AXCP üzvləri

Mənbə: Meydan TV

Başlıq: AXCP üzvləri

AXCP üzvü: Həbsdən buraxılmağımız siyasi qərardır

Məqalə yeniləndi:  17 Noyabr 2020

Ev dustaqlığına buraxılanlar bu gün həbsdən çıxıblar

“Qarabağa azadlıq!” şüarıyla iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən yürüşdən sonra həbs olunan 36 nəfərdən 21-i noyabrın 17-də ev dustaqlığına buraxılıb. Bu məsələyə prokurorluğun vəsatəti əsasında noyabrın 16-da Səbail Rayon Məhkəməsində baxılsa da, qərar bir gün sonra günorta saatlarında Bakı İstintaq Təcridxanasına göndərilib. Saat 16.30 radələrində həmin şəxslər həbsdən buraxılıb. Onların arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov da daxil olmaqla, 12 nəfər cəbhəçi də var.

Yürüşlə bağlı cinayət işi üzrə məsuliyyətə həbs olunmuş digər şəxslərin də ev dustaqlığına buraxılması gözlənilir. Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən prokurorlar T.Qəhrəmanov və S.Salmanov noyabrın 17-də həbsdə qalan digər şəxslərlə bağlı da məhkəməyə vəsatət verib. Onların bəzilərinin ilk dəfə cinayət törətməkdə ittiham olunması, bəzilərinin də himayəsində azyaşlı uşaqlarının olması qeyd olunub. Həmçinin ittiham olunduqları əməllərin az ağır cinayətlər kateqoriyasına aid edildiyi vurğulanaraq, ev dustaqlığına buraxılmaları məqsədəuyğun hesab edilib.

Vəsatətə Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxacaq. Noyabrın 17-də ev dustaqlığına buraxılan 21 nəfərlə bağlı məsələyə də bir gün öncə o, baxıb qərar vermişdi.

Ev dustaqlığına buraxılanlarlan AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli Meydan TV-yə bildirib ki, siyasi fəaliyyətlərinə görə şərlənib həbs olunmuşdular: “Buraxılmağımız da siyasi qərardır. Yəqin ki, son olaylarla əlaqədardır. Qismən də olsa, azadlıqdayıq. Mübarizəyə qaldığı yerdən davam edəcəyik”.

AXCP funksionerlərindən Qarabağ əlili Asif Yusifli də günahsız olduqlarını, saxta ittihamla şərlənib həbs edildiklərini vurğulayıb. O bildirib ki, ev dustaqlığına buraxılmaları hökumətin öz səhvini qismən düzəltməsidir. A.Yusifli ümid edir ki, barələrindəki cinayət işinə də xitam veriləcək.

AXCP Rəyasət Heyətinin digər üzvü Məmməd İbrahim də həbsdən buraxılsalar belə, hələ tam haqqını almadığını düşünür: “Azadlıq bizim haqqımızdır. Dörd ay haqsız yerə həbsdə qaldıq. Buraxılsaq da, tam haqqımızı ala bilməmişik. Bəraət alanda haqqımıza qovuşacağıq. Məyusedici haldır ki, bu iş üzrə bir neçə nəfər həbsdə qalıb. Ona görə tam sevinə bilmirik. Dedilər ki, onların da işinə baxılacaq...”

Yürüşlə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunanlar arasında cəbhəçilərlə yanaşı, “Müsəlman Birliyi” Hərəkatının, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvləri, Naxçıvan MR Daxili İşlər Nazirliyinin keçmiş müavini Səyavuş Mustafayev də var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  17 Noyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pg0e0c

Ən çox baxılan