“Deyir, sənin şəhidindən mənə nə, işıqpulunu ödə…”

Kəmalə Məmiyeva bütün aidiyyəti qurumlara getdiyini və qapıdan qovulduğunu iddia edir

Source: Specify Source


Laçın köçkünü iddia edir ki, əvvəllər məskunlaşdığı yerdə istifadə etdikləri elektrikə görə ona şişirdilmiş borc yüklənib

“Karta pul vururam, həmin dəqiqə yarısı borca çıxılır. Gedirəm işıq idarəsinə, deyirəm, mənim gəlirim köçkün kimi dövlətin verdiyi çörəkpuludan ibarətdir, onu da işığa verirəm ki, qışın günü soyuqda, qaranlıqda qalmayıb, heç kimim yoxdur, tək, xəstə qadınam, niyə belə edirsiz? Təhqir edib qovurlar, deyirlər, artistlik eləmə, get, işıq pulunu ödə…”

Kəmalə Məmiyeva Laçın rayonundan məcburi köçkündür. 1992-ci ildə valideynləri ilə köçkün düşəndən sonra Tərtər rayonu, Nərimaniyə (indiki Ələsgərli) kəndindəki Narşərab Zavodunda məskunlaşıb. Meydan TV-yə danışır ki, zavodun ərzisində qaz olmadığı üçün elektrikdən istifadə ediblər. 2018-ci ildə digər köçkünlərlə bərabər bu ailə də məskunlaşdıqları yerdən rayonun Şıxarx qəsəbəsində köçkünlər üçün tikilmiş evə köçürülüblər. O gün-bu gün, işıq kartına ödədiyi pulun yarısı kartdan “yoxa çıxmağa” başlayıb. Ailə üzvləri məsələni araşdıranda onlara məlum olub ki, işıq idarəsi hər dəfə karta yüklənən məbləğin yarısını əvvəlki illərin borcuna çıxır.


“Atam hər gün işıq idarəsində keçirdiyi əsəb, həyəcan üzündən öldü”

“Bu borclar 2015-ci ilin sentyabrından yazılmağa başlayıb. Narşərab Zavodunun ərazisində yaşayanda bircə dəfə də qapımızı döyüb deməyiblər ki, sizin borcunuz var… Təzə yerə köçürüləndən 6 ay sonra sayğacın kartına ödədiyimiz pulların yarısı çıxılanda, gedib maraqlandıq, dedilər ki, 2700 manat borcunuz var. Borc siyahısını çap edib verdilər, az qaldıq havalanaq, ən aşağı borc 50 manat qeyd olunub. Elə aylar var ki, 150, 330, 250 manat yazılıb. Biz şadlıq evi işlətməmişik, ticarət mərkəzi işlətməmişik, bir işıq yandırmışıq, bir də “plitka” qoşmuşuq. Heç paltaryuyan maşınımız, kondisionerimiz də olmayıb. Təzə evə köçürülənə qədər borc barədə bircə dəfə də nə şifahi, nə yazılı bildiriş olub. Əvvəl atam gedib-gəlirdi, elə işıq idarəsində keçirdiyi əsəbə, həyəcana görə də dözmədi, dünyasını dəyişdi. Atam heç cür barışa bilmirdi, deyirdi, “iki gənc balamı bu torpağa verdim, indi mənim günümə, güzəranıma bax, ahıl yaşımda məni uşaq kimi qarşılarına qoyub işıqpuluna görə danlayırlar”. Beləcə, atam bütün bunlara dözməyib öldü. Atamı da, anamı da itirəndən sonra işıq idarəsi ilə özüm “döyüşməyə” başladım. Hər dəfə kartdan pul çıxılanda gedirəm, deyirəm, axı mən o karta dövlətin verdiyi çörəkpulunu vururam, insafınız olsun, tək, xəstə qadınam, işləyə bilmirəm, başqa gəlirim yoxdur, etməyin, eləməyin. Deyirəm, iki qardaşım şəhid olub, heç olmasa onların ruhuna, şəhid adına hörmət edin. Deyirlər, nə qədər ki, atan, anan sağ idi, şəhid ailəsi hesab olunurdunuz, atan, anan yoxdur, artıq şəhid ailəsi hesab olunmursan, artistlik eləmə, get, pulu ödə”, – şikayətçi deyir.

screenshot_232 (1).png
Azərişıq, abunə haqqında


“Deyirlər, sənin şəhidlərinin işıqpuluna aidiyyəti yoxdur”

Kəmalə Məmiyeva bütün aidiyyəti qurumlara getdiyini və qapıdan qovulduğunu iddia edir:

“Laçın Rayon İcra Hakimiyyətinə getmişəm, “Azərişıq”a getmişəm, döymədiyim qapı qalmayıb, hər yerdən qovuluram. Bircə onu deyirlər ki, bu borc ödənilməlidir, vəssalam. Mən də o borcu necə ödəyim, bilmirəm. Aylıq gəlirim 60 manat çörəkpuludur, 60 manatın qarşısında 2700 manatı necə ödəyim?”

Kəmalə Məmiyeva onu da iddia edir ki, ona borc kimi yazılan məbləğ şişirdilib:

“Məskunlaşdığımız ərazidə çox vaxt işıq olmurdu, olanda da o qədər zəif idi ki, şam işığı kimi… 2700 manat kimin ağlına gəlib, yazıb ora, bilmirəm, onu bilirəm ki, hər kimdirsə, çox insafsız adamdır. Hökumət çarəsiz, tək, xəstə insanlar üçün belə məsələlərdə güzəşt etməlidir, adamı bu qədər yükləmək olmaz. Mən burda dərman almağa pul tapmıram, bunlar hər həftə yekə bir kağız göndərirlər üstümə ki, bu 2700 manatı ödəməlisən…”

Tərtər Elektrik Şəbəkəsindən Meydan TV-yə bildirilib ki, 2015-ci ildən Məmiyev Qəni Əliş oğlunun adına yaşadığı əvvəlki ünvana 2015-ci ilin sentyabrından 2018-ci ilin sentyabrınadək istifadə edilmiş elektrikə görə hər ay borc bildirişləri göndərilsə də, ödəniş olunmayıb. Aylıq limiti keçmiş borc hər ay sayğac üzrə hesablanıb. Şəbəkədən Kəmalə Məmiyevanın şəhid ailəsi kimi təhqir olunmasıyla bağlı dedikləri də təkzib olunub. Bildirilib ki, Kəmalə Məmiyevaya elektrik sərfiyyatına görə yaranmış borcu hissə-hissə ödəmək təklif olunub.

Ana səhifəBölgə“Deyir, sənin şəhidindən mənə nə, işıqpulunu ödə…”