Zaur Qurbanlı

Mənbə: Foto: Meydan TV

Başlıq: Zaur Qurbanlı

Azərbaycan yoxdur, onu qurmaq lazımdır

Mən indiki “parlament” adlandırılan qurumun Cümhuriyyət adına yazılmasına utanaram

Bildiyimiz kimi, Azərbaycanda seçki praktikası yoxdur. Bir dəfə qorxa-qorxa azad adlandırdığımız seçki olub 1992-də, onu da hələ də qınayırıq. Ümumiyyətlə, bir seçki ilə camaatda bunun praktikasını formalaşdırmaq mümkün deyil. Həm də söhbət tək seçkidə deyil. Azərbaydanda sözün modern anlamında dövlət yoxdur. Modern anlam odur ki, hazırda dünyada aparıcı sistem kimi qəbul edilən model ictimai müqavilə nəzəriyyəsi əsasında formalaşmış dövlətdir. Düzdür, bu, modernizm dövründən əvvəl irəli sürülmüş nəzəriyyədir, amma əsasən modernizmin hakim olmağa başlaması ilə Qərb ölkələrində tətbiq olunmağa başladı.

İctimai müqavilə nəzəriyyəsinə görə insanlar cəmiyyət halında yaşayanda individual olaraq, həyata keçirmələri mümkün olmayan hüquqlarını vəzifə kimi dövlətə verirlər, dövlət də bu hüquqların insanların marağına uyğun şəkildə realizəsini öz üzərinə öhdəlik kimi götürür. Bunun yerinə yetirilməsi üçün dövlətin demokratik olması zəruridir (baxmayaraq ki, nəzəriyyənin ilkinində belə hesab olunmurdu, tarix bizə başqa şey göstərdi). Demokratik olmayan yolla formalaşmış dövlətlər öz vətəndaşlarının hüquqlarını pozmağa, bu dövləti idarə edənlər hakimiyyətdən öz şəxsi hakimiyyət ehtiraslarını və maddi maraqlarını təmin etmək üçün vasitə kimi istifadə etməyə meylli olurlar.

Bizdə bu anlamda dövlət yoxdur. Nə ictimai müqavilə var, nə də ona uyan hakimiyyət və xalq. Tarixən də belə gəlib. 23 aylıq cümhuriyyət dövrünün təsirini, etiraf edək ki, çox şişirdirik. Cümhuriyyətin qalıcı, uzunmüddətli müsbət, demokratik təsirləri haqqında davamlı təbliğat aparan insanlar (o cümlədən mən) olaraq, bir şeyi nəzərdə qaçırırıq ki, bu demokratik xüsusiyyət, insan hüquq və azadlıqlarının qalıqlarının qalması əslində elə insan təbiətinin zəruri tələbləridir. Pasterin etiraz repi cümhuriyyətin qalığı-zad deyil, adamın içindən gələn vicdandır, etirazdır. Eləcə də bir çox başqa şey. Siyasi rejimin, yəni bizim cümhuriyyət dövrü adlandırdığımız qismən demokratik, liberal hesab etdiyimiz idarəetmə üsulunun mirası insanların individual xüsusiyyətləri yox, institutlardır və ya olmalıdır. Cümhuriyyətdən hansı institut qalıb? Parlament deyə bilərsiniz. Amma mən indiki “parlament” adlandırılan qurumun Cümhuriyyət adına yazılmasına utanaram. Bəs heç vaxt cümhuriyyəti olmamış xalqların birdən-birə parlament yaratmaları nəyin qalığıdır? “Filankəslər bizi Türkmənistan olmağa qoymadılar” – bəs Türkmənistandakı parlament bizdəki parlamentdən nədə əskikdir? Yaxud bizimki nədə artıqdır? Tapa bilən varsa, xəbər eləsin.

Acı bir etiraf edim – Cümhuriyyətdən bizə sadəcə hekayə qalıb, başqa heç nə. Bayraq-zad – bunlar institutlarla müqayisədə ciddi şeylər deyil, uşaq oyuncağıdır. Elçibəy dövründən nə qalıb bəs? Heç parlamenti də buraxmadılar. Çox deyilib ki, Elçibəyi yıxan elə onun dəyişmədiyi orta təbəqə məmurlar oldu. Heç bir institutlaşma həyata keçirilmədi. Bunu qınaq kimi demirəm. Bəli, vaxt az idi, macal tapmadı. Amma nəticə odur ki, bizə institut olaraq, demək olar ki, heç nə miras qoymadı (“demək olar ki” ifadəsini ona görə işlətdim ki, TQDK misal çəkilə bilər. Özünüz də bilirsiniz ki, nadir nüsxədir).

Ümumiyyətlə, nəyin miras olaraq, qaldığını görmək istəyirsinizsə, baxın, görün, xalq nəyə inanır. Rüşvətə, tapşırığa (o cümlədən, nepotizmə), pulla hər şeyi almağın mümkünlüyünə, piramidal formada korrupsiya mexanizminə və s. Bunlar bizə miras qalan institulardır. Bəli, sovet bürokratiyası və korrupsiyası Cümhuriyyəti darmadağın edib. Edə bilib. Bunu etiraf etmək lazımdır, bu qədər göylə uçmaq lazım deyil. İnanın ki, kitab oxumaq əvəzinə sosial şəbəkədə ruhunu oxşayan ifadələr axtaran romantik gənclikdən başqa heç kimə lazım deyil bu “uçan ifadələr”. Cümhuriyyət süqut etdi. Onun daşıdığı və ya təsisçilərinin daşımağa iddialı olduğu dəyərlər Azərbaycanda uzun müddət tətbiq olunmadı, indi də olunmur. Əlbəttə, tətbiq olunmalıdır. Sadəcə başa düşmək lazımdır ki, bunun tətbiqini zəruri edən bizim nə vaxtsa Cümhuriyyət olmağımız deyil. Bu dəyərlərin tətbiqi Zimbabvedə də zəruridir, Şərqi Timorda da, Kiribatidə də, Surinamda da və s. Çünki bunlar ən insani, humanist dəyərlərdir.

Bilirsiniz, özümüzü “bizə qoyulan bu dəyərlərə sahib çıxa bilmədik” düşüncəsi ilə aşağılamağa davam etdikcə, heç nə edə bilən deyilik. Özümüzü “bizim Cümhuriyyətimiz olub, türkmənlərin olmayıb” deyərək, dağ başına qoymaqla da bir şey edə bilməyəcəyik. Başa düşməliyik ki, Cümhuriyyətin qoyduğu institut yoxdur, qalmayıb heç biri. Elçibəyin qoyduğu institut yoxdur, qalmayıb. Sıfırdayıq. Azərbaycanı qurmalıyıq, bərpa etməli yox. Heç nəyi bərpa etmək lazım deyil, çünki bizim indiyə qədər heç nəyimiz olmayıb. Rahat olun, bu, ayıb deyil. Silin əvvəli və yenidən başlayın.

Qətiyyən elə anlaşılmasın ki, mən xalqın demokratiyaya, azad seçkiyə hazır olmadığını deyirəm. Əksinə - xalq məhz insan olduğuna görə demokratiyaya, liberalizmə, hüququn aliliyinə, insan hüquq və azadlıqlarının təmininə layiq və hazırdır. Bunlara layiq və hazır olmaq üçün tarixində cümhuriyyətin olmasına ehtiyac yoxdur. Bütün insanlara aiddir bu dəyərlər. İnsan hüquqlarının əsas xüsusiyyətlərindən biri onun universallığıdır. Kimsə Rəsulzadə və komandasının Gürcüstan və Ermənistan Zaqafqaziya ittifaqından çıxdığına görə məcbur qalıb Cümhuriyyəti elan etdiklərini deyəndə, Azərbaycanın sovetin dağılmasına görə məcbur qalıb, müstəqil olmasını deyəndə qətiyyən o fikrə düşməyin ki, “bıy, sən demə biz demokratiyaya layiq deyilmişik, azad seçki bizlik deyilmiş”. Xeyr, biz bu dəyərlərə insan olduğumuza görə layiqik, Cümhuriyyətimiz-zadımız olduğuna görə yox.

Üçüncü yol yoxdur. Qərbin çəkdiyi avtobanla sürətlə getməliyik – Cümhuriyyətə, Elçibəyə uyğun olsa da, olmasa da, mentalitetə, dinə uyğun olsa da, olmasa da.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/igo3ea

Ən çox baxılan