“Avtobusun içində bizə yumruqla, təpiklə zərbələr vurdular”

AXCP sədrinin müşaviri Məmməd İbrahim 19 oktyabrda keçirilən aksiyada Çevik Polis Alayının əməkdaşlarının onu döydüyünü deyir.

“Nəsimi Polis İdarəsidən 300 metr aralanmışdıq, bir də gördük Çevik Polis Alayının avtobusu dayandı. Nə şüar səsləndirikdik, nə bir şey. Bizi tutanda çox da pis rəftar eləmədilər, elə ki, bizi avtobusa atdılar, itələdilər ağzı üstdə yıxıldıq. Avtobusun içində bizə yumruqla, təpiklə zərbələr vurdular”.

O deyir ki, indiyə qədər iştirak etdiyi aksiyaların sayını itirib, amma ilk dəfədir bu cür ağır zərbələr alıb. Məmməd İbrahim bildirir ki, aksiya günü günorta həbs olunub, gecə 11-də azad edilib. Azad ediləndən yarım saat sonra yenidən tutulub.

Aksiyada iştirak edən digər cəbhəçi Cavid Həsənov da polisin onu döydüyünü deyir. Əvvəlcə onu aksiyada tutub Qaradağ rayonunun səssiz-səmirsiz bir yerində düşürüblər. O, gecə qayıdıb tutulan AXCP sədrindən xəbər almaq üçün Nəsimi Polis İdarəsinə gələndə saxlanılıb, döyüldüyünü deyir.

Hadisədən sonra Məmməd İbrahim 1 nömrəli Kliniki Tibbi Mərkəzə müraciət edib.

Daxili İşlər Nazirliyi yaydığı açıqlamada bildirir ki, 19 oktyabrda müxalifət təmsilçiləri paytaxtın mərkəzində ictimai qaydanı pozublar. Bu zaman polis əməkdaşları qanun çərçivəsində hərəkət ediblər. Nazirlik əlavə edir ki, hadisələri çəkən şəxslər polisin fəaliyyətini Avropa dövlətlərində baş verən hadisələrlə montaj edərək sosial şəbəkələrdə paylaşıblar.

Baş Prokurorluğun məlumatında yazılır ki, aksiya zamanı inzibati xəta törədən 60 şəxs barəsində müvafiq tədbirlər görülüb. Prokurorluq polis əməkdaşlarının aksiya iştirakçılarına güc tətbiq etməsi barədə məlumatları təkzib edir.

Məmməd İbrahim ona qarşı güc tətbiq edən polis əməkdaşları ilə bağlı Baş Prokururluğa şikayət göndərib. O, şikayəti düzgün araşdırılmasa, Avropa Məhkəməsinə üz tutacağını bildirir. Cavid Həsənov da aldığı xəsarətlərlə bağlı şikayətçi olacaq.

Ana səhifəVideo“Avtobusun içində bizə yumruqla, təpiklə zərbələr vurdular”