Ekoaktivist: Şəki və Qax bölgələrində meşələr məhv edilir

Ekoaktivist deyir ki, meşələri məhv edib yerində fındıq bağları salırlar

Source: Ecofront
Ekoaktivistin çəkdiyi video


Ekoaktivist deyir ki, meşələri məhv edib yerində fındıq bağları salırlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şəki və Qax bölgəsindəki meşə torpaqlarını 49 illik icarəyə verib. Meşə fondu torpaqlarını icarəyə götürən şəxslər oradakı bitki, ağac və kolları kəsərək yerində fındıq bağı salmaq istəyirlər.

Ekoaktivist Cavid Qara Meydan TV-yə açıqlamasında bunun qanunazidd, cinayət olduğunu və bir sıra şəxslərin biznes maraqlarına xidmət etdiyini söyləyir:

“Ölkənin sərvəti olan yaşıllıqları məhv edib, yerində özlərinə fındıq bağı salıb, pul qazanmaq istəyirlər. Onların bu əməli heç bir qanuna sığmır”.


Qanun deyir ki…

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiqlənən “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydaları var. Həmin qaydalarda deyilir ki, meşə bitkiləri ilə (ağac, kol, yarım kol) örtülü olmayan ərazilər, ancaq meşə bərpası məqsədi ilə icarəyə verilə bilər və proses yerli icmanın maraqları nəzərə alınmaqla, imtiyazlı şəxslərə üstünlük verməklə ancaq aşkarlıq şəraitində baş tutmalıdır.


“Ekologiya və Təbii Sərvətlər Nazirliyi təcili bir tədbir görməlidir”

Cavid Qara əlavə edir ki, hazırda həmin torpaqları icarəyə götürənlər müqavilənin şərtlərini kobud şəkildə pozurlar. Faktiki 200-dən çox hektar ərazini kürüyüblər:

“Hazırda nazirliyin bağlanmış icarə müqavilələrinə xitam verməsi üçün yetərincə hüquqi əsası var. İcarəyə verilmiş meşə fondu torpaqlarında aparılan kürümə işlərinin miqyası çox böyükdür. Üstəlik, iş çox sürətlə görülür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təcili bir tədbir görməlidir”.


“200-300 hektar yeri kürüyüblər”

İcarəyə verilən ərazilərdən biri də Şəki rayonu Cunud və Baş Layısqı kəndləri yaxınlığındakı meşə fondu torpaqlarıdır. Cavid Qara deyir ki, burada hardasa 2000 hektardan çox ərazinin sıyrılmasına razılıq verilib.

“Ərazidə olmuşam. Artıq 200-300 hektar yeri kürüyüblər. Təcili tədbir görülməsə, bu, daha da böyüyəcək”.

Digər icarəyə verilən meşə torpaqları isə Qaxın Qaşqaçay, Şəkinin Bideyiz və Köbər Zəyzit kəndləri ətrafındadır.

Cavid Qara deyir ki, Bideyiz və Köbər Zəyzit kəndləri yaxınlığındakı ərazinin 500-1000 hektara yaxını tamamilə kürünüb. Ərazinin genişlənmə potensialı çoxdur.

Cavid Qara
Cavid Qara


“Kolları, ağacları yerindən çıxarıb, ərazini düzləməklə məşğuldurlar”

Ekoaktivist ötən gün icarəyə verilən torpaqların hamısına baş çəkib. Şəkinin Cunud və Baş Layısqı kəndləri yaxınlığındakı meşə fondu torpaqlarında iş getdiyini görüb:

“Hazırda orada 4 böyük buldozer çalışır. Kolları, ağacları yerindən çıxarıb, ərazini düzləməklə məşğuldurlar. Bir az çəkiliş etdim, sonra özümü saxlaya bilmədim, soyuqqanlılığımı itirdim. Texnikaları dayandırmağa cəhd etdim. Heç bir qarşıdurma, müqavimət olmadı. İşləri dayandırdılar. Ora-bura zəng etdilər. 2 nəfər gəldi. Məni inandırmağa çalışdılar ki, burada çox yaxşı işlər görürlər. Gələnlər mənə xəbərdarlıq etdilər ki, polis çağıracaqlar və bu, mənim üçün yaxşı olmayacaq”


“Söküntünü dövlət nömrə nişanı olmayan texnikalar həyata keçirir”

Cavid Qara deyir ki, Cunud və Baş Layısqı kəndləri yaxınlığındakı torpaqlardakı söküntü işlərini dövlət nömrə nişanı olmayan texnikalar həyata keçirir. Qaxın Qaşqaçay, Şəkinin Bideyiz və Köbər Zəyzit kəndləri ətrafındakı əraziləri isə “Monte Ferro Aqroparkı” həyata keçirir. “Monte Ferro Aqroparkı” “AGA Group” şirkətinin şimal qərb bölgəsindəki təmsilçiliyidir.


Ağacların, kolların qırılması işini kim həyata keçirir?

Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri özündə birləşdirən “AGA Group” 1994-cü ildə təsis edilib.

“Caspian Plaza”, “Caspian Business Center”, “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park” şirkətə məxsusdur.

Şirkətin rəsmi

saytında

deyir ki, zamanın, iqtisadi göstəricilərin və istehlakçının tələblərinə uyğun olaraq, “AGA Group” həm də maliyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və otelçilik sahələrini də fəaliyyət miqyasına daxil edib.

“Monte Ferro Aqroparkı” buna görə 2016-ci ildə təsis olunub və Şimal Qərb regionunda ərazilərində geniş sahəni əhatə edən fındıq bağının salınması layihəsini həyata keçirir. Bunun üçün 3000 ha torpaq sahəsi əldə edib:

“Hazırda kimsənin istifadə etmədiyi, əkinə və bağçılığa yarasız 1485 ha sahədə yeni fındıq bağları salınıb və iş davam edir. 2022-ci ilə kimi fındıq bağlarının ümumi sahəsinin 5000 hektara çatdırılması planlaşdırılır”.

“AGA Group” şirkətindən Meydan TV-yə “Monte Ferro Aqroparkı”nın həqiqətən də onların şimal qərb bölgəsindəki təmsilçisi olduğunu təsdiqləyiblər. Ancaq bölgədə hansı işlərin görüldüyündən xəbərsiz olduqlarını söyləyiblər:

“Yaxşı olar ki, bizim rəhbərlərlə əlaqə saxlayasınız. Ancaq onların əlaqə nömrəsini sizə verə bilməyəcəyəm”.


“Buldozerlərlə ərazini kürüyürlər”

Cavid Qara isə deyir ki, işi görən dəqiq “AGA Group” şirkətidir. Ötən həftə bununla bağlı şirkət nümayəndələri ilə görüşüb:

“Bölgədə gördükləri işi qanunsuz hesab edirəm. Dövlətin icarə müqaviləsinə zidd davranırlar. Bu səbəbdən onların təşəbbüsü ilə ötən həftə görüşdük. Bazar gününə qədər işləri dayandıracaqları ilə bağlı söz verdilər. Bu müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir tədbir görsə, yaxşı olar. Mən həmin şirkətin icarəyə götürdüyü ərazilərə də baş çəkdim. Həqiqətən də işləri dayandırıblar. Digər yerlərdə isə iş gedir, dediyim kimi, buldozerlərlə ərazini kürüyürlər”.


“Yanğınlar da bu işin tərkib hissəsi ola bilər”

Ekoaktivist deyir ki, bir neçə ay öncə həmin icarəyə verilən ərazilərdən bəzilərində yanğın da olub. O ehtimal edir ki, yanğınlar da bu işin tərkib hissəsi ola bilər. Bunu gözardı etmək sadəlövhlük olar:

“Üstəlik, bugünədək həmin yanğınların səbəbilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər hansı bir açıqlama verməyib. Ya da mən rast gəlməmişəm. Halbuki bu məsələni gündəlik izləyirəm, olsaydı görməyə bilməzdim. Bütün bunlar şübhəlidir və yanğının qəsdən törədilməsi ehtimalını yaradır”.


“Meşələrin qırılmasının başlanğıcını qoyurlar”

Ekoaktivist bu ərazilərdəki yaşıllığın, kolların qırılmasının təbiətə böyük zərbə olduğunu söyləyir. Deyir, əvvəla, burada nə qədər heyvan yaşayır. İkincisi də, bu kolluqlar sel və daşqın olmasını əngəlləyir:

“Burada fındıq bağı salan hər halda çayın önünə bənd tikəcək ki, gələcəkdə sel daşqını problemi ilə üzləşməsin. Bu zaman da sel həmin kolluqları, meşəlikləri yox, gedib başqa yeri, kəndi, yaşayış məntəqələrini basacaq. Üstəlik, həmin ərazilər kəndlilərin örüş sahələridir. Heyvandarlığa da ciddi ziyan dəyəcək. Bundan da pisi meşələrin qırılmasının başlanğıcı olacaq. Ərazi kiçik deyil, gələcəkdə hərə bir tərəfini kürüyüb böyük bir ərazinin yaşıllığını məhv edəcəklər. Buna səssiz qalmaq olmaz”.


“Bundan sonra da meşə torpaqlarının uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək”

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Meydan TV-yə deyiblər ki, bəli, meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib:

“Bu da meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır”, – bunu isə açıqlamasında ETSN-nin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

“Yeni salınacaq bağ sahələri müasir damcılı suvarma sistemləri ilə təmin olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək”.

Ana səhifəXəbərlərEkoaktivist: Şəki və Qax bölgələrində meşələr məhv edilir