Zamin Salayev

Mənbə: Foto: Meydan TV

Başlıq: Zamin Salayev

AXCP fəalı öz məhkəməsinə gətirilməyib

Polisin videosunu yayan Zamin Salayevin apelyasiya şikayətinə baxılıb

Salyan rayonunda qadına təcavüzdə ittiham olunan polis əməkdaşı haqda videonu yaydığına görə 2 il 3 ay azadlıqdan məhrum edilən AXCP üzvü Zamin Salayev yenidən məhkəmə qarşısına çıxarılıb. Şirvan Apelyasiya Məhkəməsində onun haqqında hökmdən verilən şikayətə baxılır.

Mayın 31-də bu məhkəmədə Z.Salayevin işi üzrə ilkin baxış iclası keçirilib. Məhkəməyə nə Z.Salayevin qohumları, nə üzvü olduğu partiyanın təmsilçiləri, nə də jurnalistlər buraxılıb. Məlum olub ki, heç Z.Salayevin özünü də məhkəməyə gətirməyiblər.

Məhkəmədə Z.Salayevin vəkili Elçin Sadıqov vəsatət qaldıraraq, bir sıra şahidlərin dindirilməsini istəyib. Vəkil bildirib ki, o adamların dindirilməsi işin ədalətli araşdırılması baxımından çox vacibdir, Z.Salayevin haqlı olduğunu təsdiqləyə bilər. Amma məhkəmə bu vəsatəti təmin etməyib.

Apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasına qərar verilib. Məhkəmə baxışı isə iyunun 17-nə təyin edilib.

Z.Salayev aprelin 20-də Salyan Rayon Məhkəməsinin hökmüylə həbs olunub. Hökmə əsasən, Z.Salayev Salyan Rayon Polis Şöbəsinin baş təhqiqatçısı Həmzə Əzizova böhtan atmaqda, onu təhqir etməkdə təqsirli bilinərək, 2 il 3 ay azadlıqdan məhrum edilib.

Z.Salayevin həbsinə səbəb isə bu ilin yanvarında sosial şəbəkələrdə yaydığı video olub. Həmin videoda AXCP fəalı Həmzə Əzizovla mübahisə edərək, onun rayondakı qadınlardan birinə təcavüz etdiyini, həmin qadının bədbəxtliyinə səbəb olduğunu bildirir. Sözügedən qadın elə bu polis əməkdaşına bıçaqla xəsarət yetirməyə görə hazırda həbsdədir.

Z.Salayev o videonu yayandan bir neçə gün sonra – yanvarın 24-də həbs olunmuş, ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka həbs cəzası verilmişdi. Z.Salayev bu həbs zamanı Səbail rayonu, 8-ci polis bölməsində işgəncələrə məruz qaldığını bildirmiş, ailəsinə məktubunda başına gələnlərin təfərrüatlarını açıqlamışdı. Onun sözlərinə görə, polis bölməsində işgəncələrdən sonra onun belindəki yırtıq (qrıja) partlayıb, polislər məcbur qalıb xəstəxanaya apardılar.

Z.Salayev həbsdən buraxıldıqdan sonra həmin problemlə əlaqədar əməliyyat olunub.

Z.Salayev həbsdən buraxılandan sonra H.Əzizov ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. O, AXCP fəalının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Z.Salayev isə ittihamı qəbul etməyib, yalan yaymadığını, kimsəyə böhtan atmadığını vurğulayıb.

Z.Salayev bundan öncə də bir neçə dəfə inzibati qaydada həbsdə olub. Bu həbslərdən biri də onun bloqer Mehman Hüseynov üçün azadlıq tələbilə keçirdiyi aksiyadan sonraya təsadüf edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/80qyxf

Ən çox baxılan