Mənbə: Meydan Tv

Digah sakinləri: Efirə çıxıb, yalandan camaatı aldatmaqla deyil

Qəsəbə sakinləri susuzluqdan, yolsuzluqdan cana doyduqlarını deyir

Abşeron rayonu Digah qəsəbəsi, Bakıxanov küçəsində yaşayan sakinlər şikayətçidir.

Camaat artıq 20 ildir ki, qəsəbədaxili yol infrastrukturunun, həmçinin kanalizasiya və su sisteminin olmamasından cana doyduqlarını deyirlər. Çətinliklərdən zara gəldiyini söyləyən sakinlər bununla bağlı dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb:

“Yuxarı instansiyalara məktub yazıram, icra cavab yazır ki, Digahdakı tikililər qanunsuzdur. Necə yəni qanunsuzdur? Mənim bura qeydiyyatım var. Torpağımın, evimin çıxarış sənədləri əlimdədir. Ay möhtərəmlər, camaatı uzun illərdir aldadırsınız. Heç olmasa, elə bir yalan düşünün ki, inandırıcı olsun. Bir gün bu camaat üstünüzə qalxacaq. Bax onda sizi xilas etmək mümkün olmayacaq”, - Digah qəsəbə sakini İlham Ələsgərov deyir:

“2019-cu ilin əvvəlində Meydan TV gəlib burada çəkiliş aparandan sonra əl-ayağa düşdülər, gətirib yollara kərpic qırıntıları tökdülər və bununla da işlərini bitmiş hesab etdilər. Camaat xüsusi mülkiyyətində olan torpaq sahəsində ev tikmək məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edir. Bu qəsəbədən bir nəfər çıxsın desin ki, aldığım torpaqda ev tikdim və buna görə İcra Hakimiyyətinə pul vermədim. Hamıdan rüşvət alırlar. Çıxarışı da ora verir. Lakin bütün problemləri bələdiyyənin üstünə atırlar ki, get həll elə. Bələdiyyə necə həll etsin? Əlində nəyi var, hamısın qapazlayıb almısınız”.

İlham Ələsgərov bildirir ki, qəsəbədə hamı “şomba” adlandırılan, bir metr dərinliyində qazılan fərdi kanalizasiya quyularından istifadə edir. Bu da yerli sakinlərin cibinə uyğun deyil:

İlham Ələsgərov

İlham Ələsgərov

Mənbə: Meydan Tv

“Çünki on gündən bir qazdığımız quyu dolur, kanalizasiya sularını təmizləmək üçün hər dəfə iyirmi manat xərcləyirik. Mən altı ildir ki, burada yaşayıram. Bu illər ərzində 464 ton su istifadə etmişəm. Mənim kimi bu ərazidə iyirmi min əhali yaşayır. Bu, elə-belə rəqəm deyil. Əvvəllər böyük bir rayonun heç bu qədər əhalisi olmazdı. Mən vergi ödəyicisiyəm. Əmlak vergisi də ödəyirəm, torpaq vergisi də. Demişəm, bu ildən vergi ödəməyəcəyəm. Çünki əmlakımdan istifadə edə bilmirəm. 6 sot həyətimdə ağacların hamısı qurunt sularının çoxluğundan quruyub.

Bu yaxınlarda icra başçısı İradə Gülməmmədovanı televizorda göstərdilər, Digah sakinləri ilə səyyar qəbul-görüşü olub. Televiziya göstərdi ki, ay camaat, baxın, İradə xanım gedib, Digah əhalisi ilə görüşdü və problemlərini həll elədi. Orada olanlardan heç biri bu böyüklükdə qəsəbənin məktəb, bağça, su və kanalizasiya xətti, yolu, marşrut avtobusunun olmamağı barədə danışmayıb. Efirə çıxıb, yalandan camaatı aldatmaqla deyil. Gəlsinlər, buradakı şəraiti çəksinlər.

Hasarlara diqqət yetirsəniz, görərsiniz ki, hamısında ölçülər yazılıb. Ölçülər o vaxt divara köçürülür ki, kanalizasiya və su sisteminin təşkil olunması üçün sifarişçi olur. Deməli, "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutuna sifariş veriblər. Layihələşdirilib və ölçülər ora köçürülüb. Bəs yaxşı, bunlar nə zaman hərəkətə keçəcəklər?”

“Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyeva efirə çıxıb, deyirlər ki, xalqa belə şərait yaratdıq, elə şərait yaratdıq. Buna şərait deyirsiniz? İyirmi min əhalisi olan böyük bir qəsəbənin məktəbi, poliklinikası, bağçası yoxdur”, - Faiq Bayramov Meydan TV-yə deyir:

Faiq Bayramov və Seyfəddin Heydərov

Faiq Bayramov və Seyfəddin Heydərov

Mənbə: Meydan Tv

“Kanalizasiyamız yoxdur, su çəkilməyib, yollarımız bərbaddır. Təsəvvür edin, poliklinika yoxdur. Hərə xəstəsi düşəndə bir tərəfə aparır. Mən nəvələrimi Mehdiabaddakı bağçaya aparıram. Digər nəvələrim orta məktəbə şəhərdə gedirlər. Yaratdıqları şərait budur? Yeri gələndə, qapını döyüb, “işıqpulu verin, qaz pulu verin”, - deyirlər. Avtobus dayanacağına 900 metr məsafə var. Bir azdan adamlar palçığı ayaqlaya-ayaqlaya bu məsafəni qət edəcəklər ki, uşaqlarını məktəbə aparsınlar. Təsəvvür edin, uşaq məktəbə gedəndə, hansı vəziyyətdə olacaq. Həddən artıq lazımsız yerlərə xərc qoyurlar. İnsafa gəlib, Digahın da yol, su, kanalizasiya problemlərinə baxsalar yaxşı olar”.

Seyfəddin Heydərovun sözlərinə görə, İcra Hakimiyyəti tərəfindən onlara 2012-ci ildən kanalizasiya probleminin həll olunacağına dair vəd verilib:

“Bizim üçün vacib olan əsas kanalizasiya xəttinin çəkilməsidir. Qurunt suları qışda evlərin altına dolur. Küçələrdə hərəkət etmək olmur, uşaqlar məktəbə gedə bilmir. Avtobus məsələsinə gəlincə, bələdiyyə bu işi qaldıracağına dair söz vermişdi. Prezident İlham Əliyev pul ayırıb ki, bütün Bakı kəndləri kanalizasiyasız qalmayacaq. Xahiş edirəm ki, aidiyyatı qurumlar onun əmrini yerinə yetirsinlər. Şərait yaratsınlar, camaat insan kimi yaşasın”.

“Qış olur, iki uşağı məktəbə aparana qədər zülm çəkirəm. Ağlayırlar ki, bu yolu gedib-gələ bilmirik. Bir evdən iki dəfə ayaqqabı almaq olar? Çatdırmaq olmur, ayaqqabının biri 30-40 manatdır. Ona verdiyimi uşağımın başqa probleminə xərcləyərəm. İdmana həvəslidir. Pul verərəm, idmanla məşğul olar. Universitetə girmək istəyirlər, bu yollara baxıb, həvəsdən düşürlər,”- Gülnar Şeydayeva söyləyir.

Sənəm Həsənova

Sənəm Həsənova

Mənbə: Meydan Tv

Sənəm Həsənova isə deyir ki, yaşlı adamdır, bu qədər məsafəni qət eləmək olmur:

“Nəvələrim hələ balacadır, özümüz aparıb-gətiririk. Qarşıdan qış gəlir, uşaqlar məktəbə gedəndə dizə kimi palçığa batacaqlar. Gündə iki dəfə gedib-gələndə palçıq içində oluruq”.

Abşeron Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Digah bələdiyyəsinin sədri Vüqar Ələkbərov Meydan TV-yə bildirib ki, Bakı şəhəri və ətraf kəndlərdə kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihədə Digah qəsəbəsi də var:

“Yollar düzəlir, lakin kanalizasiya olmadığına görə dağılır. Vətəndaşların gediş-gəlişi üçün biz yollara mütləq əncam çəkəcəyik. Cənab başçımız bu yaxınlarda tapşırıq verdi, məktub göndərildi. Yəqin ki, bu yaxınlarda həll olunacaq. Hələlik, Bakıxanov küçəsindəki məhəllədaxili yollara daş tökülərək, hamarlaşdırılıb. Əraziyə kanalizasiya xətti çəkildikdən sonra əsaslı şəkildə iş görüləcək, asfalt yol çəkiləcək, digər problemlər də həll olunacaq. Sonra əraziyə marşrut xətti üzrə avtobuslar təyin olunacaq. Bunu müvafiq qurumların işi bitdikdən sonra həyata keçirəcəyik”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hoa40q

Ən çox baxılan