Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olunub

Müdafiəçi bildirib ki, C.Hacıyev uzun müddətdir xroniki “Haşimito sindromu” xəstəliyindən əziyyət çəkir.

Foto: arxiv


Keçmiş bankirin cəzasının yüngülləşdirilməsi istənilir

Beynəlxalq Bankın 2015-ci ildən həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin cəzasının yüngülləşdirilməsi üçün Prezident İlham Əliyevə müraciət olunub. Bu barədə Meydan TV-yə C.Hacıyevin vəkili, müraciətin müəllifi Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil deyib ki, C.Hacıyevin səhhətində ciddi problemlər var. Onun durumunu görəndən sonra öz təşəbbüsüylə dövlət başçısına məktub yazmaq qərarına gəlib.

Müdafiəçi bildirib ki, C.Hacıyev uzun müddətdir xroniki “Haşimito sindromu” xəstəliyindən əziyyət çəkir. 2015-ci ildə həbs olunana qədər o, bu xəstəliklə əlaqədar həkim nəzarəti altında daim ambulator şəraitdə müalicə alıb. Amma həbs ediləndən sonra həmin xəstəliklə bağlı müalicədən də məhrum olub. Xəstəliklə əlaqədar yanlız evdən göndərilən dərmanlardan istifadə edib.

“Lakin xəstəlik xroniki xarakterli olduğundan müalicəsi mümkün deyil. Son dövrlərdə pandemiya ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi, onun da tam izolyasiyası və bildirdiyinə görə, istifadə olunan dərmanların artması xəstəliyini daha da kəskinləşdirib. Onda ürək çatışmazlığı əlamətləri yaradıb.

Cahangir Hacıyevin xəstəliyinin ağır fəsadlar törətməsi reallığı məni də müdafiəçi kimi, narahat edir. Ona görə də Sizə müraciət edərək, cəzasının yüngülləşdirlməsini xahiş edirik”, – deyə vəkil F.Mehdiyev məktubunda yazıb.

C.Hacıyev 2015-ci ilin dekabrında mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlarla həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 15 il həbs cəzası verilib. 2018-ci ildə onun barəsində yenidən cinayət işi başlanıb. İkinci cinayət işi üzrə ötən ilin sentyabrında çıxarılan hökmdə əvvəlki cəzası da birləşdirilməklə, ona 16 il 6 ay həbs təyin edilib. Bu ilin fevralında Bakı Apelyasiya Məhkəməsi cəzası 3 ay azaldaraq, 16 il 3 aya endirib.

C.Hacıyev Beynəlxalq Bankın təxminən 4 milyard vəsaitini mənimsəməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Bankın vəsaitlərinin ölkə daxilində və xaricdə müxtəlif layihələrə sərf olunduğunu bildirir. Onun sözlərinə görə, o vəsaitlər hesabına yaradılan müəssisələr də hazırda Beynəlxalq Bankın və bu qurumun problemli kreditlərinin həllilə məşğul olan “Aqrarkredit”in nəzarətindədir.

Ana səhifəSiyasətCahangir Hacıyevlə bağlı Prezidentə müraciət olunub