Baş Prokurorluq: Füzulidə minaya düşən üç sakindən birinin meyiti tapılıb

Füzuli rayonunun daha 3 sakini minaya düşüb.

Foto: Azərtac


Onların itkin düşdüyü bildirilirdi

Füzuli rayonunun daha 3 sakini minaya düşüb.

Bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda bildirilir ki, fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edib.

Bildirib ki, qardaşı Mehman Quliyev, rayon sakinləri İlqar Əhmədov və Müstəqim Ələsgərov itkin düşüb: “Xahiş edib ki, onların harada olması araşdırılsın. Aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub”.

Prokurorluq bildirir ki, faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib: “Hazırda digər şəxslərin yerinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir”.

Bu, azad edilmiş ərazilərdə mülki şəxslərin minaya düşməsi ilə bağlı ilk hadisə deyil.

Daha öncə, 2020-ci il fevralın 28-də Füzulinin Aşağı Seyidəhmədli kəndində 5 nəfər mülki şəxs minaya düşmüşdü.

Olduqları avtomobilin tank əleyhinə minaya düşdüyü ehtimal edilən Şakir Hacıyev, Firudin Hacıyev, Zülfüqar Hüseynov və Zibeydə Adilzadə həlak olmuşdu.

Ana səhifəSiyasətBaş Prokurorluq: Füzulidə minaya düşən üç sakindən birinin meyiti tapılıb