Çernobıl əlili evsizlikdən əziyyət çəkir

Şikayətçi söyləyib ki, elə Ağstafadakı evlərini məhz Cəlil Mustafayevin müalicəsi üçün satıblar.

Source: Specify Source


“Daha nə vaxtadək gözləyək, 27 ildir evsizik”

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 2-ci qrup Çernobıl əlili, 53 yaşlı Cəlil Mustafayev 27 ildir mənzil növbəsindədir. Lakin illərdir Ağstafa Rayon İcra Hakimiyyəti, eləcə də əlaqədar qurumlara müraciəti nəticəsiz qalıb, ona mənzil verilmir.

Artıq ikinci dəfə Meydan TV-yə müraciət edən Cəlil Mustafayevin həyat yoldaşı Xatirə Mustafayeva deyib ki, ötən dəfə etdiyi şikayətin nəticəsi olmayıb, hələ də 3 övladı ilə Gəncə şəhərində yaxın qohumlarının evində yaşayırlar:

“Həyat yoldaşım 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın nəticələrinin aradan qaldırılmasında təmizləyici-kimyaçı kimi iştirak edib. İllərdir bronxlarından müalicə alır. Şüalanmadan ciddi zədə alıb, boğulmaları olur. Nəvəm də xəstədir, bizimlə birgə yaşayır. İcra hakimiyyətindən deyirlər ki, gözləyək. Daha nə vaxtadək gözləyək, 27 ildir evsizik”.

Cəlil Mustafayevin səhhətində bronxlarından başqa da problemlər var. Şikayətçi söyləyib ki, elə Ağstafadakı evlərini məhz Cəlil Mustafayevin müalicəsi üçün satıblar. Ağstafada ev növbəsinə 1995-ci ildən yazılıblar. 2007-ci ildə Mustafayevlər ailəsinin növbəsi çatıb, amma müəyyən səbəblərdən mənzil ala bilməyiblər.

“İcra hakimiyyətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyi tövsiyə etdilər. Nazirlikdən də dedilər ki, icra hakimiyyətinə deyin”.

image_from_ios (4).jpg
“Daha nə vaxtadək gözləyək, 27 ildir evsizik”

Xatirə Mustafayevanın sözlərinə görə, ailənin ümumi gəliri aylıq ərzağa güclə çatır. Yazdıqları məktublar isə prezidentə çatdırılmır:

“Ölkə başçısı əlillərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür, tapşırıqlar verir. Amma yerlərdə süründürməçilik var. Əminəm ki, prezidentin xəbəri olarsa, evi olmayan, dolanışıq üçün çətinlik çəkən bir ailənin müraciətləri nəticəsiz qalmaz”.

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, mənzillərin bölüşdürülməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

“Şikayətdən xəbərdar deyiləm, yəqin buna görə gözləməyi tapşırıblar”, – adını açıqlamaq istəməyən qurum əməkdaşı deyib.

Nazirlikdən isə sorğunu cavablandırmayıblar.

image_from_ios (3).jpg
“Ağstafada ev növbəsinə 1995-ci ildən yazılıblar”
image_from_ios (5).jpg
İcra hakimiyyətinin Xatirə Mustafayevaya cavab məktubu
Ana səhifəBölgəÇernobıl əlili evsizlikdən əziyyət çəkir