Deputat: I və II sinifdə ev tapşırıqları azaldılsın və ya ləğv olunsun

E.Axundova məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməsinin vacib olduğunu bildirib

Source: Azərtac


"Uşaqlar axşam saat 8-9-a kimi yalnız ev tapşırıqları ilə məşğul olurlar"

"Axı nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Bəzi hallarda heç tapşırıqların izahı da verilmir".

Bunu Milli Məclisin plenar iclasında deputat Elmira Axundova deyib.

O vurğulayıb ki, müəllimlər üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyir, səbəbi isə proqramın gərginliyi ilə izah edirlər:

"6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi yalnız ev tapşırıqları ilə məşğul olurlar. Axı onlar uşaqdırlar. Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər. I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun. Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Şagirdlərin bu qədər oturaq həyat tərzi keçirməsi onların səhhətlərində ciddi problemlər yarada bilər”.

Elmira Axundova
Elmira Axundova

E.Axundova məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməsinin vacib olduğunu bildirib:

"Dərsliklər yenidən işlənməlidir, çünki hazırda kitabların keyfiyyəti heç kimi qane etmir. V sinif "Ana dili" kitabı kimi dərsliklərlə nəinki uşaqlara rəsmi dövlət dilini öyrədəcəyik, əksinə onlarda bu dilə qarşı etinadsızlıq yaranacaq".

Ana səhifəSosialDeputat: I və II sinifdə ev tapşırıqları azaldılsın və ya ləğv olunsun