Aqil Hümbətov

Mənbə: Meydan TV

Başlıq: Aqil Hümbətov

AXCP üzvü psixiatriya xəstəxanasından buraxılıb

“Özləri də yaxşı bilirdilər ki, mənim heç bir psixi problemim yoxdur"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, sosial şəbəkələrdə əhalinin sosial-iqtisadi durumuna görə, hökuməti, şəxsən Prezidenti tənqid etdikdən az sonra psixiatriya xəstəxanasına salınan Aqil Hümbətov oradan buraxılıb. Bu barədə Meydan TV-yə AXCP-dən verilən məlumatda bildirilir ki, aprelin 2-dən Maştağadakı Respublika Psixiatriya Xəstəxanasında saxlanan A.Hümbətov iyulun 1-də günorta saatlarında oradan çıxıb.

A.Hümbətov özü də Meydan TV-yə bildirib ki, iyulun 1-də gətirib ona xəstəxanadan buraxılması haqda sənədi təqdim edib, sərbəst olduğunu deyiblər.

A.Hümbətov əlavə edib ki, üç ay psixiatriya xəstəxanasında saxlanması sosial şəbəkələrdəki tənqidlərinə görə verilən cəza idi: "Özləri də yaxşı bilirdilər ki, mənim heç bir psixi problemim yoxdur".

Küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran, sosial şəbəkələrdə hökuməti tənqid edib, uşaqpulu tələb edən A.Hümbətov martın 29-da belə çıxışlarından bir gün sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra onu bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada saxlandığı müddətdə xəstəxananın baş həkimi Ağahəsən Rəsulov onun məcburi müalicəyə cəlb olunmasına icazə almaq üçün Sabunçu rayon Məhkəməsinə ərizə verib. Lakin hakim Samir Talıbov aprelin 1-də baş həkimin ərizəsinə baxaraq, onu təmin etməyib. Həmin gün də o, evə buraxılıb. Aprelin 1-də yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri açıqlayan A.Hümbətov ertəsi gün günorta yenidən zorla xəstəxanaya aparılıb.

Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun şikayətini təmin edib və dərhal da A.Hümbətov xəstəxanaya salınıb. O vaxtdan da oradan buraxılmayıb.

İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətovun xanımı bildirib ki, şikayətçi kimi adı keçən üç nəfərdən onların yaşadığı Zirə qəsəbəsində adamları şərləmək məqsədilə tez-tez istifadə olunur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w9simb

Ən çox baxılan