Ədalət Vəliyev partiya sədrləri ilə online görüş keçirib

“Yəni Vətən müharibəsinin birinci mərhələsi başa çatsa da, ərazimizin işğaldan qurtarması üçün əvvəlki mövqeyimizdə dayandığımızı bildirdik”

Source:


Görüşdə Pənah Hüseyn və Arif Hacılın da iştirak etdiyi bildirilir

Hakimiyyətə yaxın mediada Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin bir neçə siyasi partiya rəhbərləri ilə online görüşdüyü haqda məlumat yayılıb.

Görüşə Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının, Müsavat Partiyasının başqanı Arif Hacılının, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin, Yeni Zaman Partiyasının sədri Musa Ağayevin, Azərbaycan Kommunist Partiyasının sədri Hacı Hacıyevin, Birlik Partiyasının sədri Xudadat Xudiyevin, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimovun, Qorqud Partiyasının sədri Firudin Kərimovun və Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndiyevin qatıldığı qeyd olunsa da, onların hər biri ilə ayrı-ayrılıqda mobil rabitə və videokonfrans formatında olduğu vurğulanıb.

Xalq Partiyasının sədri Pənah Hüseyn belə bir online təmasın dekabrın 16-da baş verdiyini Meydan TV-yə təsdiqləyib.

Pənah Hüseyn bildirib ki, o, yalnız özüylə olan danışıqları deyə bilər: “Ədalət Vəliyevlə ümumi ictimai-siyasi vəziyyət, partiyalarla aparılan işin nəticələri müzakirə edib. Həm də hər bir partiyanın ikinci Qarabağ savaşında milli birliyə görə təşəkkür edib. Biz də hazırda aparılan Vətən müharibəsinin sona çatdırılması, erməni silahlı qüvvələrinin ölkədən çıxarılması, qondarma terror Artsaxın ləğvi və Rusiya sülhməramlıları ilə bağlı cəmiyyətdəki narahatlıqlar və narazılıqları demişik".

Pənah Hüseyn
Pənah Hüseyn

"Yəni Vətən müharibəsinin birinci mərhələsi başa çatsa da, ərazimizin işğaldan qurtarması üçün əvvəlki mövqeyimizdə dayandığımızı bildirdik. Bundan əlavə ictimai-siyasi vəziyyətin sağlamlaşdırılması üçün 14 iyulda tutulan şəxslər barədə cinayət işinə xitam verilməsini istəmişik. Eyni zamanda, hakimiyyətlə müxalifətlə əməkdaşlığa Xalq Cəbhəsi Partiyasının daxil edilməsi yönündə addımların atılması zəruriliyini ifadə etdim”, – Pənah Hüseyn bildirib.

Ana səhifəSiyasətƏdalət Vəliyev partiya sədrləri ilə online görüş keçirib