Nazlı Ağayeva

Mənbə: Foto: Meydan TV

Başlıq: Nazlı Ağayeva

Bizi bağışlamayın...

Müstəqil Azərbaycanda bu gün dövlət təminatından məhrum uşaqlar hər an qayalara çırpılacaq yelkənsiz gəmiciklərdir

- Uşağın halında bir dəyişiklik varmı, doxtur?

– Bunu sonra danışarıq. Eşitdim havayı analiz vermək istəmisiz?!

– Əlimizdə pul qalmamışdı, uşağın yeməkdən sonrakı dərmanları gecikməsin deyə verdik. Analiz ac qarına verilməliydi. Torpağımızı satmışıq. Narahat olmayın.

– Kefimdən narahat deyiləm. Hələ “pasteldən” də qalığınız var. Bunların hamısının hesabatı gedir.

– Doxtur, bayaqdan puldan danışırsız, uşağın vəziyyətindən nigaranıq.

– Uşağınızın vəziyyəti maddiyyatdan asılıdır.

Bu, adı “qadın”, sənəti “həkim” olan tipik canlının mövqeyidir. Həm də özəl ünvanda deyil, yüksək imtiyazlı dövlət xəstəxanasının uşaq şöbəsində. Hər gün bu ölkədə yüz dəfə təkrar olunan o dialoqun səbəbkarı ümummilli Azərbaycan övladlarından biridir. Nə birinci, nə sonuncu. Növbətidir.

Həmin maddiyyat üzündən amansız, lakin ram oluna bilən xəstəliklərdən nə qədər məsum uşağın həyatı solur. Biz yaşamağa davam edirik. Əlbəttə, ölməmək üçün səbəbimiz var. Digər uşaqlar... O isə onlar da hər hansı bəladan sığortalanmayıbsa, daha bunun harası yaşamaq olur ki? Demək ölkədə hər kəs hər an qırıla bilən kəndir üstündədir. Qırıldımı, yerlə-yeksan olacaq.

***

Müstəqil Azərbaycanda bu gün dövlət təminatından məhrum uşaqlar hər an qayalara çırpılacaq yelkənsiz gəmiciklərdir. Yoxsul həyat tərzi onlarda istənilən xəstəliyin yaranma riskinin təməlidir. İşlək dildə desək, uşaqlar vitaminli qidalarsız, mövsümə uyğun geyimlərsiz ehtiyac içində ölmə-diril böyüyürlər. Uşaq pulu, işsizlik kompensasiyası olmadan birtəhər sabaha çıxmaq çabaları xalqın gündəlik həyat normasıdır. Aztəminatlı ailələr deyə bir şey qalmayıb, mövcud olduğumuz məkan heçtəminatsızlar ölkəsidir. Bu faciəvi şərtlərdə təbii olaraq daha zəif yerlər daha güclü, bəzən ölümcül zədələnirlər. Çarəsiz adamlar o zaman uşaqlarını götürüb timsah kimi xəstə gözləyən dövlət xəstəxanlarına qaçanda yuxarıdakı amansız dialoqlar yaranır.

Mövzu uşağın həyatı olduqda böyük külfətin yeganə çörək, umud yerinə – torpağa əl qoyulur. Cürbəcür mürəkkəb maneələrdən keçən alqı-satqı sənədləşməsi qaynaşan xərçəng hüceyrələrinə çatmır. Alıcı heç bir sənədsiz-sübutsuz bir qəzet arası pulu dünəndən ölüb bu günə qalmış babaya göndərir. Bütün kəndin dəstəyi ilə bərabər bu etibar da uşağın ailəsinə verilən ürək-dirəkdir. Rayonu kəndbəkənd özününküləşdirən harın şirkətlər məsələni həftələrlə uzadıb istədikləri qiymətə rəsmiləşdirənə qədər bircə qəpik də verməzlər. Sitat yaşayış tərzinə görə dəyişə bilər. Sadəcə pula gedən evimiz olmadığından biz torpağa üz tutduq.

Məsum qızcığazın hekayəti burda bitmədi. Hüceyrələrin inkişafı dayandırıldı. Amma tam sağalmaq üçün ona iki ilə qədər müddət lazımdır. O müddət üçün tələb olunan vəsait bahalı dava-dərman, dərin analizlər, mütamadi həkim nəzarəti deməkdir. O vəsait sərvəti aşıb-daşan zəngin vətənin yoxsul övladı üçün həyat deməkdir. Ortada olmayan o vəsait hər kəs üçün hər şey deməkdir. Bu cür hallarda vurnuxan yüzlərlə, minlərlə ailələr sosial şəbəklərə, teleməkanlara xəstə elanları verib imdad gözləyirlər. Yuxarı instansiyalara, fondlara, cəmiyyətlərə, tək-tək imkanlı adamlara edilən müraciətlərə veriləcək məchul cavaba köklənirlər. Xəstə içəridə əzab çəkir, digərləri çöldə ölüb-dirilirlər.

***

Yaşlı nəsil ölüm-qalım xəstəliklərində yaxınlarını mümkünsüz xərclərə salmamaq üçün müalicədən imtina edə bilərlər. Bu adamlar dövlət üçün önəmli olmaya bilər. Bəs uşaqlar? Onların yaşamaq haqqına sahib çıxmamaq hansı vicdana, əxlaqa sığar? Belə bir sadəlövh fərziyyə yürütsək ki, durumdan ən mötəbər ünvanın xəbəri yoxdur, onda kim ötürəcək fəlakət siqnalını?

Nə yazıqlar ki, hətta bu həyati məsələdə belə ziyalı mövqeyindən söhbət gedə bilməz. Çünki Azərbaycan “ziyalısını” bu gün yalınız oğlunun, qızının, gəlininin, kürəkəninin və sairəsinin karyerası düşündürür. Onların parlaq gələcəyi naminə qaranlıq hakimiyyətin məddahlığını canfəşanlıqla icra edən “oxumuş” zümrənin həqiqəti görən gözü kor, eşidən qulağı kar və danışan dili laldır. Evinin divarından o tərəfdə baş verən insanlıq dramlarına biganə xalq yazıçısı, cürbəcür titullar daşıyan ictimai xadim “xalxın uşaqlarından” ötrü nəinki icazəsiz ağız açar, heç kökündən bu barədə düşünməz də. Çünki və həm də o dramların yaşandığı neçə-neçə ünvanlara sistemin bir parçasına çevirdikləri öz övladları rəhbərlik edirlər.

Son aylarda məhz uşaqlarla bağlı ailəcə “məskunlaşdığımız” xəstəxana ərazilərində o qədər tükürpədən şeylər gördüm ki, Azərbaycan səhiyyəsinə möhtac zərif mələklərdən utanıb yerin dibinə girmək istədim. Nə fərqi var ki, o xəcalətin müəllifi xəstəxananın rəhbəri yuxarının qılığına girmiş “ziyalı” təbəqədəndir, yoxsa hansısa məmurun yaxını. Hər iki halda ağrı-acını məsum uşaqlar çəkir. Ki, onlara normal bir ölkə qurmuş olsaydıq, bu gün bu əzablı taleyi yaşamazdılar.

Bizi bağışlamayın, uşaqlar...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nu165u

Ən çox baxılan