Ayxan və nənəsi Müşkünaz Məmmədova

Mənbə: Foto: Meydan TV

Başlıq: Ayxan və nənəsi Müşkünaz Məmmədova

“Atası xəstəliyini bilən kimi uşaqdan imtina etdi”

Gəncə sakini: “Həkim dedi ki, bunun müalicəsi var, amma gücümüz çatmır”

Gəncədə, Kəpəz rayonunun Məhsəti qəsəbəsində Ayxan Quliyevin yaşadığı evi çox çətinliklə tapırıq. Serebral iflicdən əziyyət çəkən 10 yaşlı uşaq anası, nənəsi və babası ilə toz-torpağın içində itib-batan küçələrin birində yaşayır.

“Atası dedi ki, neynirsən onu, apar ver uşaq evinə”

Ayxanın anası Mətanət Məmmədova deyir ki, oğlunun xəstəliyi doğulandan bir müddət sonra üzə çıxıb. Uşaq yeriməyəndə hər şeyi anlayıblar. Elə o ərəfələrdə Ayxanın valideynləri ayrılmaq qərarı veribmiş. Mətanət Məmmədovanın dediyinə görə, ata xəstəliyi bilən kimi uşaqdan imtina edib:

“Mənə dedi ki, neynirsən onu, apar ver uşaq evinə. Bu illər ərzində bir dəfə də yanına gəlməyib. Heç aliment də vermirdi, təzə almağa başlamışıq”.

Ailə Ayxanın müalicəsi üçün çox çalışıb. Dəfələrlə Bakı Uşaq Bərpa Mərkəzinə, Mingəçevirə aparıblar, Gəncədə dərdinə çarə tapmağa çalışıblar. Nənə Müşkünaz Məmmədova deyir ki, maddi imkanları pis olduğundan, vaxtında ciddi müalicə kursu keçilməyib, amma indi də gec deyil. Bizə diqqətlə qulaq asan Ayxanın babası Əbülfəz Məmmədov dillənir: “Mingəçevirdə həkim dedi ki, bunun Bakıda müalicəsi var, yüz faiz gəzə bilər. Sadəcə, gücümüz çatmır”.

Ailə müalicə üçün bank hesabı açıb, pul toplanacağına ümid edirlər. Təxminən 10 min manat lazımdır. İndi ailə heç bir addım ata bilmir. Müşkünaz Məmmədova deyir ki, Ayxana 150 manat müavinət verilir, həmin pulu da tamamilə uşağın müalicəsinə xərcləyirlər. Hələlik imkan bir neçə dərman almağa çatır.

“Elə gün olub ki, 2 manata işləmişəm”

Ayxanın yaxınları çətin şərtlər altında yaşayır, amma bunu dilə gətirməməyə çalışırlar. Bu haqda xeyli sual verməli oluruq. Uşağın babası deyir ki, buralarda iş tapmaq mümkün deyil. Əbülfəz Məmmədov daha çox günəmuzd fəhlə işi tapmağa çalışır. Amma hər gün iş olmur. Bəzən bir gün iş tapandan sonra xeyli gözləmək lazım gəlir. Gün ərzində ağır iş müqabilində 5-10 manat qazanır: “Elə gün olub ki, 2 manata işləmişəm”.

Ayxan Quliyevin yaşadığı ev

Ayxan Quliyevin yaşadığı ev

Mənbə: Meydan TV

Uşağın babası səhhətindəki problemlərə görə ona da əlillik dərəcəsi düşdüyünü, amma heç cür pensiya ala bilmədiyini deyir. Ümumiyyətlə, evə onun hərdən qazandığı 5-10 manatdan, bir də nəvəsinin müavinətindən başqa pul gəlmir. Mətanət Məmmədova deyir ki, sosial yardım üçün müraciət ediblər, amma Ayxana verilən pula görə rədd cavabı alıblar. Bu məqamda atası əlavə edir ki, Gəncədə tanıdığı xeyli pullu adama sosial yardım verilir.

Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Şöbəsindən isə Meydan TV-yə bildirilib ki, sosial müavinətlər üçün elektron şəkildə müraciət olunur və məlumatlara baxaraq qərar verilir.

Müşkünaz Məmmədova şəhərdə bir neçə gəncin pul toplayaraq imkansız ailələrə yardımından danışır, onlara xeyli dua edir: “150 manat biri vermişdi, 100 manat başqası”.

Mətanət Məmmədova Heydər Əliyev Fondunun rəhbəri, vitse-prezident Mehriban Əliyevaya məktub yazmalarını yada salır. Cavab gəlməyib. Düşünürlər ki, məktub heç vitse-prezidentə çatmayıb.

“Görəsən Zaurun, Xoşqədəmin verilişinə çıxmaq olar?”, - bu yerdə Əbülfəz Məmmədov soruşur.

Əbülfəz Məmmədov

Əbülfəz Məmmədov

Mənbə: Foto: Meydan TV

“Neçə dəfə yıxılmışam”

Ayxan nə gəzə bilir, nə də danışır. Günü oturmaqla, uzanmaqla keçir. Böyüdükcə çəkisi də artır. Nənəsi deyir ki, daha uşağa gücü çatmır:

“Neçə dəfə saxlaya bilməyib yıxılmışam”.

Ayxan heç vaxt məktəbə getməyib. Babası gileylənir ki, gəlib evdə dərs keçməlidilər, amma uşağın xəstəliyini bəhanə edirlər.

Müşkünaz xanım danışır ki, nəvəsini evdə hamının gəzməsi, amma onun bunu bacarmaması hirsləndirir. Ayxan bizimlə danışmaq istəyir. Nəsə deməyə çalışır, amma anlaşılmır. Nənəsi aydınlaşdırır ki, hirslənməyi haqqında danışılanlar xoşuna gəlmir.

Evdə söhbət etdiyimiz adamların fotolarını çəkirik. Xahiş edirlər ki, yazıda uşağın anasının şəkli olmasın, ailəsi dağılan qadınların internetdə fotolarının yayılması qəsəbədə yaxşı qarşılanmır. Razılaşırıq. Ayxan yenə nəsə deməyə çalışır. Gülümsünür. Bizimlə söhbət xoşuna gəlib. Nənəsi deyir ki, Ayxanın təbəssümü onu xoşbəxt edir, bircə sağalsaydı...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hrcg0h

Ən çox baxılan