dəqiqəsinəcən, saniyəsinəcən çəkməli olmazdı.

Ədalət anlayışına azca sayğının olduğu bir ölkədə bunların heç birinin baş verməsi mümkün deyildi, ancaq Azərbaycanda rahatlıqla baş verdi və heç kimi də qətiyyən təəccübləndirmədi, çünki əksi yaşansaydı təəccüblü olardı!

Elə “Elina işi” də hüququn rahatlıqla ayaqlar altına atıldığı bu ölkənin acı reallığıdır və adamda qətiyyən nə təəccüb, nə heyrət doğurmur. Bu cür anormallıqlar artıq bizdə adət halını alıb, normativə çevrilib.

Bütün bunlar öz yerində. Lakin azyaşlı bir qızcığazın ölümünə bais olmaqda təqsirləndirilən şəxsə ¬ – Sevinc Abbasova ad-soyadlı məktəb direktoruna çıxarılan hökmdəki bir məqam var ki, onu nəinki hüquqla, hətta əxlaqla, vicdanla belə izah etmək mümkün deyil. Məgər məktəb direktoru hər gün saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmamalıdır!

Cəzanı görürsünüzmü?

Yuxarıda əbəs yerə yazmamışdıq ki, “cəza deyil bu, mükafatdır”.

Üstəlik, həftələrdir “Elina işi”ndə ədalət tələb edən cəmiyyətin aktiv kəsiminə həqarətdir.

Necə yəni “23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmamalıdır”? Elə açıq yazardınız ki, təqsirləndirilən məktəb direktoru gecə rahat yatmalıdır, hətta kimsə gecənin o saatlarında küçədə hay-küy salıb Abbasovanın yuxusunu dağıdarsa, qandallanmalıdır!

Hətta lap siz deyən kimi – ehtiyatsızlıqdan (!) olsa belə, bir suçlunu bu cür “cəzalandırmaq” hansı ağıla, hansı məntiqə, hansı vicdana sığır!

Məsələnin daha bir tragikomik tərəfi: 1992-93-cü illərdə xalqın gecələr çölə çıxa bilmədiyini uydurub, irəli sürüb bundan o çağkı demokratik hakimiyyəti qaralamaq, ləkələmək üçün “siyasi şou” düzəldənlər indi günahsız bir qızcığazın ölümündə rol oynayanları uzaqbaşı... gecə çölə çıxmamaqla cəzalandırır!

“Cəzalandırır” – əlbəttə, yenə dırnaq içində...

Mən deməyə söz tapmıram. Sadəcə, sol yanımda dəhşətli bir ağrı duyuram. Gözlərimdə iki gilə yaş yuvalanır. Xəcalət təri bürüyür bədənimi.

Və bu ədalətsiz mühitdə iki övlad böyütdüyümə görə həm utanır, vicdan əzabı çəkir, həm də qorxuram!

Utanıram, vicdan əzabı çəkirəm, çünki onlara hüquqdan, ədalətdən bu qədər uzaq bir məmləkət miras qoymağın ağırlığını, dözülməzliyini iliklərimə qədər hiss edirəm.

Qorxuram, çünki onlar gözlərini işıqlı, azad bir dünyaya deyil, “qurdlar süfrəsinə” açıblar, minlərlə yaşıdı kimi, həmin “süfrədə” bir gün özlərinin də yem ola biləcəyi təhlükəsindən qətiyyən sığortalanmayıblar.

***

Elina, bizi bağışlama!

Elinalar, bizi bağışlamayın!

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gba3vx

Ən çox baxılan