Əli İnsanov siyasi ölüdür

Əli İnsanovun etdiklərini etmiş bir adam siyasi cəhətdən ölüdür.

Source: Meydan TV


Bu ölkənin dəyişikliyə ehtiyacı var – köhnə korrupsionerləri qaytarmağa yox

Qapalı cəmiyyətin adamları ürəyiyuxa görünürlər. Daha doğrusu, qəddar olurlar, amma ürəyiyuxa görünməyə məcbur hiss edirlər özlərini, çünki qorxurlar. Elə bilirlər, kiməsə qarşı qəddarlıq eləsələr, ümumiyyətlə, cəmiyyətdə dövlət tərəfindən qoyulmuş orta statistik qəddarlıq həddini keçsələr, cəzalanacaqlar.

İndi də Əli İnsanov məsələsində buna münasibət bildirən əksər adamlar ortada qalıblar. Keçmiş nazir, oliqarx, jurnalistlərə qarşı hörmətsizliyi ilə ad çıxarmış korrupsioner məmur 11 ildən çox həbsdə qalandan sonra azadlığa çıxıb. Bir köhnə dostumun dediyi kimi, “Neyləyək? Öldürək onu? Çəkdi də cəzasını”.

Yəni daha artıq qəddarlıq edək? Əgər Əli İnsanov öz silahdaşları tərəfindən yox, məhz inqilab nəticəsində devrilsə idi, onu ən yaxşı halda bir daha siyasətdən danışmamaq cəzası, ən pis halda isə ölüm gözləyirdi. İnqilablar qapalı cəmiyyətləri açır, o qədər açır ki, bu, bir çox halda ziyan verir. Qəddarlıq sərhəd tanımır. Yadınızdadırsa, Ukraynada Maydan inqilabında rüşvətxor məmurları tutub, zibil qabına atır, oradan çıxmağa qoymur, ictimai şəkildə rüsvay edirdilər. Sizcə hansısa məmur zibil qabından çıxıb, Ukrayna müxalifətinin başında liderlərindən biri qismində dəyirmi masada iştirak edə bilərmi?!

Əli İnsanovun da iştirak etdiyi dəyirmi masa barədə xəbərin altında bir nəfər şərh yazmışdı ki, “yalnız Hacı Məmmədov çatışmır”. Hacı Məmmədov “serial qatil” olub, onun Əli İnsanovla müqayisəsi düzgün deyil. Sadəcə bir məsələni diqqətinizə çatdırım. Əli İnsanovun da baş rollardan birini oynadığı, Prezidentdən sonra ikinci pilləsində durduğu korrupsiya piramidasının səhiyyəmizi iflic etməsi nəticəsində nə qədər adam ölüb, görəsən? Təbii, Əli İnsanovun məqsədi onları qətl etmək olmayıb, amma Əli müəllim çox aydın dərk edirdi ki, xəstəxanalardan və digər səhiyyə müəssisələrindən rüşvət yığılması, hamısının “tasa otuzdurulması” xəstələri canından edir.

Bəs 11 il həbs həyatı? Bu, onun təqsirini yumurmu? Problem qisas məsələsindədir. Qisas təbii hissdir və hazırda qadağan deyil, sadəcə növü dəyişdirilib, şəxsi qisas ictimai qisasla əvəz olunub. Cinayət nəticəsində cəzanın verilməsi həm də qisas hissinin dövlət tərəfindən təmin edilməsi funksiyasıdır. 11 il uzun müddətdir və mən hesab edirəm ki, bu müddətdə cəza çəkmiş adam törətdiklərinə (ən azı bizim bildiyimiz əməllərinə) görə kifayət qədər cəza çəkib. Yəni onun yenidən hüquqi cəzalandırılmasına, ondan qisas alınmasına ehtiyac yoxdur.

Amma məsələnin mənəvi və siyasi tərəfləri qalır. Mənəvi tərəf hər kəsin öz işidir. Ölkənin səhiyyəsini, ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə gəlməsində oynadığı rolun nəticəsində bütün ölkəni böyrü üstə qoymaq əməlinə görə kimlərsə Əli müəllimi bağışlamaya bilər. Sabah kimsə çıxıb, desə ki, övladı 2000-ci ildə məhz səhiyyədəki korrupsiyaya görə xəstəxanada ölüb, o adamdan Əli İnsanova və ya onun dəyirmi masa müttəfiqlərinə səs verməsini heç kim istəyə bilməz. Amma siyasi tərəf önəmlidir. Əli İnsanovun etdiklərini etmiş bir adam siyasi cəhətdən ölüdür. Bu, birmənalıdır. Düzdür, o masada siyasi ölülər çox idi, amma mövzumuz Əli İnsanovdur. Əli İnsanovun o masada oturması siyasi cəhətdən cansız bədənin zorla stula pərçimlənməsidir. O, siyasi kreditini bitirib. Bunu anlamaq çətin deyil axı?! Məsələ “ən təmizlər”in qalmasında da deyil. Koalisiya kompromislər əsasında qurulur. Amma Əli İnsanov kompromislərin qırmızı xəttindən o yandadır və siyasi nöqteyi-nəzərdən geri qayıtması mümkünsüzdür, yaxud mümkünsüz olmalıdır.

Müxalifətimiz də hakimiyyətimiz kimi dəyişməzdir, əbədidir, dönməzdir, sarsılmazdır. 1990-larda, 2000-lərdə Əli İnsanovun siyasi kreditinin olmamasını, onun korrupsioner, diktaturanın dayaqlarından biri olmasını hər gün qəzetlərində təbliğ edən məhz bugünkü müxalifət indi iddia edir ki, bu adamın siyasi krediti var. Demək, indi də inkar etdiyiniz, devirmək istədiyinizi dediyiniz adamlar 10-11 il həbsdə qalsa, onları yenə hakimiyyətə qaytarmağa razılaşarsınız.

Bu ölkənin dəyişikliyə ehtiyacı var – köhnə korrupsionerləri qaytarmağa yox. İqtidar da, klassik müxalifət də bitib. Nə oyuncaq “islahatlar”la, nə də vaxtilə islahat deyənləri təhqir edəni siyasi həyata qaytarmaqla dəyişiklik olan deyil.

Ana səhifəXəbərlərƏli İnsanov siyasi ölüdür