AXCP üzvü Səid Bakuvi ev dustaqlığına buraxılıb

Lakin o, ittihamı qəbul etmir.

Source: Facebook


Məhkəmə vəkilin vəsatətini təmin edib

AXCP üzvü Səid Məmmədzadə (Bakuvi) ev dustaqlığına buraxılıb. İyulun 20-də Xətai Rayon Məhkəməsində onun vəkillərinin bu barədə vəsatəti təmin edilib. Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib:

“Vəkillər onun ev dustaqlığına buraxılması üçün məhkəməyə təqdim etdiyi vəsatətdə ölkədə COVİD-19 infeksiyasının yayılmasını, himayəsində azyaşlı övladının olmasını göstərmişdilər. Hakim Lalə Rəhimli vəsatəti təmin edib. Səid Məmmədzadə haqqında həbs-qətimkan tədbirinin müddəti avqustun 15-nə qədər seçilmişdi. Bu qərardan sonra isə o, ev dustaqlığında olacaq. Bu müddətdə istintaq gedəcək”.

S.Məmmədzadə mayın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (bıçaq və ya bıçaq qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, S.Məmmədzadə işlətdiyi avtoyuma məntəqəsində bir nəfərə bıçaqla xəsarət yetirib.

Lakin o, ittihamı qəbul etmir.

“Avtoyuma məntəqəsindəki hadisənin şahidləri var, onlar bildirirlər ki, həmin şəxs Səid Məmmədzadəni nə qədər təxribata çəkmək istəsə də, alınmayıb. AXCP-yə qarşı baş verənlər göstərir ki, kimisə həbs eləmək üçün bu hakimiyyətə və ona tabe olan hüquq-mühafizə orqanlarına fakt lazım deyil. Sadəcə, şərləyib həbs edirlər”, – deyə partiyanın mətbuat xidmətindən bildirilib.

AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli bildirib ki, avtoyuma məntəqəsində sözügedən insidentin şahidi olub: “Üç gün öncə Səid bəyin işlədiyi yerə bir nəfər yollayıb təxribata çəkmişdilər. Təsadüfən mən də maşını yudurtmaq üçün ora getmişdim. Orada gözümün önündə həmin şəxs Səid bəyi ağır təhqirlərlə nə qədər təxribata çəksə də, o, təmkinli davranıb ona heç bir şey eləmədi. Səid bəy saxlanılan kimi ehtimal etdim ki, ona qarşı hansısa iş düzüb qoşurlar. Hadisə yerində məndən başqa da kifayət qədər şahid olub”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə S.Məmmədzadənin siyasi motivlərlə həbs olunması barədə deyilənləri təkzib edib. O vurğulayıb ki, S.Məmmədzadə bundan əvvəl də məhkum edilib.

Hazırda AXCP-nin 10-dan artıq üzvü həbsdədir.

Ana səhifəSiyasətAXCP üzvü Səid Bakuvi ev dustaqlığına buraxılıb